Azərbaycanın silahlı qüvvələri istənilən təxribatın qarşısını almağa qadirdir

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular şəhid olub. Ermənistan tərəfinin növbəti təxribatına qarşı adekvat cavab verilib. Şəhid hərbçilərimizin qisası alınıb. Əslində, Ermənistan silahlı qüvvələrinin bu dəfəki təxribatının da özlərinə uyğun bir neçə səbəbi var.

Əvvəla, Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Xüsusi sessiyanın keçirilməsi ilə bağlı təklifi 130 ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bəşəri bəla olan COVID-19 -la bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bütün dünyanın diqqətini öz çirkin siyasi əqidəsinə yönəldib. Azərbaycan dövləti dünya birliyini koronavirusla mübarizədə həmrəy olmağa, birləşməyə səslədiyi bir zamanda Ermənistan bu təşəbbüsə əks mövqe sərgiləyib. Azərbaycanın regionda və dünyada artan nüfuzu, bu nüfuzun fonunda isə Beynəlxalq Təşkilatların daha da təkidlə və aydın şəkildə Ermənistanı işğalçı adlandırması heç şübhəsiz ki, vandal təxəyyüllü düşmənlərimizdə yeni qıcıqlar yaradıb və provokasiya təhrikini doğuran elementlərdən biri də məhz budur. İkincisi, pandemiya dövründə Paşinyan və onun hakimiyyəti həm siyasi, həm də iqisadi sahədə sözün gerçək anlamında çöküb. Belə olan halda isə Paşinyan düşünüb ki, cəbhə bölgəsində təxribat törətməklə ictimai fikri yayındırmaq olar. Amma yenə yanılıb. Növbəti dəfə Azərbaycan ordusunun gücünü hesablaya, proqnozlaşdıra bilməyib.

Ermənistanın koronavirusla mübarizədə daha bərbadlaşan daxili vəziyyəti, beynəlxalq arenada dəstəyinin olmaması, dəfələrlə rüsvay duruma düşməsi, Azərbaycanın dünya miqyasında artan nüfuzu işğalçı tərəfin çirkin əməllərinin, məkrli planlarının daha da qabartdı. İyulun 12-də baş verən proseslər də bir daha göstərdi ki, Azərbaycanın silahlı qüvvələri istənilən təxribatın qarşısını almağa qadirdir. Qısa müddətlik döyüşdə erməni hücumu nəinki dəf edildi, hətta yağı düşmənin yetərincə hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Düzdür, hələ ermənilər itkilərini etiraf etmirlər. Daha dəqiqi, bu etirafı 5-ci, 6-cı dərəcəli məmurların vasitəsilə “facebook” üzərindən edirlər. Amma fakt budur ki, dünəndən etibarən erməni qüvvələri yetərincə itki verib. Qeyri-rəsmi məlumatlara görə elə ancaq erməni ordusunun 30-dan çox əsgəri məhv edilib. Bu isə onların növbəti fiaskolarıdır.

Azərbaycanın şanlı ordusu peşəkardır, möhkəmdir və yerindədir. Bizim əzəli torpaqlar onsuz da geri qaytarılacaq. Azərbaycanın ərazi bütövlüyü enində-sonunda bərpa olunacaq, reallaşacaq. Sadəcə Ermənistan indi saman çöpü axtarışındadır, eyforiyadadır, anlayır ki, işğal etdiyi torpaqları geri qaytarmağa məhkumdur. Ona görə də belə mənasız provokasiyalara əl atır və suyu növbəti dəfə bulandırmağa çalışır.

Azər Ələkbərov, 22 nömrəli orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə