“Dünya bu gün nəhəng bir kəndə çevrilib və …”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Beynəlxalq sistemdə tarazlıq pozulub, qeyri-müəyyənlik artıb və xaos dünyanın hakim rənginə çevrilib" dedi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində keçirilən Albaraka İslam Maliyyə Sammitində iştirak edən R.T.Ərdoğan çıxışında deyib: “Dünya son illər köklü bir transformasiya prosesi keçir.

İkinci Dünya Müharibəsindən sonra qurulan iqtisadi, hərbi və siyasi sistemin əsasları hər yeni proseslə daha da sarsılır. Bunu çox açıq şəkildə görə bilərik: beynəlxalq sistemdə tarazlıq pozulub, qeyri-müəyyənlik artıb, sabitlik yoxdur və xaos dünyanın hakim rənginə çevrilib.

Koronavirus epidemiyasının yaratdığı dağıntıların qalıqları aradan qalxmamış Rusiya-Ukrayna müharibəsi başladı, üstündən də Qəzza böhranı.

İsrailin Qəzzada 8 aya yaxındır bütün bəşəriyyətin gözü qarşısında törətdiyi kütləvi qətllər qlobal nizamın acizliyini ortaya qoyub.

Mövcud beynəlxalq qurumlara inam sarsılıb.

Dünyada asayişin qorunmasına cavabdeh olan strukturların, xüsusən də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının ədalətsiz və təhrif edilmiş xarakteri bir daha üzə çıxıb.

Açığını desək, hazırda dünyada məzlumları qoruyacaq, zalımları dayandıracaq, zülmün qarşısını alacaq heç bir təşkilati mexanizm yoxdur.

İllərdir bizə qlobal təhlükəsizliyin təminatçısı kimi deyilən qurumlar böyük çarəsizlik içindədir.

Türkiyə uzun müddətdir bu vəziyyətə diqqət çəkir.

Biz deyirik ki, qlobal sistem bütün elementləri ilə bugünkü reallıqlara uyğun olaraq yenidən qurulmalıdır.

“Dünya beşdən böyükdür” təsbitimiz sistemin təcili dəyişdirilməsi zərurətini göstərir. Rusiya-Ukrayna müharibəsi və Qəzza soyqırımı ilə bu, qaçılmaz oldu.

Dünya bu gün nəhəng bir kəndə çevrilib. Sərhədlər və məsafələr bizi qoruya bilmir”.

Bütün xəbərlər Facebook səhifəmizdə