Bu gün vətəndaş dəstəyinə ehtiyac duyulur - MÖVQE ÖZƏL

"Təəssüflər olsun ki, dünyada tüğyan edən Covid-19 pandemiyası Azərbaycanımızdan da yan keçmədi. Lakin Məhz Heydər Əliyev siyasi məktəbinin davamçısı İlham Əliyev kimi güclü lider idarəçiliyi və onun vaxtında, uzaqgörənliklə verdiyi qərarların nəticəsidir ki, artıq aylardır dünyanı öz cənginə alan bu dəhşətli pandemiyadan ölkəmiz, dövlətimiz üzüağ çıxır. İlham Əliyev siyasətinin dəqiqliyi, mükəmməlliyi sayəsində Azərbaycan dövləti pandemiya ilə mübarizədə çevik reaksiya verərək, təhsil müəssisələrini bağlamaqla, sərhədləri bağlamaqla, ciddi karantin qaydaları tətbiq etməklə, karantin müddətində əhalinin evdə qalmasına baxmayaraq əmək haqqı və birdəfəlik ödəmələrlə təmin etməklə, sosial yardıma ehtiyacı olan insanlara mütəmadi yardımların və qayğının təmin olunması ilə, könüllü qüvvəsinin işə cəlb olunması ilə, həmçinin səhiyyə sahəsindəki islahatlar, 10 yeni modul tipli xəstəxanaların açılması, tibbi maskalar və əlcəklər istehsal edən fabriklərin fəaliyyətə başlaması və digər bir sıra ilklərə imza ataraq bir daha dünyaya nümunəvi model təqdim etmiş oldu". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nərimanov rayon Təşkilatı Gənclər Birliyinin sədri və baş məsləhətçisi Nərminə Yunusova deyib.

O, bildirib ki, fürsətdən istifadə edərək hər bir gənc kimi mən də ölkə rəhbəri cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya bu çətin sınaqdan Azərbaycan xalqını və dövlətini səhvsiz çıxardığı üçün, bu məsuliyyətli ərəfədə dünya arenasında Azərbaycanı bir daha zirvədə saxladığı üçün öz minnətdarlığımı bildirmək istəyirəm: "Lakin bunu da qeyd etməliyik ki, tək dövlətin səyləri bəzən kifayət etmir. Bu virusu tez bir zamanda və az zərərlə aşmaq üçün vətəndaşlarımızın da dəstəyinə ehtiyac duyulur".

N.Yunusova vurğulayıb ki, hər birimiz virusdan qorunmaq üçün qaydalara əməl etməliyik: "Tibbi maskalardan istifadə etməklə, sosial məsafəni saxlamaqla, sosial izolyasiya qaydalarına ciddi əməl etməklə, qadağan olunan günlərdə evdə qalmaqla əslində həm özümüzü, həm doğmalarımızı virusdan qorumuş olarıq, həm də dövlətimizə bu bəladan tez qurtulması üçün dəstək verərik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...