“Binə Aqro”, “İSR Holdinq” və “A-Qrup Sığorta”dan tənha ahıllara qayğı

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 65 yaşdan yuxarı insanların pandemiyadan qorunması məqsədilə evdən çıxmaları qadağan edilib.

ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, həmin kateqoriyadan olan tənha yaşayan insanlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlərin göstərilməsi işləri davam etdirilməklə yanaşı, ayrı-ayrı biznes qurumları da sosial məsuliyyətdən çıxış edərək tənha ahıl insanlara zəruri istehlak məhsulları ilə təmin edilmələrində qayğısını göstərir.

Buna misal olaraq "Binə Aqro" QSC, "İSR Holdinq" şirkətlər qrupu və "A-Qrup Sığorta" ASC tərəfindən bu istiqamətdə yaşlı insanlara hörmət və qayğıkeşlik hissi ilə, eyni zamanda, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədli nəcib sosial təşəbbüslər reallaşdırılır.

"Binə Aqro" şirkəti 2200, "İSR Holdinq" şirkətlər qrupu 500, "A-Qrup Sığorta" şirkəti də 525 tənha ahılın birdəfəlik qaydada ərzaq yardımı ilə təminatını həyata keçirməkdədir.

Qeyd olunan sosial təşəbbüslər biznes nümayəndələri tərəfindən xüsusilə indiki şəraitdə sosial həmrəyliyə dəyərli bir töhfə və xeyriyyəcilik ənənələrinin davamlı olması yolunda atılan addımlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...