“Kənd təsərrüfatında əsas məsələ təkcə torpaq deyil, satış kanallarının yaradılmasıdır” - İQTİSADÇI
"Torpaq kənd təsərrüfatı üçün əsas resurslardan biridir. Digər resurslara texnologiya, idarəetmə, sahibkarlıq, əmək qüvvəsi, zootexniklər, aqronomlar, mövcud avadanlıqlar, laboratoriyalar və bütün bunları hərəkətə gətirmək üçün kapital daxildir. Lakin bütün bunlardan da vacib olan başqa bir resurs var – satış kanalları".Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, təəssüf ki, bu gün daha çox məhz bu problemlə məşğul olmaq lazımdır: "Satış kanallarının yaradılması və genişləndirilməsi əsas məsələlərdən biridir. Çünki satış varsa, satış kanalı mövcuddursa, kənd təsərrüfatı və ondan asılı olan qida sənayesi də müəyyən mənada öz-özünə inkişaf edəcək. Əsas məsələ məhsulun istehsalından sonra onun harada və necə satılacağının təmin edilməsidir.
Rusiyada formalaşmış satış kanallarına gəldikdə isə, burada 1990-cı illərdə Rusiyaya köçmüş azərbaycanlıların həmin ölkədə yaratdığı bazar infrastrukturu, əlaqələr, anbarlar və satış məntəqələri mühüm rol oynayır. Bundan əlavə, daşımalar və formalaşmış ənənəvi əlaqələr də bu satış imkanlarının tərkib hissəsidir.
Təbii ki, coğrafi baxımdan bizim üçün mümkün olan digər satış əraziləri də var və həmin istiqamətlərdə də satış kanalları yaradılmalı və genişləndirilməlidir.
İşğaldan azad edilmiş ərazilər isə ölkəmizə əlavə torpaq resursu verir. Hazırda həmin ərazilərə əhalinin köçü hələ zəif olduğuna görə torpaq resurslarından tam istifadə olunmur. Məsələn, torpaqlardan maldarlıqda istifadə etmək mümkündür. Müasir maldarlıqda isə torpaq daha çox otlaq və yem bazası kimi istifadə olunur, cins heyvanlar isə qapalı şəraitdə, iri fermalarda yetişdirilir.
Bununla yanaşı, ənənəvi köçəri qoyunçuluğun da müəyyən hissəsini bərpa etmək mümkündür. Belə təsərrüfatlar hazırda Qəbələ və digər ərazilərdə mövcuddur. Vaxtilə Qarabağ ərazisində də bu cür təsərrüfatlar geniş yayılmışdı və onların müəyyən hissəsinin yenidən bərpası mümkündür.
Təbii ki, müasir fermalaşmanın mümkün olduğu hər bir yerdə bunun mütləq şəkildə həyata keçirilməsi nə ekoloji, nə də insanların sosial həyatının formalaşması baxımından arzuolunan deyil. Hər şeyi yalnız ət istehsalına qurban vermək düzgün yanaşma olmaz. Lakin həmin ərazilər ən azı heyvandarlıq üçün böyük otlaq və yem bazası yarada bilər.
Bundan əlavə, elə sahələr var ki, onların intensiv deyil, ekstensiv inkişafı iqtisadi baxımdan daha səmərəli ola bilər. Məsələn, taxılçılıqda ekstensiv inkişaf müəyyən ərazilər üçün daha effektivdir. Qazaxıstan, Rusiya və Ukrayna kimi ölkələr də taxılçılıqda yalnız intensiv modelə üstünlük vermir, geniş ərazilərdə ekstensiv istehsal modelindən istifadə edirlər.
Eyni yanaşmanı işğaldan azad edilmiş ərazilərin müəyyən hissəsində də tətbiq etmək mümkündür. Həmin ərazilərdə müxtəlif taxıl növlərinin yetişdirilməsi iqtisadi baxımdan səmərəli ola bilər. Ərazinin Rusiyadakı mövcud satış kanallarından nisbətən uzaqda yerləşməsi isə mütləq maneə deyil. Müasir daşımalar imkan verir ki, keyfiyyətli məhsul istehsal olunarsa, həmin məhsul Rusiya bazarına da çatdırıla bilsin.
Digər tərəfdən, bu ərazilərin meyvəçilik və tərəvəzçilik baxımından digər bölgələrdən xüsusi üstünlüyü hər yerdə eyni deyil. Bəzi ərazilərdə su ehtiyatları yaxşıdır, bəzi ərazilərdə isə su problemi mövcuddur. Buna görə də əsas məsələ mövcud resursların düzgün qiymətləndirilməsi və hansı ərazidə hansı təsərrüfat modelinin daha səmərəli olduğunun müəyyənləşdirilməsidir.
Fermerlərin bir ərazidən digərinə köçürülməsi də bu baxımdan müəyyən problemlərin həllinə kömək edə bilər. Məsələn, fermerlərin heç olmasa 10-20 faizinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi digər bölgələrdə torpaq və su çatışmazlığının müəyyən qədər azalmasına səbəb ola bilər. Bu, həmin ərazilərdə torpaq qiymətlərinin də nisbətən aşağı düşməsinə və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən insanların daha rahat investisiya qoymasına imkan yarada bilər.
Bu proses yalnız Qarabağ ərazisi üçün deyil, digər bölgələr üçün də müsbət nəticə verə bilər. Yeni ərazilərdə fermer təsərrüfatlarının yaranması digər bölgələrdə torpaq və su resurslarına olan təzyiqi azaldaraq, orada da yeni fermer təsərrüfatlarının yaradılmasına və kənd təsərrüfatının daha balanslı inkişafına şərait yarada bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB