"Bu, konkret ictimai tərbiyəsizlikdir" - EKSPERTDƏN SƏRT REAKSİYA

“Uzun müddət ictimaiyyət nümayəndələri olaraq biz tütün məmulatlarının uşaqlara satışı ilə bağlı qadağalarla bağlı mübarizə apardıq və bunun qanunvericilik səviyyəsində həlli keçirildi. İctimai yerlərdə, hətta fərdi evlərdə belə siqaret çəkmək üçün nəzərdə tutulmayan yerlərdə siqaret çəkənlərin cərimələnməsi, inzibati xətalarla cəzalandırılması məsələsini də qoyduq və bununla bağlı müəyyən qadağalar oldu. Amma təəssüflər olsun ki, son vaxtlar buna elə də əhəmiyyət vermirlər. Əhəmiyyət verilmədiyinə görə də müəyyən problemlər yaşanılır”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, xarici ölkələrə baxanda insanlar artıq bunu etik davranış norması səviyyəsinə gətirib çıxarıblar: “Hətta bilirsiniz ki, indi elektron siqaretlər də var. Onların çəkilməsi bütövlükdə insanların özləri tərəfindən qadağan edilib. Bilirsiniz ki, ekologiyanı pozan bir nömrəli mənfi vərdiş və yaxud hadisə məhz tütün məmulatları və yaxud məhsullarından istifadədir. İl ərzində milyonlarla insan siqaret çəkir. Nəzərə alsaq ki, milyonlarla insan bir neçə qutu siqaret çəkir, siqaretin özü, onun çaxmaq daşı və yaxud kibriti onun kötüyünün yerə atılması planetin ümumiyyətlə, zibillənməsinə, havanın, ətraf mühitin korlanmasına səbəb olur. Siqaret, tütün istehsalı zamanı onun əkinindən tutmuş istehsalına qədər görün nə qədər zərərləri olur. Onun bitkisini yetişdirmək, fabriklərdə qurutmaq və istehsal etmək üçün şirin su gedir”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Məndə olan məlumata görə 200-dən çox zərərli maddələr siqaret tütün məhsullarının istehsalında istifadə olunur. Bunlar hamısı ətraf mühitin korlanması və planetimizin istiləşməsinə təsir edir və bütün bunları nəzərə alıb dünyanın əksər ölkələrində, sivil cəmiyyətlərdə artıq siqaretdən imtina aksiyaları keçirilir. Bu aksiya get-gedə güclənməkdədir. Mən istərdim ki, Azərbaycanda da belə olsun və Azərbaycanda da "siqaretə yox" deyək. Nəinki ictimai, insanların sıx olduğu, qapalı yerlərdə, həm də məktəblərin ətrafında, yaşayış yerlərində, fərdi mənzillərdə belə siqaret çəkilməsin”.

Yazıçı-kulturoloq siqaretin mənfi xüsusiyyətindən birini də deyb: "Bilirsiniz ki, insanlar balkonlarda oturub siqaret çəkirlər və kötüyü yerə atırlar. Onu da külək vurur aparır. Ağac yanğınları, mənzillərin yanması, yanğın hadisələrinin törədilməsi ən çox belə hallarda baş verir. Buna görə də biz həm siqaret çəkənləri həm qınayır, həm də bunun bir ictimai mədəniyyətsizlik, tərbiyəsizlik olduğunu insanlara çatdırırıq. Sözün həqiqi mənasında insan necə bilə-bilə həm özünü, həm ətrafdakıları, həm uşaqları, həm planeti siqaret tüstüsü ilə, siqaretin zərərli maddəsi ilə boğar?! Bu, konkret ictimai tərbiyəsizlikdir və mən siqaret çəkənlərin haqqlarına girməmək şərt ilə deyirəm ki, bu insanlar tezliklə bunu anlamalı və siqareti atmalıdırlar. Bəli, müxtəlif yerlərdə siqaret çəkən insanların cəzalandırılması sərtləşdirilməlidir. Sinqapur və Asiya ölkələrində bir siqaret kötüyünün yerə atılması 800 dollar məbləğində cərimə ilə cəzalandırılır. Amma Azərbaycanda kim harada istəyir siqaret, siqaret kötüyü, siqaretin qutusunu və s. digər kibrit atırlar. Buna demək olar ki, heç kim nəzarət etmir”.

A.Əbilov Daxili İşlər Nazirliyinin fəaliyyətindən də danışıb: "Bir ara Daxili İşlər Nazirliyi nəzarət etdi. Amma sonralar gördük ki, yox Daxili İşlər Nazirliyi də pandemiya, Qarabağdakı müharibə ilə bağlı qarşısına qoyulan bir çox vəzifələri yerinə yetirmək üçün bu tipli vəzifələri artıq yerinə yetirmək gücündə deyil və ictimaiyyət bu mənada həm Daxili İşlər Nazirliyinə, polisə, həm də özü-özünə və dövlətə kömək etmiş olmalıdır. Hər kəs siqaretə yox deməlidir, hər kəs siqaretin potensial ölüm mənbəyi olduğu, ekologiyanı pozduğu, planetin istiləşməsinə səbəb olduğunu dərk edib “siqaret çəkilməsinə yox deyirik” aksiyasına qoşulmalıdır. Dünyanın hər yerində, sivil cəmiyyətlərdə bu belədir. Təəssüflər olsun ki, biz buna o qədər də əhəmiyyət vermirik. Maşında siqaret çəkib yerə atan, ailəsi ilə gedən zaman avtomobilində siqaret çəkənlər, hətta onun qutusunu, kötüyünü hər yerdə atanlara ictimai qınaq deyən kimi adamın üstünə hücum edirlər və ən qəribəsi də odur ki, ətrafdakılar da bunları dəstəkləyirlər. Hətta bir ara yadıma gəlir ki, Azərbaycanda kiminsə siqaret kötüyü yerə atılırdısa onu ayaqlayıb söndürmək guya ki, başqasının haqqını tapdalamaq demək kimi qəbul olunurdu və insanlar buna görə mübahisələr edirdilər”.

Kulturoloq sonda bildirib ki, siqaretlə yanaşı elektron siqaretlərin də son zamanlar çəkilməsinin şahidi oluruq: "Elektron siqaretlər heç də ənənəvi siqaretdən yaxşı deyil. Əksinə BMT bununla bağlı çağırışlar edib ki, elektron siqaretlərin çəkilməsi də qadağan edilməlidir. Xüsusən də uşaqlar, cavanlar, yeniyetmələr bunu dəb halına alıblar, guya ki, elitar bir şeydir və guya o sıravi siqaret çəkənlərdən fərqlənmək üçün elektron siqaretlər və yaxud siqaret əvəzləyicilərdən istifadə edirlər. Buna qarşı da mübarizə aparmaq lazımdır. Bu mənada bizim qanunvericilikdə cəzalandırma sistemində biraz təkmilləşdirmə aparılmalıdır, cəzalar sərtləşdirilməlidir, lazım gəlsə inzibati məsuliyyətlə yanaşı cinayət məsuliyyəti də tətbiq edilməlidir ki belə mənfi hallar aradan çıxsın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə