“Dostluq” Azərbaycan-Türkmənistan dostluğunu möhkəmləndirəcək? - ANALİZ

21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanması tarixi hadisə kimi qiymətləndirilir. Çünki çox uzun müddətdir ki, bu məsələ 2 ölkə arasında həll olunmamış qalırdı və narazılığa səbəb olurdu. Nəticədə, 2 ölkənin su sərhədlərində yerləşən bu yataqdan ədalətli olaraq hər 2 ölkə bəhrələnə biləcək, üstəlik şərq qonşumuzla münasibətlərimiz daha da yaxşılaşacaq.

“Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

Azərbaycanda neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində dönüş mərhələsi kimi dəyərləndirilir.

1970-ci illərə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr yalnız dənizin dərinlikliyi 40 m-ə qədər olan sahələrində işləməyə imkan verirdi.

1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni müasir avadanlıqlar- qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr gətirildi.

1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yaradıldı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.

Dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı.

1975-ci ildə "Bulla-dəniz" yatağının işlənilməsinə başlanıldı.

1979-cu ildə “Günəşli”, 1985-ci ildə "Çıraq", 1988-ci ildə “Azəri”, 1989-cu ildə "Kəpəz" yatağı aşkar edildi. Bu yataqların işlənməsi nəzərdə tutulmuşdu, lakin SSRİ-nin dağılması nəticəsində bu məsələ bir müddət diqqətdən kənarda qaldı. 90-ci illərin əvvəllərində isə xarici neft şirkətləri ilə danışıqlar və 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsi” nəticəsində həmin yataqların istifadəsinə başlanıldı. Bunlar hazırda ən böyük həcmdə neft çıxardığımız yataqlardır.

Azərbaycan həmişə Xəzəri dostluq və əməkdaşlıq dənizinə çevirmək siyasəti yürüdüb

“Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin mineral sərvətlərindən istifadə üçün dünyanın aparcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım olmuş, bu istiqamətdə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açılmışdır.

Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərmişdir və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış etmişdir. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət etmişdir.

Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilmişdir. Bu çərçivədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanmasına nail olunmuşdur.

Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma əldə olunmuşdur ki, bu da öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan vermişdir.

Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanmışdır. Xəzər dənizinin huquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir.

“Dostluq” yatağının qısa tarixi

Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq Xəzərin tam ortasında- 2 ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynamışlar.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlanırılıb.

“Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.

1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb.

Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

Bu məsələ Azərbaycan Prezidentinin Türkmənistana səfərləri (28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il) və Türkmənistan Prezidentinin Azərbaycana səfərləri (19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il) zamanı müzakirə olunub.

Memorandumun imzalanmasının əhəmiyyəti nələrdir?

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi.

Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı.

Yatağın “Dostluq” adlandırılması 2 ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır.

Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Bu layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var.

Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir.

2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələdirilir.

Beləliklə, Memorandumun imzalanması, əlbəttə, tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Buradan əldə olunacaq faydalara nəzər salaq:

- Azərbaycan bu yataqdan böyük həcmdə karbohidrogen ehtiyatları əldə edəcək, neft-qaz istehsalı artacaq;

- Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq;

- Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq;

- Sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradacaq;

- Son nəticədə bu yatağın istismarı ilə Azərbaycan böyük gəlirlər əldə edəcək, nəticədə iqtisadi inkişaf və sosial rifahın artmasına təkan veriləcək.

Göründüyü kimi, “Dostluq” yatağının istismarı ölkəmizə həm iqtisadi, həm siyasi dividentlər verəcək. Bu yataq həm də Xəzər dənizində dostluq və əməkdaşlıq proseslərinin genişləndirilməsi üçün əlavə stimul yaradacaq.

Altay

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə