Türkiyə prezidenti Yunanıstan mətbuatında

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afinaya səfərinə geniş yer verən Yunanıstan mətbuatı bu səfərin müsbət ab-havada keçdiyini və ikitərəfli münasibətlər üçün yeni başlanğıc kimi qiymətləndirilə biləcəyini qeyd edib.

SİA-nın əldə etdiyi məlumata görə, televiziya kanalları səfəri canlı yayımla göstərib, xəbər saytları geniş şərhlər verib.

“Kathimerini” qəzetinin internet saytında yer alan “Ərdoğanın səfərinin müsbət ab-havası 12 klikdə” başlıqlı xəbərdə səfərin müsbət atmosferi 12 fotoşəkillə göstərilib.

Ölkənin ən çox oxunan informasiya portallarından olan “in.gr” səfərlə bağlı xüsusi xəbərində “Mitsotakis və Ərdoğandan birlik mesajları” başlığından istifadə edib. Xəbərdə prezident Ərdoğanın Afinaya səfərinin dostluq şəraitində keçdiyi vurğulanıb.

“CNN Greece” xəbər portalı “Ərdoğanın Afinada 7 saatı: razılaşmalar və vədlər” başlıqlı yazısında R.T.Ərdoğanın Afinaya səfərini “tarixi” adlandırıb və bunu hər iki ölkə üçün müsbət hal kimi qiymətləndirib.

“Ethnos” qəzeti Türkiyə və Yunanıstanın illərlə davam edən gərginlikdən sonra yeni səhifə açdığına diqqət çəkib.

Yunanıstan Dövlət Televiziyası ERT Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (HLCC) iclasları çərçivəsində varılan razılaşmalarla bağlı təfərrüatları paylaşan xəbərində Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin yaz aylarında paytaxt Ankaraya səfər etməyi planlaşdırdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə