"Bu, yalnız Paşinyanın deyil, bütün erməni siyasi elitasının çox böyük bir məğlubiyyətidir”

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevin dəmir məntiqi, tarixi faktlara əsaslanan çıxışı Nikol Paşinyanı növbəti dəfə məğlubiyyətin acısını dadmağa məcbur etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Politoloq deyib ki, Prezident İlham Əliyev tarixi faktlara əsaslanan çıxışı ilə haqqın, ədalətin bizim tərəfimizdə olduğunu bütün dünyaya göstərdi.

“Dünyada qaynar nöqtələrin sayı artır, təhlükəsizliklə bağlı həyəcan təbili çalınır. Ən kiçik bir problem böyük toqquşmalara gətirib çıxarır. Panel müzakirələrdə moderator qismində çıxış edən amerikalı xanımın mövqeyi də aydın göstərir ki, Qarabağ münaqişəsinin həllinə doğru həm əlverişli şərait formalaşıb, həm də bölgədəki vəziyyət bir qədər sabitləşib. Panel müzakirələrdə dünya ictimaiyyəti tərəflərin bu münaqişəyə münasibətini aydın gördü. Azərbaycan Prezidenti problemin kökündə nəyin durduğunu dünya ictimaiyyətinə çatdırdı. Dövlət başçısının təmkinli çıxışı, səlis danışığı, tutarlı dəlilləri, faktlarla danışması Paşinyanı və onun təmsil olunduğu sistemi ifşa etdi. Polemikanın gedişi göstərdi ki, Ermənistan sərsəm siyasəti ilə digər ölkələrdə özünə qarşı nifrət oyadır. Azərbaycan Prezidenti sübut etdi ki, Paşinyanın iddialı konsepsiyası və siyasəti özlüyündə dünya üçün böyük təhlükədir. Faktlar qarşısında aciz qalan Ermənistanın baş naziri Azərbaycan rəhbərinə növbəti dəfə məğlub oldu və acizliyini boynuna aldı. Düşünürəm ki, bu, yalnız Paşinyanın deyil, bütün erməni siyasi elitasının çox böyük bir məğlubiyyətidir”, – deyə T.Abbasov vurğulayıb.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanın baş nazirinə əsl dərs verdi. Paşinyan bu dərsi, bu məğlubiyyətin acısını uzun zaman unutmayacaq. Bu hadisə Ermənistanda böyük ajiotaj yaradıb. Hazırda ermənilər pərişandır və ruh düşkünlüyü yaşayırlar. Paşinyanın biabır və məğlub olmaması üçün bir yolu var idi. O, inqilab yolu ilə hakimiyyətə gələndə nağıl danışmaq əvəzinə, dərhal Qarabağ məsələsinin həll olunmasına cəhd göstərsəydi və sələflərinin etdiklərini təkrarlamasaydı, onun üçün daha yaxşı olardı. Paşinyan bu debatda özündən əvvəlki Ermənistan rəhbərlərinin günahlarının daşıyıcısı kimi neqativ, mənfi obrazda çıxış etməli oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...