Azərbaycanda perspektivli və güclü idmançılar nəsli yetişir - ŞƏRH

Prezident İlham Əliyev: "Biz çalışırıq bütün bölgələrdə, hər bir rayonda müasir idman kompleksləri tikilsin ki, gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olsunlar"

Azərbaycan beynəlxalq arenada idman ölkəsi olaraq tanınıb. Müxtəlif idman yarışlarının ölkəmizdə keçirilməsi və idmançılarımızın yarışlarda qalib olması onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında layiqli yerini tutub. Ölkəmizdə mötəbər idman yarışlarının keçirməsinin arxasında təbii ki, Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, Atletlər kəndi və s. ölkəmizdə fəaliyyət göstərməsi idmana olan diqqətin göstəricisidir. Bu gün ölkəmizin demək olar ki, hər bir guşəsində yeni idman mərkəzləri, olimpiya kompleksləri istifadəyə verilib. Beyləqan Olimpiya İdman Kompleksi, Ağcabədi Olimpiya İdman Kompleksi, Lənkəran Olimpiya İdman Kompleksi və digər şəhərlərdə müasir standartlara cavab verən komplekslər var. Eləcə də paytaxtımızda Bakı Olimpiya Stadionu fəaliyyətdədir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan əlverişliliyi ilə seçilən bu nəhəng idman qurğusu beynəlxalq standartlara tam cavab verir. Stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları məhz bu stadionda təşkil olunub. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu və məşq zalı da istifadəyə verilib.

"İDMANÇILAR HƏM FİZİKİ, HƏM DƏ MƏNƏVİ CƏHƏTDƏN SAĞLAM OLURLAR"

Əlbəttə ki, bütün bunlar, müasir standartlara cavab verən komplekslərin ölkəmizdə inşası Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğının real və əyani təcəssümüdür. Dövlət başçısının çıxışlarının birində qeyd etdiyi kimi, "Əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait olmalıdır. Bu şərait yaradılır. Bakı şəhərində ən mötəbər idman yarışları keçirilir - Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya çempionatları. …hər bir vətəndaş idmanla məşğul olsa, daha sağlam olar. Çünki idman sağlamlığın rəmzidir. İdmançılar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar. Bizim idmançılarımız yarışlarda da, məişətdə də yüksək nümunə göstərirlər. Biz idmançılarımızla haqlı olaraq fəxr edirik".

Bu günlərdə - iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Goranboy Olimpiya İdman Kompleksinin açılışı olub. 2014-cü ildə inşasına başlanılan bu kompleksin ərazisi 3 hektardan çoxdur. Sahəsi 9137 kvadratmetr olan kompleksdə böyük idman korpusu yerləşir. Universal idman zalı 905 tamaşaçı tutumludur. Bu zal basketbol, voleybol, həndbol, mini futbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsinə imkan verir. Bununla yanaşı, taekvondo, sambo, karate, kikboksinq və digər idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün də nəzərdə tutulub.

Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 200-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var. Burada, həmçinin güləş, boks, fitnes-trenajor, aerobika, gimnastika və rəqs zalları, şahmat otağı, konfrans zalı və digər otaqlar yaradılıb. Ərazidə üçmərtəbəli, 44 yerlik mehmanxana da fəaliyyət göstərəcək. Burada da idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var. Futbol stadionunun tribunası 1141 tamaşaçı yerlikdir. Bundan əlavə, iki mini futbol meydançası da qurulub. Voleybol-basketbol meydançası, həmçinin uşaq əyləncə meydançası yaradılıb. Kompleksdə fiziki imkanları məhdud idmançılar və tamaşaçılar üçün də müvafiq şərait yaradılıb.

İDMANIN İNKİŞAFINA GÖSTƏRİLƏN DİQQƏT DÜNYAYA NÜMUNƏDİR

Ölkəmizdə istifadəyə verilən bu kimi idman kompleksləri idmanın inkişafına, mötəbər yarışların ölkəmizdə müvəffəqiyyətlə təşkilində önəmli rol oynayır. "Biz çalışırıq bütün bölgələrdə, hər bir rayonda müasir idman kompleksləri tikilsin ki, gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olsunlar. Bu şəraiti biz yaradırıq".

Qeyd edək ki, pandemiyaya qədər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları təşkil olunub. Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, eləcə də Avropa, dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın idman siyasətinin qələbəsi və beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin real nəticəsidir.

Əlbəttə ki, ölkəmizin idman sahəsində qazandıqları nəticələri də qeyd etmək vacibdir. İdmançılarımıza ayrılan diqqət, göstərilən etimad cavabsız qalmayıb. Sidney görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırdı. Afinadan Azərbaycana 5 medalla qayıdan idmançılarımız Pekin yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla idman tarixinə imza atdılar. Azərbaycana uğur gətirməklə idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadası daha uğurlu oldu. Belə ki, qaliblər üçün nəzərdə tutulan medallardan 2 qızıl, 2 gümüş, 4 bürünc qazanmaqla ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz əlavə aktivlər qazandılar. Bu kimi tarixi nailiyyətlər gənclərimizin idmana maraq və həvəsini daha da artırdı. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları bir daha təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir.

İlk Avropa Oyunlarının, Dünya Şahmat Olimpiadasının, 17 yaşadək futbolçular arasında Avropa çempionatının, bədii gimnastika üzrə Dünya Kubokunun, Formula 1 kimi beynəlxalq yarışların ölkəmizdə keçirilməsi Azərbaycanda idmanın inkişafına göstərilən diqqəti dünyaya bəyan etdi. 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan XIII Avropa Gənclərinin Olimpiya Festivalı atletlərimiz üçün uğurlu oldu. 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla ümumi turnir cədvəlində 22-ci yeri tutdular. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə dövlət tərəfindən bu sahəyə ayrılan diqqət, yeni idman komplekslərinin istifadəyə verilməsi, infrastrukurun qurulması Azərbaycanı idman ölkəsi kimi tanıtmaqla yanaşı, gənc nəslin bu sahəyə marağını daha da artırır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə