Azərbaycanın enerji strategiyasının növbəti uğuru - ŞƏRH

Prezident İlham Əliyev: "Abşeron" qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq"

Bu gün respublikamızın enerji asılılığı olmayan və bu sahədə müstəqil siyasət yeridən müstəqil dövlət olduğunu artıq beynəlxalq aləm də təsdiqləyib. Bu, bir faktdır ki, ölkəmizin enerji strategiyasında qazandığı uğurların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş enerji strategiyası bu gün Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə yüksəldir. 1993-cü ilin ikinci yarısından başlayaraq görülən işlər sayəsində respublikanın enerji təhlükəsizliyi sistemi, demək olar ki, yenidən qurulmuşdur. Hazırda respublikamız nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda, digər dövlətlərin də enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir.

Müstəqil Azərbaycanın çağdaş tarixinin ən parlaq səhifələrindən biri Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə işlənərək hazırlanmış yeni neft strategiyasıdır. Xəzər neftinin Avropa bazarlarına nəqlində müstəsna rol oynayan böyük əhəmiyyətli enerji layihələrinin icra prosesinin uğurla həyata keçirilməsi – Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ölkəmizin iqtisadi qüdrətinə böyük təkan vermişdir. Bununla da Azərbaycan iri layihələrin reallaşdırılmasına qadir olduğunu təsdiqləmişdir.
Prezident İlham Əliyev demişdir ki, Azərbaycanın suveren dövlət kimi, müstəqil siyasət aparması xalqımızın milli maraqlarına tam uyğundur. Eyni zamanda, bu siyasətin məntiqi nəticəsi olaraq bir sıra aparıcı Qərb dövlətləri BTC və BTƏ kəmərləri vasitəsilə Xəzər hövzəsinə çıxış imkanı əldə etmiş və neft idxalında alternativ imkanlar qazanmaqla enerji asılılığından azad olmuşlar. Məhz düzgün müəyyənləşdirilmiş enerji strategiyasının nəticəsidir ki, Azərbaycanın Cənubi Qafqazdakı reytinqini yüksəltməklə strateji mövqelərini möhkəmləndirmiş, respublikamızın Avratlantik məkana inteqrasiyası üçün geniş imkanlar açmışdır. Şərqlə Qərbi birləşdirən neft, qaz və nəqliyyat-kommunikasiya layihələrinin icrasında əhəmiyyətli rol oynayan Azərbaycan hazırda qonşu ölkələrin enerji təhlükəsizliyində də mühüm addımlar atır.

"Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır"

Sentyabrın 19-da Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Aəzərbaycan televiziya kanallarına verdiyi müsahibəsində bildirib ki, bu, doğrudan da çox əhəmiyyətli hadisədir: "Çünki bu gün faktiki olaraq "Abşeron" qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır.

Dövlət başçısı "Abşeron" yatağının tarixinin bir qədər fərqli olduğunu vurğulayıb: "Çünki ilk dəfə «Abşeron» qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Mən o günləri yaxşı xatırlayıram və bizim "Abşeron" yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi. Çünki bizim geoloqlarımız, xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz ehtiyatları vardır. Bir də ki, "Abşeron" yatağı üzrə kontrakt "Şahdəniz" qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanmışdır və əslində, bu, onu göstərirdi ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Bunun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyusu boş çıxdı. Xatırlayıram, o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar. Halbuki Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi tanıyan ikinci adam dünyada yoxdur. Ancaq heç bir nəticə əldə olunmadı və xarici şirkət bu yatağı tərk etdi. Yenə də deyirəm, biz tam əmin idik ki, burada çox böyük qaz ehtiyatları vardır. Şadam ki, "Total" şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər imzalandı. Ondan sonra praktiki işlər aparıldı və böyük qaz-kondensat yatağı aşkarlandı. Bu önəmli hadisə - yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim vermişdir. Beləliklə, bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi. Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat - bu da xam neftə bərabər olan bir məhsuldur. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, «Abşeron»un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq".

"Bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi var"

Dövlət başçısı, onu da bildirib ki, bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi var: "Bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi var. Çünki 100 milyon ton kondensat - bu da Bakı-Tbilisi-Ceyhan ixrac boru xətti ilə dünya bazarlarına çıxarılacaq. Beləliklə, "Azəri-Çıraq-Günəşli"də mövcud olan və davam edən təbii hasilat tənəzzülünü "Abşeron" yatağı bir qədər kompensasiya edəcək. Ona görə bu, növbəti böyük hadisədir. Bütün bu qurğular Azərbaycanda istehsal olunub. Mən keçən ay burada olarkən "Qarabağ" dayaq blokunun dənizə göndərilməsini qeyd edirdim. Artıq bu blok burada bizim qarşımızdadır, dənizdədir və bu gün növbəti dayaq bloklarının dənizə göndərilməsi, əlbəttə ki, çox əhəmiyyətli hadisədir. Əminəm ki, qrafik üzrə iki ildən sonra "Abşeron" yatağından ilk qaz və kondensat çıxarılacaqdır".

"Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir"

Prezident İlham Əliyev neftçiləri qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edərək onlara uğurlar arzuladı və həyatının 9 ilinin Azərbaycan Dövlət Neft Şirkətində keçdiyinə ibdir: "Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli peşədir, eyni zamanda, riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır. Eyni zamanda, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə olunan gəlirlərin yerini tuta bilməyəcək. Eyni zamanda, bizim yeni layihələrimiz – bu gün "Abşeron", bir ay əvvəl "Qarabağ", digər layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək. Ona görə ölkəmizin uğurlu gələcəyi neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır. Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər bu gün mənə kömək göstərir. Mən şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edirdim və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayırdım. Çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm. Əfsanəvi Neftçi Qurban - Qurban Abbasov, bax bu nəhəng kran gəmisi onun adını daşıyır. Onunla birlikdə işləmişəm. O, çox prinsipial mövqeyi olan, çox bilikli, peşəkar və cəsarətli adam idi. Belə adamla, sadəcə, təmasda olmaq, bir yerdə işləmək böyük təcrübədir. Biz müntəzəm olaraq Dövlət Neft Şirkətinin şurasında görüşürdük, məsələləri müzakirə edirdik. Mən söz düşmüşkən deyə bilərəm və hesab edirəm ki, Neftçi Qurban dünyada birnömrəli neftçi sayılmalıdır".

Dövlət başçısı, həmçinin Xoşbəxt Yusifzadə ilə, əfsanəvi neftçi-geoloqla birlikdə işlədiyini dedi: "Eyni zamanda, Xoşbəxt Yusifzadə ilə, bizim əfsanəvi neftçi-geoloqla birlikdə işləmişik. Dövlət Neft Şirkətinin köhnə binasında bizim iş otaqlarımız da yanbayan idi, ikimizin bir qəbul otağımız var idi. Ona görə hər gün görüşürdük və bu gün də görüşürük. Şadam ki, Xoşbəxt müəllim bugünkü mərasimdə iştirak edir və bizimlə birlikdə düyməni basıb. Çünki "Abşeron" yatağının işlənməsində onun çox böyük rolu var. Bu gün neftçilər də görürlər ki, onların əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu, onlar üçün də çox önəmlidir. Çünki onlar bilirlər ki, bu gün və bundan sonra ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir. Belə olan halda, bu, onları daha da ruhlandırır. Bir daha demək istəyirəm, mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib və neftçilərin həmkarı kimi onları ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram".

"Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi"

Bu da reallıqdır ki, Azərbaycan qədim neft diyarıdır. Ölkəmizdə uzun illər - həm çar Rusiyası dövründə, həm Sovetlər dövründə, həm də indiki müstəqillik dövründə neft hasil olunub. Azərbaycan Prezidenti Azərbaycanda XIX əsrin ortalarında ilk dəfə sənaye üsulu ilə neft hasil edildiyini, XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil olunduğunu bildirib: "Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Çünki çar Rusiyası dövründə varlılar varlanırdı, amma kasıblar daha da ağır vəziyyətə düşürdü, insanların əməyi çox ağır idi. Bir daha deyirəm, Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi".

"Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik",- deyən dövlət başçısı onu da dedi ki, o vaxt zəngin neft maqnatları, onlar əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər: "Xüsusilə, Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev. Tağıyev, bildiyiniz kimi, Bakıya Şollar su kəmərini çəkdirmişdir, eyni zamanda, təhsilə böyük əhəmiyyət verirdi. Çünki görürdü ki, Azərbaycan gəncləri təhsildən kənarda qalırlar və beləliklə, gələcəkdə onların inkişafı və yüksək yerlərə çıxması problemli ola bilər. Ona görə hesab edirəm ki, Azərbaycanın neft maqnatları arasında onun xüsusi rolu vardır. Bizim ailəyə də onun köməyi dəymişdir. Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində kasıb ailədə doğulmuşdu və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu. Onu da bildirməliyəm ki, İkinci Dünya müharibəsi zamanında o, Dağıstana birinci katib vəzifəsinə göndərilmişdir və müharibə illərində Dağıstana rəhbərlik etmişdir. O vaxt dağıstanlıları da digər Qafqaz xalqları kimi sürgün etmək üçün planlar var idi. Demək olar ki, bu qərar artıq sovet rəhbərliyi tərəfindən verilmişdi. Məhz Əziz Əliyevin fəaliyyəti, onun çox cəsarətli addımları nəticəsində dağıstanlılar bu bəladan xilas ola bildilər. Bu gün onun xatirəsi Dağıstanda yaşayır, onun şərəfinə abidə ucaldılıb. Yəni, o vaxt bizim bu zəngin neft maqnatlarımız bu işləri görürdülər. Ancaq əlbəttə ki, onlar hər bir insana kömək edə bilməzdilər. Bir də ki, o vaxt Bakının neft maqnatları arasında ermənilər də kifayət qədər çox idi. Onlar da Azərbaycanda qazanılan pulları bir çox hallarda Azərbaycan xalqının maraqlarına zidd işlərə yönəldirdilər. Beləliklə, çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi".

Prezident İlham Əliyev sovet dövründə, o vaxt əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, yenə də ən zəngin ölkələrin birinə çevriləcəyini bildirdi: "Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 1920-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmirdi. O vaxt – xüsusilə müharibə illərində neft mədənlərində işləyən insanlar çox ağır şəraitdə yaşayırdılar, gecə-gündüz çalışırdılar. Bir rəqəmi gətirə bilərəm ki, müharibə zamanı Azərbaycanda rekord səviyyədə neft hasil edilmişdir – 23 milyon ton. Yəni, cəmi bir-iki il ərzində neft hasilatı təqribən iki dəfədən çox artırıldı. O vaxt müasir texnologiyalar yox idi, bu artım daha çox insan əməyinin istismarı nəticəsində baş verirdi. Deyə bilərəm ki, bizim ailədə də bu, öz təsirini göstərdi. Çünki mənim digər babam Əlirza Əliyev pul qazanmaq üçün Naxçıvandan Bakıya gəlirdi və aylarla neft mədənlərində işləyirdi. Bu, onun səhhətinə çox mənfi təsir göstərmişdi və məhz buna görə gənc yaşlarında vəfat etdi.Yəni, o vaxt Azərbaycan nefti istismar edilirdi".

"Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir"

"Ancaq görün, Sovet İttifaqı dağılanda biz hansı vəziyyətlə üzləşmişdik: dağılmış neft infrastrukturu. Bu gün mənə edilən təqdimatda göstərilir ki, "Neft Daşları"na yeni həyat veriləcək. Çünki "Abşeron" yatağı "Neft Daşları" ilə bağlı olacaq",- deyən Prezident bildirib ki, müstəqilliyin bu 30 ili ərzində bu sahədə böyük işlər görülüb: "İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də",- deyən Prezident İlham Əliyev Azərbaycanın bütün reytinqlərdə ən qabaqcıl yerlərdən birini tutduğunu bildirdi: "Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. Amma müstəqilliyə qədər o məktəblər nə gündə idi. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü".

"Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir"

Prezident onu da bildirib ki, bütün təbii resurslar azərbaycan xalqının maraqlarına xidmət edir: "Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır".

"Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir"

Azərbaycan Prezidenti müsahibəsində vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim olunurdusa, bu gün artıq bu ekoloji problem öz həllini tapdığını deyib: "Vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çirklənmiş yerimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib və Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni o, bir ekoloji fəlakət zonası idi və həmin görüntülər yəqin ki, bir çoxlarının xatirindədir".
Dövlət başçısı onu da bildirib ki, digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi: "İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İnsanları narahat edən bütün problemlər həll olunmalıdır və estetik cəhətdən bu qəsəbələr müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr restavrasiya, bərpa edilməlidir və bu qəsəbələrə biz yeni həyat verəcəyik".

"Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır"

Dövlət başçısı bu gün Azərbaycanın neft potensialına dünyada marağın artıdığını da bildirib: «Bizim əsas gəlir mənbəyimiz "Azəri-Çıraq-Günəşli" yatağıdır. Orada işlər plan üzrə gedir. İndi orada yeni layihə icra edilir – "Mərkəzi-Şərqi Azəri" adlanan layihə. Bu layihənin dəyəri təxminən, 7 milyard dollara yaxındır və onun icrası nəticəsində artıq yeni mənbələrdən hasilat artacaq. Təbii azalmanı elə bil ki, kompensasiya edəcəkdir. "Azəri-Çıraq-Günəşli" yatağında hazırda 120-dən çox quyu fəaliyyətdədir və eyni zamanda, bu yatağın çox zəngin qaz ehtiyatları var. Ona şərti olaraq "dərin qaz" deyilir və indi «dərin qaz»ın işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti öz tərəfdaşları ilə müvafiq işlər aparır".

Dövlət başçısı onu da bildirib ki, artıq "Şahdəniz-2" layihəsi icradadır: "Artıq TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm Türkiyə üçün çox önəmlidir. Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq və «Abşeron» yatağından çıxarılacaq. İkinci fazadan çıxarılacaq qaz TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər.
Eyni zamanda "Qarabağ" yatağının işlənilməsi ilə əlaqədar işlər plan üzrə gedir. Bax, burada gördüyümüz dayaq bloku artıq dənizdədir, dənizə göndəriləcək və ümid edirəm ki, bir-iki ildən sonra "Qarabağ" yatağından ilk neft hasil ediləcək. Bu yatağın özəlliyi ondadır ki, orada neft ehtiyatları daha çoxluq təşkil edir və bizim hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var".

Prezident İlham Əliyev bir neçə aydan sonra "Dayazsulu Abşeron" adlandırılan yataqlarda ilk qazma işlərinin aparılacağını və orada da böyük neft ehtiyatını aşkar ediləcəyini bildirib: "Digər çox perspektivli layihə "Dayazsulu Abşeron» adlandırılır. Bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm ki, orada da böyük neft ehtiyatını aşkar edəcəyik. SOCAR-ın təkbaşına iştirak etdiyi "Ümid"-"Babək" layihələrində də işlər plan üzrə gedir. Bu da çox perspektivli layihələrdir və bizim planımızda bu layihənin investisiya tutumunu, hasilatı artırmaq var. Çünki yenə də deyirəm, daxili tələbat üçün bizə daim enerji resursları lazımdır və ixrac potensialımız da təmin ediləcək. Digər layihələr də var, hansılar ki, böyük ümidlər verir. Amma bütövlükdə deyə bilərəm ki, baxmayaraq "Əsrin kontraktı" 1994-cü ildə imzalanıb və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb və artıq 26 il keçib, Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır".

Bəli, nə qədər çətin zaman dövründə yaşasaq da, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uğurlu iqtisadi, siyasi və xarici siyasəti nəticəsində ölkəmiz tarixi hadisələrə imza atır, bu siyasət isə xalqımızın firavan və yüksək rifahına hesablanmış tarixi nəticələrdir: Və növbəti "Abşeron" yatağının da istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...