Masallı Bioloji Təbabət Klinikası Ordumuzun yanındadır - MÖVQE

Sevindik Becanlı: “Biz, dövlət səviyyəsində müraciət etmişik ki, əgər lazımdırsa klinikamızı Hərbi Hospitala da çevirməyə hazırıq”

2009-cu ildə öz qapılarını insanlarımızın üzünə açan Bioloji Təbabət Klinikası (BOT) Azərbaycanda ən tanınmış tibb müəssisələrimizdən biridir. Bu sağlamlıq ocağı tibb sahəsində dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən olan Almaniya, İsveç, İtaliya və digər ölkələrdə geniş yayılmış biotənzimləyici müalicə üsulunu Azərbaycanda da tətbiq etməklə, sağlamlıq problemləri olan insanların məhz bu zərərsiz terapiya ilə müalicə almasına nail olmaqla böyük işlər görürlər. Bioloji Təbabət Klinikasını Azərbaycana gətirən isə xalqımızın dəyərli ziyalılarından olan iş adamı, hər zaman xalqımızın sağlamlığını düşünən Elxan Yaqubov olub. Məhz onun təşəbbüsü ilə 11 il əvvəl belə bir müasir "Bioloji Təbabət" MMC yaradılmaqla Azərbaycan tibb sahəsinə bir yenilik gəlib.

Əhaliyə yüksək tibbi xidmət göstərmək üçün klinika elə ilk günlərdən son texnologiyalı müayinə və müalicə aparatları ilə təchiz edilib. Biotənzimizləyici terapiya ilə məşğul olan həkimlərin bu sahədəki biliklərinin daha da təkmilləşdirilməsi və artırılması üçün artıq 2001-ci ildən başlayaraq müvafiq kurs və seminarlar təşkil olunub. Ölkəmizin bir-çox tanınmış həkimləri həmin kurs və seminarlarda həvəslə iştirak etməyə başlayıblar və bioloji təbabət sahəsini dünyanın tanınmış həkimlərindən mükəmməl səviyyədə öyrəniblər. Axı Bioloji Təbabət MMC-nin rəhbərliyinin əsas məqsədlərindən biri biotənzimləyici müalicə üsulunu Azərbaycanda daha geniş tətbiq etmək idi. Ona görə də Elxan Yaqubovun uzaqgörənliyi sayəsində ötən illər ərzində Sumqayıtda, Göyçayda və Masallıda da Bioloji Təbabət klinikaları fəaliyyətə başladı. Nəticədə az bir vaxtda bir çox xroniki xəstəliklərin biotənzimləyici terapiya ilə müalicəsində uğurlu nəticələr qazanan Bioloji Təbabət Klinikasında çalışan həkimlərin sorağı artıq respublikamızın sərhədlərini aşaraq Türkiyə, İran, Ərəb ölkləri və hətta Rusiyadan da eşidilməyə başlandı. Çoxları Bioloji Təbabət Klinikasını özünün ümidgahı bildilər və bundan heç yanılmadılar da. Beləliklə, illər keçdikcə orqanizm üçün effektli, ziyansız müalicə üsulu olan biotənzimləyici terapiya öz uğurları ilə əhali arasında özünü daha yüksək səviyyədə təsdiqləməyə nail oldu. Məhz buna görə də öz təcrübələrində bu müalicə üsuluna üstünlük verən həkimlərin də sayı respublikamızda getdikcə artdı. Təsadüfi deyil ki, bioloji müalicə sahəsində azərbaycanlı həkimlərin qazandığı uğurlu nəticələr bioloji təbabətin vətəni sayılan Almaniyada xüsusi mükafata layiq görülmüşdür. Artıq bu gün Azərbaycanın demək olar ki, əksər rayonlarında bioloji təbabət üsullarından istifadə edən həkimlər çalışır. Belə ki, Elxan Yaqubovun təşəbbüsü ilə xarici ölkələrdən dəvət olunan məşhur həkimlərin apardığı seminarlar sayəsində 2001-ci ildən etibarən bioloji təbabət kurslarını ödənişsiz bitirən, sertifikat alan və respublikamızda, qonşu ölkələrdə fəaliyyət göstərən 5 mindən çox həkim var. Ona görə də çox keçmədən Bioloji Təbabət MMC-nin təşəbbüsü ilə bir çox tanınmış həkimləri, alimləri birləşdirən Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti yaradıldı. Biotənzimləyici terapiyanın üstünlüklərini elmi məqalələrlə, praktik nümunələrlə şərh etmək məqsədi ilə yaradılan, hazırda ölkəmizdə tibb sahəsində ən oxunaqlı jurnallardan sayılan və tibb elmləri doktoru, professor Fikriyyə İbrahimlinin baş redaktorluğu ilə çap olunan "Bioloji Təbabət" jurnalı da yeni müalicə sahəsinin təbliğində çox mühüm rol oynayır. Hamı bu jurnalı böyük həvəslə oxuyur.

Artıq Qarabağ müharibəsii başladığı ilk günlərdə və xalqımızın uşaqdan böyüyə kimi hamıda böyük ruh yüksəkliyi olduğu bir vaxtda, biz Elxan Yaqubov və Bioloji Təbabət Klinikaları Şəbəkəsinin sədr müavini Qüdrət Yqaubovla görüşüb “Bioloji Təbabət Klinkiası hər an xalqın xidmətindədir” adlı bir məqalə hazırlamışdıq. Bu yazı az bir vaxtda qəzetlərdə və saytlarda çap olunmaqla çox geniş oxucu kütləsinin marağına səbəb olmuşdu. Həmin yazıda vurğulanırdı ki, Bioloji Təbabət Klinkiası və onun bölgələrdəki filialları Qarabağ döyüşünə hazır olduqları və ölkə başçımıza, Müdafiə Nazirliyinə həmişə dəstək olmaları ilə bağlı müraciət imzalayıblar. Klinikanın həkim briqadası və yüksək səviyyədə təchiz olunmuş iki "Anbulansı" döyüş bölgələrinə getməyə hazırdır.

Mən bu günlərdə Masallıda olanda Bioloji Təbabət Klinikasının Masallı şöbəsində də oldum və gördüm ki, Böyük Vətən Müharibəsi başladığı ilk günlərdən Bioloji Təbabət Klinikasının Masallı Şöbəsinin bütün əməkdaşları Cənub bölgəsində yaralı əsgərlərə, şəhid ailələrinə yüksək səviyyədə xidmət edirlər. Bundan əlavə onların həkimləri də ön cəbhədə olmaqla, orada olan əsgərlərimizə və mülki əhaliyə də əllərindən gələn yardımları edirlər. Bütün bunlarla bağlı mən Bioloji Təbabət Klinikası Masallı Şöbəsinin direktoru Sevindik Becanlı və Bioloji Təbabət Klinikaları Şəbəkəsinin sədr müavini Qüdrət Yaqubovla görüşüb fikir mübadiləsi apardıq.

- Sevindik müəllim. Artıq iki ildir ki, Bioloji Təbabət Klinikasının Masallı Şöbəsi fəaliyyət göstərir. Bu müddətdə artıq Klinika Cənub bölgəsində ən çox sevilən və camaatın ən çox inandığı bir səhiyyə ocağı olub. Siz buna qısa vaxtın içərisində necə nail oldunuz?

- Bizim Avropa standartlarına cavab verən çox yaraşıqlı bir binamız var. Eləcə də bütün tibbi avadanlığımız xarici ölkələrdən gətirilib. Ən əsası isə bizim çox yüksək bilikli, savadlı həkimlərimiz və tibb bacılarımız olan işçilərimiz var. Bura müayinəyə, müalicəyə gələn bütün xəstələr də tam inanırlar ki, onlara lazım olan səviyyədə xidmət göstəriləcək. Xəstəliyin sağalması üçün ilk öncə dəqiq diqnoz qoymaqdır. Tibbi avadanlıqlarımız yüksək səviyyədə olduğuna görə, həkimlərimiz bütün xəstələrə dəqiq diaqnoz qoyub, onun müalicəsinə başlayırlar. Biz, klassik təbabətdən fərqli olaraq xəstəliyi yox, xəstəni müalicə edirik. Yəni xəstə kompleks müalicə oldunduğuna görə tam sağalır. Beləliklə, elə xəstələr özləri sonra bizim ən yaxşı təbliğatçımız olurlar. Öz yaxınlarını da bura gətirib, müalicə etdirirlər. Onların təbliğatı nəticəsində bütövlükdə Cənub bölgəsindən, eləcə də qonşu İran İslam Respublikasından bura xəstələr gəlib, müalicə olunurlar. Bu ilin mart ayından pandemiya ilə bağlı İrandan hələ ki, xəstələr gələ bilmir. Amma Cənub bölgəsindən çox insanlar bizə müraciət edirlər.

- Qarabağda gedən bu döyüşlərlə bağlı eşitmişik ki, sizin Klinika da döyüşən ordumuza kömək etmək üçün hazırdır. Bununla bağlı hansı işləri görmüsünüz?

- Biz bu işdə həmişə dövlətimizə dəstəyik. Hətta dövlət səviyyəsində müraciət etmişik ki, əgər lazımdırsa biz bu klinikanı Hərbi Hospital da çevirməyə hazırıq. Artıq biz yaralı əsgərlərimizi qəbul eləməyə tam hazırıq. Bununla bağlı bütün imkanlarımız və şəraitimiz də var. Bizim fizioterapiya şöbəsinin müdiri Tural Əliyev hal-hazırda Cəbrayıldadır, ön cəbhədədir, xəstələrə də lazım olan bütün köməkliyini edir. Yenə könüllü həkimlərimiz var ki, orduya yazılıblar. Onları nə vaxt çağırsalar döyüşə gedəcəklər. İki "Ambulans" maşınımız da tam hazırdır. Nə vaxt desələr biz onları cəbhə bölgəsinə göndərəcəyik. Əlbəttə, həkim heyyətimizlə birlikdə.

- Sizə cəbhədən gələn yaralılar müraciət edirmi?

- Bəli. Müraciət edirlər. Biz də əlimizdən gələni edirik ki, onlar sağalsınlar. Biz cəbhə bölgəsinə də əsgərlərimiz üçün çoxlu dərman vasitələri göndərmişik. Şəhid ailələrinə də burada mütəmadi köməklik edirik. Onlar hamısı ödənişsiz qəbul və müalicə olunur. Bütün döyüşən əsgərlərimiz bilməlidirlər ki, arxa cəbhədə, Masallı Bioloji Təbabət Klinikasında onların valideynləri, həyat yoldaşları, uşaqları yüksək səviyyədə və təmənnasız müalicə olunacaq. Bununla bağlı yüksək ixtisaslı həkimlərimiz, yüksək səviyyəli tibbi avadanlıqlarımız və lazım olan bütün dərmanlarımız var. 1941-45-ci illər Böyük Vətən Müharibəsində bir şüar vardı, “Hər şey cəbhə üçün. Hər şey döyüşən əsgər üçün”. Bu gün bizim doğma torpağımız, Qarabağımızda da Böyük Vətən Müharibəsi gedir. Erməni faşistləri döyüş getməyən yerləri də atəşə tutur, raket zərbələri ilə çoxlu mülkü əhalini də qətlə yetirirlər. Amma xalqımızda qələbəyə inam böyük olduğundan və xalqımız olkə başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşdiyinə görə hamımızın qələbəyə inamı çox böyükdür. Həmin qələbə günü heç də uzaqda deyil. Qələbə elan olunandan sonra bizim bütün həkimlərimiz həmin yerlərə ziyarətə gedib, orada olan yaralı insanlarımıza da lazım olan bütün tibbi yardımları göstərəcəyik. Haqq biz tərəfdədir. Haqqın qarşısını almaq isə mümkün deyil. Mən mətbuat vasitəsi ilə ermənilərə bu müdrik məsəli çatdırmaq istəyirəm: “Tərslik etməyin. Daşı ətəyinizdən töküb, təslim olun. Bilin ki, bütün axmaqlar tərs olur. Bütün tərslər də axmaq”. Siz, axmaq, faşist xislətli Nikol Paşinyana inanmayın. O, sizi cəhənnəmə sürükləyir. Bir vaxtlar Qarabağda yaşayan məzlum ermənilər yəqin ki, oradan köçməyəcək. Elə orada yaşayacaqlar. Bizm ölkə başçımız da hər dəfə vurğulayır ki, bizim döyüşümüz daşnak düşüncəli, Ermənistandan gəlmiş yaraqlı gavurlarladır. Siz də çalışın həmin daşnaklara fikir verməyin. Özünüz onları Qarabağdan qovun. Bizim bu atalar məsəlimizə əməl eləyin: “Dalaşanda barışmağa yer saxlayın”.

Bioloji Təbabət Klinikaları Şəbəkəsinin sədr müavini Qüdrət Yaqubov son vaxtlar görülən işlər haqqında belə dedi:

- Bizim döyüşən orduya kömək işimiz təkcə Bakıda olan əsas Klinikamızda yox, Sumqayıt, Göyçay və Masallı filiallarında da böyük uğurla davam edir. Yəni biz mətbuata bu haqda ətraflı məlumat vermişdik. Bizim cəbhə bölgəsinə ən yaxın Klinikamız Göyçaydadır. Biz orada orduda döyüşüb yaralanan əsgərlərə, onların ailə üzvlərinə və eləcə də şəhid olan əsgərlərimizin ailə üzvlərinə təmənnasız yardımlar edirik. Bu işi də mütəmadi davam etdirəcəyik.

- Qüdrət müəllim, gəncsiniz, Birinci Qarabağ savaşında iştirak etməmisiniz. Artıq ikinci savaş dövrü başlayıb. Ordumuzun da hər gün yeni zəfərlərə imza atdığını, qələbələrini görürsünüz. Bununla bağlı sizdə hansı əhval-ruhiyyə var?

- Bəli, biz Birinci Qarabağ savaşının aktiv fazasından sonra doğulmuşuq. Amma bir azərbaycanlı ailəsi kimi bu hüzünlü hadisəni valideyinlərimiz, məktəbdə müəllimlərimiz və yaşlı insanlar həmişə bizə danışıblar. Bizi vətənpərvər ruhda tərbiyə ediblər. Baxmayaraq ki, 1994-cü ildə atəşkəs elan olunmuşdu, amma biz daima həmin bölgədə şəhidlər vermişik. Yəni ermənilər tez-tez atəşkəsi pozmaqla əsgərlərimizi, mülki əhalimizi qətlə yetiriblər. Eləcə də bizim yaxın adamlarımız, qohumlarımız, tanışlarımız da atəşkəs dövründə Qarabağ bölgəsində şəhid olmuşdular. Deməli, müharibə 1988-ci ilin fevral ayının 22-dən başlayaraq bu günə kimi davam edirdi. Amma Minsk qrupunun "sülh tərəfdarı" olan həmsədrləri həmişə bizi sakitləşdirməyə, başımızın altına yastıq qoymağa çalışırdılar. Və sonra məlum oldu ki, onlar yalnız ermənilərə işləyirmişlər. İndi də dəridən-qabıqdan çıxırlar ki, yenə də atəşkəs yaradıb, yenə də ermənilərə necə lazımdırsa köməklik eləsinlər. Amma bu dəfə belə olmayacaq. Bu gün döyüşlərdə qalib tərəf biz olduğumuza görə, yalnız biz deyən olacaq. Ölkə başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyev də belə deyir və bütövlükdə Azərbaycan xalqı da sevimli prezidentimizi dəstəkləyir. Biz də bir xalq olaraq, hər şeyə hazırıq ki, qələbə biz tərəfdə olsun və üçrəngli bayrağımız Qarabağın bütün bölgələrində dalğalansın.

- Siz, İngiltərədə ən məşhur təhsil ocaqlarından biri olan Siti Universitetdə təhsil almısınız. Orada Azərbaycanın təbliği ilə bağlı hansı işlər görmüsünüz?

- Təbbi ki. Orada təhsil alan bütün azərbaycanlılarla, diasporumuzun üzvləri ilə, Səfirliyimizlə birlikdə tez-tez tədbirlər keçirirdik. Qarabağda ermənilərin törətdiyi vəhşilikləri, Xocalı faciəsini ingilislərə lazım olan səviyyədə çatdırırdıq. Tez-tez mitinqlər keçirir, İngiltərə Parlamentinin qarşısında yürüşlər, mitinqlər təşkil edilirdik və biz də ora qatılırdıq. İndi həmin arzularımızın reallaşdığını gördükdə, biz buna çox sevinirik. Bu, çox qürurverici bir hissdir. Mənim çoxlu xarici ölkələrdən olan tələbə yoldaşlarım da mənə yazırlar. Onlara bu xoş xəbərləri verməklə çox sevinirəm. Onlara da deyirəm ki, sizi tezliklə bizim cənnətməkan yurdumuz olan Qarabağa dəvət edəcəyəm. Gəlib bu bölgənin gözəlliyini öz gözlərinizlə görəcəksiniz. Eləcə də ermənilərin törətdiyi vəhşilikləri, kəndlərimizi, şəhərlərimizi necə viran qoyduğunu da gəlib öz gözlərinizlə görməklə onların faşist xislətləri ilə də yaxından tanış olacaqsınız. Onu da vurğulayım ki, ermənilər eqoist xalqdırlar. Məşhur filosof Aristotel bu haqda belə maraqlı fikir deyib: “Eqoizm özünə vurğunluq deyil. Bu, vurğunluğun əndazəsini aşmaqdır”. Bax onlar bu əndazəni aşdıqların görə indi dünya xalqları arasında çox gülünc bir vəziyyətə düşüblər. Burada məşhur Ezopun da bir fikri yadıma düşdü: “Tərs adam heç kimə qulaq asmır və nəhayət tərsliyinin qurbanı olur”. Ermənilər də öz tərsliklərinin qurbanı olurlar.

- İnanırıq ki, tezliklə torpaqlarımızı geri qaytaracağıq. Siz gələcəkdə Qarabağda da Bioloji Təbabət Klinikasının filialını açmağı planlaşdırırsınızmı?

- Əlbbəttə, planlaşdırırıq. Elə ən böyük planlarımızdan, istəklərimizdən biri də budur. Allahın köməkliyi ilə ya Xankəndində, ya da Şuşada Bioloji Təbabət Klinikasının şöbəsini yaradacağıq. Həmin bölgənin insanlarına lazım olan səviyyədə xidmət edəcəyik. Qoy uzun illər qaçqın, kökgün həyatı yaşayan insanlarımız orada öz evlərində, dədə-baba ocaqlarında bizə müraciət etsinlər və biz də onların xidmətində lazım olan səviyyədə durmağa hazırıq. Təki sağlıq olsun.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə