Fransa Taliban hökumətini tanımaqdan imtina etdi

Fransa Əfqanıstanda yeni Taliban hökumətini tanımaqdan və onlarla hər hansı bir əlaqə qurmaqdan imtina edir. SİA xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Jan-İv Le Drian “France 5” kanalında bəyan edib.

"Fransa bu hökuməti tanımaqdan və ya onunla hansısa əlaqədən imtina edir. Fransa onlardan hərəkət etmələrini gözləyir. Biz onların qarşısında bir sıra şərtlər irəli sürmüşük", deyə Le Drian bildirib.

Xarici işlər naziri bu şərtlər arasında, ölkəni maneəsiz tərk etmək istəyən hər kəsə, Taliban tərəfindən birbaşa nəzarət edilməyən bölgələrə humanitar yardımın çatdırılmasına icazə verilməsini, qadın hüquqlarına hörmət edilməsini və Əl-Qaidə ilə əməkdaşlıqdan imtina edilməsinin lazım olduğunu qeyd edib.

“Onlar bir neçə dəfə əcnəbilərin və əfqanların ölkəni maneəsiz tərk etmələrinə icazə verəcəklərini söylədilər və əhatəli, nümayəndəli hökumətdən danışdılar. Amma yalan danışırlar. Nəticə yoxdur ", deyə nazir əlavə edib.

Xatırladaq ki, avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, 15 avqustda Kabilə girib və ertəsi gün müharibənin bitdiyini bildirib. Avqust ayının son iki həftəsində ABŞ ordusunun himayəsində olan Kabildəki hava limanından Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən Əfqanların kütləvi şəkildə təxliyəsi olub. Avqustun 31-nə keçən gecə ABŞ ordusu Əfqanıstanda ABŞ-ın təxminən 20 illik mövcudluğuna son qoyub. Sentyabrın 6 -da Taliban, Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə onların nəzarətinə keçdiyini açıqlayıb.

Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb. Hökumətə rəhbərliyi ilk Taliban idarəçiliyi dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə