İdmançılarımız mərhələ adlayıb

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın dördüncü günündə Azərbaycan yığmasının daha 2 idmançısı mərhələ adlayıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sübhan Babayev (44 kq) 1/8 final mərhələsi çərçivəsində Emanuel Kioaba (Rumıniya) ilə qarşılaşıb. Görüş təmsilçimizin 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. Sübhan 1/4 finalda gürcüstanlı Tsotne Muntçava ilə üz-üzə gələcək.

Kənan Aslanlı (60 kq) da 1/4 finala yüksəlib. O, macarıstanlı Roland Banqonun ardınca Stiliyan Georgiyevi (Bolqarıstan) də tam üstünlüklə məğlub edib. Boksçumuz 1-ci raundda qələbəsini rəsmiləşdirib. O, yarımfinala gedən yolda yunanıstanlı Petros Topalosla gücünü yoxlayacaq.

1/4 final mərhələsinin döyüşləri avqustun 17-də olacaq.

Qeyd edək ki, Avropa birinciliyində 28 ölkədən 378 idmançı mübarizə aparır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə