Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ilk admiralı Cəlil Cavadovun 100 illiyinə həsr olunmuş “Admiral Cavadov. Həyatı, döyüş və xidməti yolu” mövzusunda tədbir keçirilib.
Müvafiq qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı admiral Cəlil Cavadovun ömür yolu və xidməti fəaliyyətindən danışıb.
Hərbi vətənpərvərlik işinin təşkilinin, tariximizin təbliğinin əhəmiyyətini qeyd edən alim C.Cavadovun həyat yolunun araşdırılması və geniş ictimaiyyətə, gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.
Tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov “Azərbaycanın ilk admiralı” mövzusunda çıxış edib.
Müdafiə Nazirliyi mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev admiral Cəlil Cavadovun II Dünya müharibəsi dövründə keçdiyi döyüş yolundan bəhs edib.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev admiralın Azərbaycanın hərb tarixində özünəməxsus yeri olduğunu vurğulayıb, onun Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirdiyi hərbi əməliyyatların araşdırılmasının vacibliyini qeyd edib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin 50-dən artıq eksponatları əsasında hazırlanmış və admiralın həyat yolunu əks etdirən sərgi nümayiş olunub. Eksponatlar sırasında admiralın diplomları, şəxsi əşyaları, hərbi geyimi, silahı, orden və medalları, fotoşəkilləri xüsusi maraq doğurub.
Eyni zamanda, “Hədəf” liseyi və “Günəş” art-studiosunun hazırladığı “İlk admiralımız” adlı uşaq rəsmlərindən ibarət sərgi də təşkil edilib.
Səbuhi Əhmədovun “Admiral Cavadov. Həyatı, döyüş və xidməti yolu” kitabının təqdimatı olub.
Admiral C.Cavadovun qızı - Mədəniyyət Nazirliyi muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Sonda C.Cavadovun həyatı, döyüş və xidmət yolunun tədqiq və təbliğində xidmətləri olan şəxslərə təşəkkürnamələr, rəsm sərgisində iştirak etmiş məktəblilərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə