Qlobal güclərin Bakıda görüşü Azərbaycanın qələbəsidir TƏHLİL

Son illərdə NATO hərbi komandanlığı və Rusiya yüksək rütbəli hərbçilərinin görüşü üçün məhz Bakının seçilməsi artıq bir ənənə halını alıb. Bir sözlə, Bakı artıq bir neçə dəfə bu formata uyğun görüşlərin keçirilməsi üçün məkan seçildiyinə görə kifayət qədər təcrübəyə malikdir. Nəzərə alsaq ki, nə qədər manipulyasiya etsə də Ermənistan hər zamanki kimi daha çox Rusiyaya, Gürcüstan isə aşkar şəkildə NATO-ya meyllidir, deməli, regionda planlaşdırılan görüşün məhz Bakıda keçirilməsi heç də təəccüblü deyil və hətta başadüşüləndir.

NATO-Rusiya münasibətlərində son 4 il ən gərgin və böhranlı dövr kimi xarakterizə edildiyi bir zamanda tərəflərin görüşü üçün Bakının seçilməsi heç təsadüfi də deyil. Bu, Azərbaycanın regionda həm hərbi, həm siyasi, həm də coğrafi mövqeyi ilə yanaşı, hər iki güc mərkəzi ilə normal münasibətlərə malik olmasından irəli gəlir.

Azərbaycan beynəlxalq nüfuza malik olan dövlət, tərəflərin böyük hörmət bəslədiyi ölkədir

Nəzərə almaq lazımdır ki, tərəflərin hər biri, yəni hər iki güç mərkəzi görüşün Azərbaycanda keçirilməsini qənaətbəxş hesab edir və bunu da ölkəmizin qlobal miqyasda uğuru hesab etməkdə hər kəs haqlıdır. Çünki, yüksək rütbəli generalların, Baş Qərargah rəislərinin Bakıda mütəmadi görüş keçirmələri Azərbaycanın regional dövlət kimi statusunun artması deməkdir. Digər ölkələrə də təsirsiz ötüşməyən ABŞ-Rusiya münasibətlərinin normallaşması və münaqişə ocaqlarının alovlanmaması üçün rəsmi Bakının səyləri region ölkələr arasında mövqeyinin daha da yaxşılaşmasını şərtləndirir. Eyni zamanda, Azərbaycanın sabit ölkə və ətraf bölgələrdə də sabitliyin tərəfdarı olan dövlət olduğunu təsdiqləyir ki, bu da ölkəmizin Dağlıq Qarabağla bağlı münaqişənin sülh yolu ilə həlli təklifində səmimi olduğunu isbatlayır.
Azərbaycan NATO-nun üzvü olmadığı halda görüş üçün məhz Bakının seçilməsi də bir çox məqamlara aydınlıq gətirir və təsdiq edir ki, Azərbaycan beynəlxalq nüfuza malik olan dövlət, tərəflərin böyük hörmət bəslədiyi ölkədir. Eyni zamanda bu görüş təkcə regionda deyil, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolunun etirafı deməkdir. Qlobal güclər artıq öz aralarındakı münasibətləri aydınlaşdırmaq üçün, eyni zamanda qlobal təhlükəsizlik problemlərini müzakirə edib çıxış yolları axtarmaq üçün daha Vyananı, Cenevrəni və digər bu kimi şəhərləri deyil, məhz Bakını seçirlər. Bakı son onilliklər ərzində, iri çoxtərəfli müzakirələrin və razılaşmaların aparıldığı bir çox Avropa şəhərlərini xatırladır və təəccüblü deyil ki, Azərbaycan artıq üçüncü dəfə NATO və Rusiya hərbi liderlərinin görüşünün məkanı seçilib.

Azərbaycan bütün dünyada sülh və stabillik tərəfdarı kimi dəyərləndirilir

Öz ərazisinin 20 faizi ermənilər tərəfindən işğal edilməsinə baxmayaraq, bütün dünyada sülh və stabilliyə verdiyi tövhələrlə Azərbaycan son on ildə öz balanslı siyasəti, iqtisadi inkişafı və təhlükəsizliyin təmin olunması siyasəti ilə fərqlənir. Məhz bu baxımdan dünyanın bir çox siyasi ekspertləri Azərbaycanı bütün dünyada sülh və stabillik tərəfdarı kimi dəyərləndirir.
Azərbaycan artıq bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib. Həm coğrafi mövqeyinə, həm də dövlətimizin yürütdüyü siyasətin prioritetlərinə görə Azərbaycan artıq Şərqlə Qərb arasında körpü rolunu oynayan dövlət kimi tanınır. Belə görüşlərin keçirilməsi nəticə etibarilə Azərbaycan paytaxtını bir sülh mərkəzinə, təhlükəsizlik mərkəzinə çevirir.
Xüsusilə vurğulanmalıdır ki, belə mühüm görüşlərin Bakıda keçirilməsinin ən əsas səbəblərindən biri də Azərbaycan liderinin, Cənab President İlham Əliyevin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Ölkə başçımızın beynəlxalq miqyasda durmadan artan nüfuzu, məqsədyönlü və düzgün siyasəti, liderlik keyfiyyətləri onu deməyə əsas verir ki, bu görüşlərin Bakıda keçirilməsi eyni zamanda Cənab Prezident İlham Əliyevin uğuru və bu uğurun məntiqi nəticəsidir.

Bakının mötəbər tədbirlərə ardıcıl olaraq məkan seçilməsi Azərbaycanın Qafqazın lider dövləti, təhlükəsizliyin qarantı omasının etirafıdır

Göründüyü kimi, Azərbaycan dəfələrlə qlobal miqyasda nəzərdə tutulan beynəlxalq tədbirlərdə ev sahibi kimi qəbul olunur və seçilir. Bu seçimin də doğru olduğu hər dəfə öz təsdiqini tapır. Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən, ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etməsi deyilənləri təsdiq edir.
Sadalanan mötəbər tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunmasının əyani təsdiqi və qiymətləndirilməsidir. Bu son görüş isə sözsüz ki, bölgədə təhlükəsizliyin təminatçısı, iqtisadi bağlılıq yaradan Azərbaycanın Qafqazın lider dövləti, nüfuzlu ölkəsi kimi təhlükəsizliyi daim nəzarətdə saxladığının açıq şəkildə etirafıdır.
Qlobal güclərin hərbi rəhbərliyinin görüşü üçün Bakının məkan kimi seçilməsi, əslində, Azərbaycanın, nəinki Ermənistan, nəinki erməni lobbisi, hətta onların sığındığı Qərb üzərində qələbəsindən, möhkəmlənmiş mövqeyindən, üstün olmasından və nüfuzundan xəbər verir. Bu görüşün Bakıda keçirilməsi ümumilikdə Azərbaycanın, Azərbaycan xalqının, ölkə başçısının qələbəsidir. Həmin bu qələbə isə beynəlxalq təşkilatları, nüfuzlu dövlətləri və qlobal gücləri Azərbaycanın haqlı mövqeyini, uğurlu siyasətini və nüfuzunu etiraf etmək məcburiyyətində qoyur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə