Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) bioloji aktiv qida məhsullarının, genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) və GMO-lu yem məhsullarının, təbii mineral suların, qida və yem əlavələrinin və yeni növ qida məhsullarının qeydiyyatını aparmaq istəyən sahibkarlara müraciət ünvanlayıb. Bu barədə İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya məlumat verilib.
Müraciətdə bildirilir ki, həmin məhsulların qeydiyyatı zamanı ekspertiza üçün tələb olunan sənədlər və laborator müayinələr aparmaqdan ötrü lazım olan nümunələr AQTİ-yə təqdim edilməlidir. Sahibkarlar bu barədə daha ətraflı məlumata sahib olmaq və maraqlandıqları suallara cavab almaq üçün (012) 377-00-20 (daxili:453) nömrəli telefona zəng edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həmin məhsulların qeydiyyatını həyata keçirir. Agentlik tərəfindən qeydiyyata alındıqdan sonra həmin məhsulların ölkə ərazisində istehsalına, emalına, idxalına və dövriyyəsinə icazə verilir.
“Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qeydiyyatın aparılmasında məqsəd istehsal, emal və satış prosesindən əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyənləşdirilməsindən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə