Fizioterapiyada gicgah çənə artrozunun müalicəsi - FİZİOTERAPEVT AÇIQLADI
“Gicgah çənə artrozu hal-hazırda çox yayılmış bir xəstəlikdir. Səbəbi oynağa düşən yükün qeyri-sabit olması (məsələn daim bir tərəfdə çeynəmə, ağızda dişlərin olmaması ) travmalar və s. ola bilər. Gicgah çənə oynağı artrozu, həmin oynaqda qığırdağın distrofiyası ilə müşahidə olunur. Qığırdağın elastikliyinin itməsi, oynaq başı qığırdaq səthində çatlar əmələ gəlməsi və zamanla prosesin artaraq sümük strukturuna keçməsi ilə müşahidə olunur. Bundan başqa zədələnmiş sümük sistemi ətrafında yumuşaq toxuma, damarlar və sinirlər də prosesə qoşularaq, xəstəliyi proqressivləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.
Onun sözlərinə görə, xəstəlik ilk növbədə çeynəmə və danışma zamanı nəzərə çarpmayan xırçıltı ilə başlayır: “Səhərlər hərəkətin çətinləşməsi (danışanda çənənin ağrıması, çeynəmə aktının zəifləməsi) və s. kimi əlamətlərlə özünü göstərir. Bərk və çiy qidaların çeynənməsində çətinlik, soyuqdəymə və s. xəstəlik inkişaf edir. Daha sonra çənə ətrafı əzələlərdə ağrı, iltihabi prosesin yaranması ilə artroz kəskinləşir. Oynaqda osteofitlərin və nekrozlaşmış qığırdağın olması vəziyyəti daha da pisləşdirir. Oynaq kapsulu və sinovial örtük prosesə qoşulduqdan sonra xəstəliyin ağırlaşmış mərhələsi hesab olunur və artıq funksiya pozğunluğu baş verir, xəstə ağzını aça bilmir. Fizioterapevtik müalicə xəstəliyin ilkin mərhələsində daha qənaətbəxş proqnoz verir. Lakin hər bir mərhələdə xəstəyə kömək edir. Fizioterapiya Trofikayaxşılaşdırıcı, Agrıkəsici, iltihabaqarşı və s. metodlarla prosesi dayandırır, proqressivləşmənin qarşısını alır, xəstənin həyat fəaliyyətini yüksəldir. Xəstə ilk əlamətləri hiss etdikdə həkimə müraciət etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə