"Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir". Bu fikirləri noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən dövlət başçısı çıxışında bildirib.

İşğal altında olan şəhər, kənd və qəsəbələrimizin bir çoxunun Azərbaycan ordusu tərəfindən azad olunması, eləcə də Şuşanın azad edilməsi və noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi artıq düşmənin çıxılmaz vəziyyətdə olduğunu ona anlatdı və məğlubiyyəti ilə üz-üzə qaldı. Belə olduğu halda, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Dövlət başçısının vurğuladığı kimi, Paşinyan öz xoşu ilə bunu imzalamadı və dəmir yumruğun hesabına imzaladı. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunun, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunun qaytarılması bəyanatda əksini tapıb. Artıq Ağdam işğaldan azad olunub və bu gün orada Azərbaycan bayrağı dalğalanır.

"KƏLBƏCƏR AZƏRBAYCANIN AYRILMAZ BİR PARÇASIDIR, HİSSƏSİDİR"

Bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir. Bu gün artıq Kəlbəcər işğaldan azad olur, yeni nəfəs, yeni həyat gəlir Kəlbəcərə. Doğma sakinlərin hənirtisini duyacaq Kəlbəcər. Ulu Öndər Heydər Əliyev deyirdi: "Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar". Artıq o zaman, o gün yetişib. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər sakinlərinə qovuşur.

1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Kəlbəcərin 27 illik həsrətinə, işğalına soy qoyulur. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Birinci Qarabağ müharibəsində öz yurd-yuvalarını qeyrətlə qoruyan kəlbəcərlilər erməniləri torpaqlarına yaxın qoymurdular. 1993-cü ilin mart ayında düşmən strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutur. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-diri yandırdılar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxırlar. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlinə keçir. Mənbələrə əsasən işğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, 100-lərlə adam şikəst oldu. Kəlbəcər rayonunda erməni təcavüzü nəticəsində 24279 uşaq zərər çəkmiş, onlardan 734 nəfəri yetim qalmışdır. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, "İstisu" sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olundu.Kəlbəcər rayonundan olan məcburi köçkünlər Azərbaycanın müxtəlif yerlərində məskunlaşdılar. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 mln. ABŞ dolları dəyərində ziyan dəydi. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açdı. Bu artıq Qarabağın iflası demək idi. Yaşadığız tarix bunu bizlərə, gələcək nəsillərə söyləyir. Tariximizin yaddaşına çökən ağrılar faktlarla danışır.

"ÇAY ÜSTÜNDƏ QALA"

Bəs görəsən bu rayonun daşıdığı adın mənşəyi nədən götürülüb. Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir və ən qədim insan məskənlərindən biridir. Tarixi mənbələrə əsasən, bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir ki, bütün bunlarda bu ərazidə yaşayan insanların tarixi kökündən xəbər vermiş olur.

KƏLBƏCƏR 27 İLLİK İŞĞALDAN ARTIQ AZAD OLDU

Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngin olan diyardır. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 ildir ki, Ermənistan respublikası tərəfindən talan edilirdi. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan ediblər. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da 27 il işğalda qalmışdı.

Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr Alban məbədi, Alban kilsəsi, Lök qalası, Uluxan qalası, Alban kilsəsi, Qalaboynu qalası, Comərd qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və digər abidələr 27 illik işğaldan azad oldu. Artıq 27 illik həsrətdən sonra Kəlbəcərdə qaynar həyat başlayır. Haqq nahaqqa qalib gəldi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan tarixi torpaqlarına qovuşur.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə