Lənkəranda asfaltlama işləri aparılır

Bir neçə gündür ki, Lənkəran və Liman şəhərləri ərazisində daxili yolların təmir-bərpa işlərinə başlanılıb. SİA-nın məlumatına görə, ümumi uzunluğu 4.6 km olmaqla 8 küçədə yollara 25000m2 isti asfalt döşənilməsi işləri aparılır. Görülən işlər 2020-ci ilin büdcə vəsaitləri hesabına həyata keçirilir. Əsaslı şəkildə təmir olunacaq küçələrdə qabaqcadan texnikaların köməyi ilə torpaqlama işləri aparılıb. Yolların yataq hissəsinə çınqıl döşənilərək torpaq kipləşdirilib. Aparılan təmir-tikinti işləri çərçivəsində əvvəllər asfalt örtüyü olan və sıradan çıxan hissələrində köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək hamarlanır. Daha sonra yeni asfalt-beton örtüyü döşənir. Hazırda bu iş davam etdirilir. Yolların təmirini Lənkəran Yol Tikinti ASC həyata keçirir.

Uzun illərdən bəri mövcud olan yol problemlərinin aradan qaldırılması sakinlərin ürəyincə olub. Sakinlərdən Xamməd Əbilov, Əli Abidov, Fərid Heydərov və digərləri rayon rəhbərliyi tərəfindən yaşadıqları küçənin əsaslı təmir olunmasına rayon büdcəsindən vəsaitin ayrılmasına görə, xüsusilə də ölkədə aparılan tikinti-quruculuq işlərinə, həyata keçirilən Dövlət Proqramlarının təşəbbüskarı kimi cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Şəhərin 28 may küçəsində aparılan təmir-bərpa işlərinin vəziyyəti ilə yerində tanış olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşov məhəllə sakinləri ilə salamlaşıb. Onların təkliflərini dinləyib. Sakinlərə bildirib ki, kanalizasiya xətlərinin də əsaslı şəkildə yenidən qurulması istiqamətində Dövlət Proqramının icrası nəzərdə tutulub.

İcra başçısı COVİD-19 pandemiyası dövründə bütün dünya iqtisadiyyatında geriləmə olduğu bir vaxtda ölkəmizdə sosial layihələrin icrasının davam etdirildiyini qeyd edib. Bildirib ki, ölkə başçısı vətəndaşların soaial rifahının təmin olunması ilə yanaşı onların sağlamlıqlarının da qayğısına qalır. Eyni zamanda vətəndaşların da karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməsi, tibbi-mühafizə vasitələrindən istifadə ediməsini, təmas məsafəsinin gözlənilməsinin vacibliyi mühüm şərtdir. İcra başçısı sakinləri bütün bunlara riayət etməyə çağırıb.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə