Saqatelyanı narahat edən suallar...

“Bu gün dövlətçiliyimiz təhlükə, sərhədlərimiz isə təhdid altındadır, Azərbaycan hər gün bütün yazılı və şifahi razılaşmaları pozur. Ona görə də, parlamentin iclasını çağırmaq, Nikol Paşinyanı, Silahlı Qüvvələrin, Müdafiə Nazirliyinin rəhbərliyini ora dəvət dəvət etmək və vəziyyəti müzakirə etmək lazımdır. Mən yaxın gələcəkdə 44 günlük müharibədən əvvəl və sonrakı vəziyyətin təkrarlanmasını istəmirəm. İndi, həqiqətən də, vahid qərarlar qəbul etməyin və “Türkiyə-Azərbaycan tandeminə” qarşı çıxmağın vaxtıdır”.

Qeyd edim ki, bu sözləri indi artıq özünü müstəqil deputat kimi təqdim edən Naira Zohrabyan deyib. Onu da deyim ki, Zohrabyan bu sözləri yaxın gələcəkdə Nikolu Moskvada gözləyən “kifayət qədər çətin” danışıqlara diqqət çəkərək bildirib.

...Bu gün artıq “qəhrəman” Ermənistan ordusundan heç nə qalmadığına görə, öz sərhədlərini belə müdafiə etmək qabiliyyətində olmadığını bildirib Naira ilə həmdərd olan yeni seçilmiş deputat İşxan Saqatelyan isə Nikola mühüm suallarla üz tutub. Belə ki, İşxan Nikola sual edir ki, sən o gün rusların gəlib “suveren Ermənistan” dövlətinin sərhədlərini qorumağı xahiş etmisən, indi sən məni başa sal görüm, Ermənistana gələn bu rus qoşunları hansı mandata sahib olacaqlar?

Deyim ki, İşxan Nikola ünvanladığı bu sualla az qala onu “divara dirəmiş” olur. Onu da deyim ki, Saqatelyan bununla dayanmır, Nikola növbəti sualını ünvanlayır. Özü də sual, nə sual... İşxan Saqatelyan Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli danışıqlarına toxunaraq, bu danışıqların müxtəlif, o cümlədən, kommunikasiyaların açılması, sərhədlərin aydınlaşdırılması, demarkasiya, delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəyini Nikola xatırladıb sual edir ki, indi mənə cavab ver, sonda, elə sən də başda olmaqla ölkəmizin sərhədlərini qoruya biləcəyikmi? Çünki biz bəzi məsələlərdə razılaşmasaq, o zaman düşmən müxtəlif istiqamətlərdə Ermənistan ərazisinə sərbəst şəkildə girməyə davam edəcək. Biz isə hərəkətsizliyimizi belə izah edəcəyik ki, “müqavimət göstərsək, yeni müharibə başlaya bilər..?”

Onu da deyim ki, Saqatelyan hakimiyyətin bütün bu məsələlərdə heç nəyə qadir olmadığını da “qorxmadan” Paşinyanın üzünə deyir. İşxanın fikrincə, Nikolun rus ordusu ilə bağlı çağırışının arxasında onun Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yaratmaq niyyəti də “gizlənə bilər”.

Doğrudan da, nə bilmək olar? Bu dəqiqə, “Qərbə olan sevdası gözünü tutan” Nikol Ermənistan-Rusiya münasibətlərindəki dərin inamsızlığa nədən öz gizli “töhfəsini” verməsin..?

...“Bu cür hərəkətlər nəticəsində strateji müttəfiqimiz olan Rusiyanı itirə bilərik. Bu halda Ermənistan təcrid olunmuş vəziyyətdə qala bilər. Bu halda isə, ölkənin siyasi vektorunu dəyişdirməyə cəhd göstəriləcək”. Bunu da Saqatelyan deyir.

...Bu arada Ermənistanın Qeqarkunik rayonunun Verin Şorja kəndinə danos yığmağa gedən erməni hüquq müdafiəçisi Arman Tatoyandan da xəbər gəlib. Erməni mənbələrində verilən məlumata görə, əsl hüquq müdafiəçisi olan Arman Tatoyan, ofisinin işçiləri ilə birlikdə uzaqdan gələn atəş səsini eşidərək, yerli sakinlərlə görüşlərini təxirə salmaq məcburiyyətində qalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə