Azərbaycan koronavirusla mübarizədə problemləri öz daxili resursları hesabına həll edir - ÖZƏL ŞƏRH

“Sumqayıtda tibbi maskaların istehsalına başlayan müəssisənin açılışı bir çox məqamla xarakterizə olunur və diqqəti cəlb edir. İlk növbədə bu koronavirusla mübarizədə çox böyük tələbat olan tibbi maskaların istehsalı məsələsidir. Koronavirusun dünyada yayılması ilə hər bir ölkə bu məsələni monopoliyaya götürüb və tibbi maskaların ixracı yoxdur. Azərbaycan Çindən məhdud sayda bu maskalardan alsa da, artan tələbatı ödəyə bilməyib. Məhz buna görə də, qısa bir zaman kəsiyində belə bir müəssisə açılıb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, həmin müəssisədə hər gün 120 min tibbi maska istehsal olunur: “İkinici xətt işə salındıqdan sonra bu say 250 minə qədər artacaq. Bununla da Azərbaycan əhalisinin maskaya olan tələbatı tam ödənəcək. Gələcəkdə bu müəssisənin genişlənməsi də tamamilə mümkündür. Göründüyü kimi Azərbaycan koronavirusla mübarizədə effektli yollardan birinin problemini özü öz daxili resursları hesabına həll edib. İkinci məsələ qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən verilən dəstəkdir. Cənab Prezidentin göstərişi ilə bu müəssisəni açan özəl şirkətə 3 milyon manatdan çox güzəştli faizlərlə kredit ayrılıb və bu 30 yeni iş yerinin açılmasına, həmçinin qeyri-neft sektorunun inkişafında atılan addımlara bir təkan olub. Bu müəssisənin Sumqayıt Sənaye Parkında yaradılması cənab Prezidentin uzaqgörən iqtisadi siyasəti nəticəsində mümkün olub. Sənaye parkında müxtəlif profilli, çoxsaylı müəssisələr yerləşdirmək olar və artıq orada sahibkarın kommunikasiyalara qoşulmaq, texniki və texnoloji problemləri həll etmək üçün əlavə vaxt və enerji sərf etməsinə ehtiyac yaranmır”.

A.Mirzəzadə bildirib ki, həmçinin cənab Prezidentin orada koronavirusla bağlı söylədiyi fikirlər də bir daha göstərir ki, Azərbaycan bu epidemiya ilə mübarizədə ən səmərəli, ən effektiv yolları seçib və tətbiq edib. Vaxtında sərhədlərin bağlanması, laborotoriyaların yaradılması, xəstələrin dövlət hesabına müalicə olunması bu qəbildən olan məsələlərdir. Eyni zamanda əgər zamanında cənab Prezidentin dəstəyi ilə Bakıda və regionlarda çoxsaylı xəstəxanalar və otellər tikilməsəydi, bu gün koronavirusa yoluxmuş xəstələrin və eyni zamanda karantində olan insanları yerləşdirməkdə çox böyük çətinliklər çəkə bilərdik. Bir sözlə yeni müəssisənin açılışı bir çox məqamların həllinə gətirib çıxarır. Cənab Prezidentin apardığı dövlət quruculuğu, müstəqilliyimizin möhkəmlənməsi və qeyri-neft sektorunun inkişafı üçün apardığı uzaqgörən siyasət nəticəsində dövrün problemlərini uğurla həll etdiyini görürük”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...