Yoşihide Suqa: Yaponiya ərazi mübahisəsinə son qoymaq istəyir

Yaponiya Rusiya ilə ərazi mübahisəsinə son qoymaq və iki ölkə arasında sülh müqaviləsini imzalamaq istəyir. SİA Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa Rusiya Prezidenti Vladimir Putinlə keçirilən ilk telefon danışığından sonra jurnalistlərə bildirib. Y.Suqa mətbuat nümayəndələrinə bildirib ki, həm o, həm də Rusiya lideri iki ölkə arasında münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədirlər və Rusiyanın nəzarətində olan adaların suverenliyi məsələsini sonraya saxlamaq istəmirlər. Baş nazir qeyd edib ki, V.Putin də bütün ikitərəfli məsələlər üzrə dialoqu davam etdirmək istədiyini bildirib və onlar açıq müzakirələr aparmaq üçün tezliklə görüşmək barədə razılığa gəliblər. Yaponiya tərəfinin xahişi ilə baş tutan və təqribən 20 dəqiqə davam edən telefon danışığı zamanı Rusiya lideri Baş nazirə deyib ki, o, ikitərəfli və beynəlxalq məsələlərin həlli üçün konstruktiv əməkdaşlığa hazırdır. Həmçinin liderlər Yaponiya-Rusiya münasibətlərini həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə inkişaf etdirmək barədə razılığa gəliblər. Xatırladaq ki, Y.Suqanın sələfi olan Ş.Abe və V.Putin müzakirələri 1956-cı ildə keçmiş SSRİ ilə Yaponiya arasında əldə edilmiş razılaşma əsasında aparmaq barədə razılığa gəlmişdilər. Danışıqlar nəticəsində elə böyük uğur əldə edilməsə də avqustda istefa vermək barədə qərar qəbul etdikdən sonra Ş.Abe V.Putinlə telefon danışığı zamanı həmin problemin həlli üçün cəhdləri davam etdirməyin zəruriliyini vurğulamışdı. Eyni zamanda, Yaponiya ilə Rusiya arasında əldə edilən razılaşmaya görə həmin adalarda birgə iqtisadi layihələrin həyata keçirilməsi barədə də razılıq əldə olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə