Mühacirlər Almaniyaya buraxılmalarını tələb edir

Budapeşt vağzalına toplanan mühacirlər Almaniyaya buraxılmalarını tələb edirlər. Macarıstanın paytaxtı Budapeşt şəhərinin şərq vağzalına toplanan yüzlərlə mühacir dağılışmaq istəmir və əvvəlki kimi onları Almaniyaya buraxmağı tələb edirlər.

Şəhər hökuməti sentyabrın 1-də vağzalı qaçqınlardan təmizləməyi qərara alıb. Qatarlara yalnız bileti və şengen vizası ilə pasportları olanlar buraxılır.

Bu ərəfədə rəsmi Budapeşt Avropa Parlamentinin miqrasiyanı tənzimləyən "Dublin-3" reqlamentinin fəaliyyətini nümayişkaranə şəkildə dayandırıb.

Almaniya kansleri Angela Merkel suriyalı qaçqınlara deportasiya reqlamentini tətbiq etməməyə hazır olduğunu bildirdikdən sonra Macarıstanda vəziyyət nəzarət altından çıxmağa başlayıb.

Görülən tədbirlərə baxmayaraq, son sutka ərzində 2200-dən çox qaçqın hər hansı yolla da olsa, Almaniyaya, ilk növbədə isə Münhenə daxil olmağı bacarıb. Bununla əlaqədar Bavariya hökuməti digər federal torpaqlardan dəstək istəyib.

Bu arada Macarıstanın xarici işlər naziri hökumətin qaçqınların qəbuluna dair kvota təklifini qəbul etməyə hazır olmadığını bildirib. Onun sözlərinə görə, kvotanın tətbiq edilməsi mühacirlərə və onların daşınmasını həyata keçirənlərə yalnız münbit şərait yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə