"Hesabatlarda ölkəmizin reytinqinin yüksəlməsi bizim üçün əhəmiyyətlidir” MÖVQE - ÖZƏL

“İstər Dünya İqtisadi Forumunun (DIF), istərsə də “Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün biznes mühitin durmadan yaxşılaşdırılması, mövcud qanunların təkmilləşdirilməsi, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz olaraq islahatların aparılması, Azərbaycan hökuməti tərəfindən artıq müvafiq kursa çevrilib”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, ümumiyyətlə, dünyanın tanınmış iqtisadi reytinq və hesabat qurumlarının, xüsusən inkişaf etməkdə olan ölkələr haqqında hazırladığı rəylərə ciddi yanaşma var: “Belə ki, xarici investorların, inkişaf etmiş iqtisadiyyata sahib olan ölkələrin inkişaf etməkdə olan ölkələrə sərmayə qoyması nüfuzlu təşkilatların hazırladığı hesabatlardan da asılı olur. Verilən rəylərin müsbət olması o anlama gəlir ki, ölkədə investisiya mühiti əlverişlidir, böyük risklər yoxdur, dövlət təminatı yüksək səviyyədədir. Bu isə o deməkdir ki, inkişaf etmiş ölkələrin sərmayədarı müsbət rəy verilən ölkəyə investisiya qoymaqda maraqlı olacaq. Ona görə də nüfuzlu qurumların Azərbaycan haqqında verdikləri müsbət rəylər, hesabatlarda ölkəmizin reytinqinin yüksəlməsi bizim üçün əhəmiyyətlidir”.

Ekspert söyləyib ki, bundan əvvəl, DIF-in "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” üzrə də, ölkəmizin mövqeyi yaxşı qiymətləndirilmişdi: “DİF-in növbəti hesabatının tamamilə yeni metodologiya əsasında hazırlanaraq, təqdim ediləcəyi bildiriləndə, çoxları hesab edirdilər ki, Azərbaycanın bir çox göstəricilər üzrə ardıcıl olaraq yaxşı nəticələr göstərməsi artıq, çətin olacaq. Amma Azərbaycan Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində bu dəfə11 pillə daha irəliləyib. Belə ki, “bazarın miqyası” istisna olmaqla “əmək bazarı”, “biznesin dinamikliyi”, “ərzaq bazarı”, “infrastruktur”, “bacarıqlar”, “ictimai institutlar”, “bazarın miqyası”, “innovativ potensial” kimi indekslərdə ötən ilə nisbətən irəliləmişik. Ölkəmiz 62,7 bal ilə reytinqdə 58-ci yerdədir. Yeri gəlmişkən, Azərbaycan dövlətinin başçısı da hökumətin iclaslarında bu qurumların açıqladığı hesabatlar barəsində hər dəfə danışır, verilən rəyləri dəyərləndirir. Dövlət başçısı hər il yanvarda Davos toplantısına qatılır. Həmin toplantılarda dövlət başçısı iri şirkətlərin, investisiya qurumlarının rəhbər şəxsləri ilə görüşür. Bu görüşlərdə iri şirkətləri təşviq etmək üçün ciddi sənədlərdən biri kimi məhz DİF-in və “Doing Business” hesabatı təqdim olunur. Prezident bu hesabata əsaslanaraq investorları Azərbaycana sərmayə qoymağa inandırır”.

P. Heydərov qeyd edib ki, hesabatlarda hər il Azərbaycanla bağlı müsbət rəylərin verilməsi ölkəmiz üçün yeni şansların, əlavə imkanların yaranması deməkdir: “Bu hesabatlar Azərbaycanın gələcək illərdə beynəlxalq nüfuzunun bir qədər də yaxşılaşmasına kömək edəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə