Karlsen Nepomnyaşini məğlub edib

Şahmat tacı uğrunda keçirilən dünya çempionatında ilk qələbə qeydə alınıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda keçirilən dünya çempionatında ilk qələbə qeydə alınıb.

SİA xəbər verir ki, ağ fiqurlarla oynayan M.Karlsen Y.Nepomnyaşini 6-cı turda məğlub edərək ümumi hesabda önə çıxıb (3,5:2,5).

Dekabrın 4-də 7-ci partiya oynanılacaq. Dünya çempionu qara fiqurlarla mübarizə aparacaq.

Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyanın Soçi şəhərində V.Anand, 2016-cı ildə ABŞ-ın Nyu-York şəhərində rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

Hazırda Maqnus Karlsen (2855) dünya reytinq cədvəlinə başçılıq edir, Yan Nepomnyaşi (2782) isə beşinci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə