Biz fəxr etməliyik ki, dünya nüfuzlu ölkə rəhbərimiz var

Prezident İlham Əliyevin Rusiyanın dövlət başçısına məhz indiki mürəkkəb bir dövrdə zəng etməsi və işğalçı Ermənistanı ciddi faktlarla ifşa etməsi bir daha göstərdi ki, ölkəmizin başçısı beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla qoruyur. Eyni zamanda, Azərbaycanın milli maraqlarına zidd olan hər bir məsələ nəinki Prezident İlham Əliyevin xüsusi nəzarətindədir, hətta dövlətimizin başçısı bu tip məsələlərin milli maraqlarımıza uyğun həlli istiqamətində prinsipial mövqe ortaya qoymağı bacarır. Rusiyanın Ermənistanı silahlandırması faktı həmişə olub və bu gün də davam edir. Xatırlayırsınızsa hələ 1995-ci ildə Rusiya Ermənistana 1 milyard dollarlıq silah hədiyyə etmişdi, onların içində 300 km-lik məsafəsi olan «SKUD-B» raketləri də var idi. O zaman Azərbaycan hakimiyyəti buna qarşı etirazını bildirdi, lakin daha sonrakı illərdə raketlərin satışı davam etdirilirdi.

Daha sonra 2015-ci ildə imzalanan kredit müqaviləsi çərçivəsində 2016-cı ildə Rusiya Ermənistana «İskəndər» raket kompleksləri, "TOS 1A" ağır odatanları, "Smerç" yaylım atəşli reaktiv sistemləri və onların döyüş maşınları, nəqliyyat avtomobilləri və digər texniki vasitələr, eləcə də atıcı silahlar və helikopterlərin satışını həyata keçirdi. Bu müqaviləyə əlavə olaraq Ermənistan 4 ədəd "Su-30SM" qırıcısı, eləcə də bu təyyarələrin aerodrom avadanlıqları və təyyarələr üçün uzunmənzilli antiradar raketlərini sifariş verdi. Bu təyyarələr sentyabr ayında ilk uçuşlarını reallaşdırdı, hazırda isə onlar Ermənistan Hava Qüvvələrinin tabeliyində fəaliyyət göstərir. Bununla yanaşı, təyyarələr üçün olan aviasiya bombaları, "X-31" antiradar raketləri, "Tor2-KM" zenit-raket kompleksləri Ermənistana çatdırıldı. Bundan əlavə, Ermənistan Rusiyaya özüyeriyən minaatan sistemlərini də sifariş verib. Burada bir önəmli məsələyə də diqqət yetirilməlidir ki, 1990-cı illərin ortalarından başlayaraq Rusiyanın Ermənistanı silahlandırması davam edib. Hətta bu barədə general-mayor Lev Roxlin 1997-ci il aprelin 2-də Dövlət Dumasının qapalı iclasında ifşa xarakterli çıxış edərək Rusiya siyasi rəhbərliyini ciddi şəkildə tənqid etmişdi.

Bundan başqa, bir müddət əvvəl Yerevan və Moskva arasında imzalanmış kredit sazişi üzrə Rusiyanın Ermənistana 200 milyon dollar dəyərində silah tədarükü başa çatdırılıb. Bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib: "Müasir silahlar tədarük edilib. İstisna deyil ki, bu cür silahlar heç Rusiya ordusunun özünün arsenalında yoxdur".

Bütün bu faktlar bir daha təsdiq edir ki, Rusiyanın Ermənistanı silahlandırmağa davam etməsi işğalçı ölkəyə dəstəkdir. Belə silahlandırma isə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir və bu fakt mövcud status-kvonun saxlanmasına xidmət edir. Bir daha aydın olur ki, Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT-in Minsk qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizliy"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir. Ermənistanın Tovuz sərhədindəki hərbi təxribata və onun ciddi şəkildə silahlanmasına hələ də susqunluğunu davam etdirən ATƏT-in Minsk qrupu bir daha göstərdi ki, bu beynəlxalq qurum uzun illərdir üzərinə götürdüyü vəzifə və öhdəlikləri hələ də yerinə yetirə bilmir. Bu qurum bir çox hallarda ya ikili standartlara yol verir, ya da ki, açıq şəkildə ermənipərəst mövqe tutmaqla işğalçıya dəstək verir.

Təbii ki, artıq bu rəzilliyə bir son vermək lazımdır. Xüsusilə buna görə də ATƏT-in Minsq qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalıdır. Ən ədalətli mövqe və tələb isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə Türkiyənin də Minsk qrupuna həmsədr üzv kimi qoşulmasıdır.

Fərhad Cəfərquliyev,

Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...