Azərbaycan xalqının milli azadlıq mübarizəsində və keçmiş SSRİ-nin dağılması prosesində 1990-cı il 20 Yanvar hadisələrinin- Bakıda silahsız əhaliyə və dövrdəki sovet vətəndaşı olan azərbaycanlılara qarşı keçirilən irimiqyaslı hərbi əməliyyat nəticəsində törədilmiş qətliam yeni, həlledici mərhələnin başlanğıcı oldu.

20 Yanvar qırğını milli azadlıq mübarizəsi və ana vətən, ana torpaq uğrunda ŞƏHİD OLMAQ, ŞƏHİDLİK ZİRVƏSİ, ŞƏHİDLİK MƏQAMI məhfumlarının azərbaycan xalqının yaddaşında təzələnməsi və fəth olunması baxımından milli-mənəvi qalibiyyətin, zəfər şirinliyinin, birliyinin, gücünün real qələbə şərbətinin dadının hiss olunması baxımından Azərbaycan xalqının böyük nailiyyətinə çevrildi. Kütləvi qətl hadisəsindən iki gün sonra milyonlarla insanın bu “Zərbə”dən özünə gəldiyi, özünə qayıtdığı və birləşərək ayağa qalxıb şəhidlərin dəfn mərasiminə qatılması və şəhidlik məqamına, şəhidlik zirvəsinin ucalığına böyük izdihamla yüksəlməsi mənəvi qələbənin rəsmiləşməsi oldu.

Və 20 Yanvar hadisəsi Azərbaycan xalqının SSRİ adlı dünya nəhəngi üzərində mənəvi qələbəsi, milli azadlıq mübarizəsi prosesinin yeni dönməz xarakterik mərhələsini formalaşdırdı.

Təkcə Azərbaycan xalqı deyil, SSRİ sərhədləri daxilində yaşayan digər çoxsaylı xalqlar da öz vətəndaşına qarşı ağır texnikadan istifadə edərək irimiqyaslı hərbi əməliyyat keçirdən bir dövlətin onların milli dövləti olmadığı inancının əminliyi qənaəti qətiləşdi.

Bu isə imperiyanın dağılması üçün çox ciddi faktor olaraq yeni prosesin başlanğıc, dönüş məqamı idi. Beləliklə azadlıq uğrunda 1990-cı il 20 yanvarda şəhid olmuş vətən övladları öz qanları ilə təkcə Azərbaycanın deyil, bir çox xalqların da azadlığı uğrunda böyük qəhrəmanlıq nümunəsi vermiş oldular.

Qanlı Bakı qırğının miqyasını göstərmək üçün həmin əməliyyatın texniki detallarına qısa diqqət yetirmək neçə nəhəng və qəddar qüvvəyə qarşı azərbaycanlıların qəhrəmanlığını görmək olar.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyi Mixail Qorbaçov başda olmaqla göstərişi ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya 35 minlik (bəzi məlumatlara görə, qoşun sayı 60 min nəfərə çatırdı) ordu yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları “oynayırdı. Yanvarın 19-dan 20-nə keçən gecə axşam saat 7:30-da televiziya stansiyasınin enerji bloku partladıldığından televiziya yayımı kəsilmişdi. Yanvarın 20-nə keçən gecə 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda–Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü. Sonradan araşdırmalar aparan Moskvadakı "Şit" ("Qalxan") adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəldi ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparıb. Qrup hərbi əməliyyata şəxsən başçılıq etmiş müdafiə naziri Dmitri Yazova qarşı cinayət işi açmaq tələbi ilə çıxış etdi.

Azərbaycanı informasiya blokadasına almaqla Bakı şəhərində hərbi əməliyyat bir neçə istiqamətdən həyata keçirilmişdir.

Hücum əməliyyatı

Binə-Qala marşrutu Sovet qoşunlarının Binə-Qala yolu ilə hərəkəti 1990-cı il yanvarın 19-u saat 22:00 radələrində başlayıb. Azərbaycan xalqı ilk qurbanlarını da elə Binə-Qala yolunda verib. Həmin istiqamətdən Bakıya doğru hərəkət edən qoşunların qarşısını keçmiş "Komsomol" dairəsində dinc əhalinin barrikadası kəsib. Gecə saat təqribən 11 radələrində barrikadanı yaran qoşun «Komsomol» dairəsində təcili yardım maşınlarına da atəş açıb. Təcili yardım maşınında olan həkim Aleksandr Marxevka yaralılara tibbi yardım göstərmək istəyərkən həlak olub.

Salyan kazarmasından hərəkət Yanvarın 16-dan Biləcəridən Bakı şəhərinə gələn yolda, o zamankı "İskra" zavodunun qarşısında piket qurulmuşdu. Yanvarın 20-si tanklar birinci Salyan kazarması tərəfdən hücuma keçdi. Hərbçilərdən çoxu Stavropol vilayətindən gəlmişdi. Bir tank Suvorov (indiki 20 yanvar) küçəsilə Tbilisi prospektinin kəsişdiyi yerdən tramvay xəttinin üzərindən gəldi. Camaat onlardan geri dönməyi tələb etdikdə, mübahisə yarandı. 5-6 dəqiqəlik mübahisədən sonra tankdan piket iştirakçıların üstündən qarşıdakı binaya atəş açdılar. Hərbçilər piketçilərə qaz bombaları. Piketçilər yerlərindən qalxıb dağılışmaq istəyirdi. Lakin hərbçilər onlara arxadan atəş açdı. Salyan kazarmasından saat 23:50 radələrində ağır texnikanın müşayiəti ilə çıxan qoşun Bakının tutulmasında müstəsna xidmətlər göstərib. Kazarmanın girişini əliyalın insanlar kəsdiyindən qoşun divarı uçuraraq hərəkət edib. Salyan kazarmasının qarşısında 20-yə qədər mülki insan öldürülüb. Bundan sonra qoşun üç istiqamətdə hərəkət edib. Birinci istiqamət köhnə avtovağzal, ikinci istiqamət "20 Yanvar" meydanı, üçüncü istiqamət isə keçmiş "Kimyaçılar Evi"-nin yanı ilə metronun Elmlər Akademiyası metrostansiyası stansiyasının qarşısı olub. Sonradan həmin qoşunun bəzi bölmələri keçmiş Mərkəzi Komitə, indi isə Prezident Administrasiyasının binasının qarşısına qədər hərəkət edib. Gecə saat 1-ə qalmış Mərkəzi Komitənin yanından keçən qoşunlar ora toplaşmış insanları dağıtmağa bir elə də cəhd göstərməyib.

Səhər saat 9 radələrində isə Mərkəzi Komitənin binası qarşısında qoşunların hərəkətini dayandırmaq üçün Anar Qəribov adlı bir şəxs özünü BTR-in altına atıb. 7 gün koma vəziyyətində qalan bu şəxs xoşbəxtlikdən vəfat etməyib.

"Qurd qapısı" marşrutu

"Qurd qapısı" istiqamətindən isə Sovet qoşunları saat 24:00 radələrində hərəkət etməyə başlayıb. Badamdar yolunu kəsən bu qoşun hissələri də sonradan üç istiqamətdə hərəkət edib. Birinci istiqamət metronun "Elmlər Akademiyası" stansiyası, ikinci istiqamət keçmiş "Sovetski" küçəsi, üçüncü istiqamət isə Ali Sovetin qarşısı olub.

Sumqayıt - "Nasosnı" marşrutu

Gecə saat 12-yə qalmış həmin istiqamətdən də hərəkət edən qoşunlar həm Biləcəri yolunda qurulan barrikadanı uçuraraq bu qəsəbəyə, həm də Bakıya daxil olub. Biləcəri qəsəbəsində, «Şamaxinka» deyilən ərazidə və keçmiş "XI Qızıl Ordu", indiki "20 Yanvar" meydanında çoxsaylı ölənlər, yaralananlar olub.

İnsanların çoxu indiki metroya tərəf qaçdı ki, keçidə girsinlər. Lakin tanklar buna imkan vermədi. Qaranlıqda, ağacların arxasında, hətta ağaca çıxaraq gizlənən insanları projektorlar vasitəsilə tapıb güllələyirdilər.

Xəzər dənizində Sovet Hərbi Donanmasının hazırlıq əməliyyatları

1990-cı il yanvarın 19-u gecə saat 23-dən Xəzər dənizindəki sovet hərbi gəmiləri döyüş hazırlığı vəziyyətinə gətirilir. SSRİ Müdafiə Nazirliyinin rəhbərliyi ehtiyat edirdi ki, Bakıdakı əməliyyatlar zamanı Xəzər dənizindəki mülki Azərbaycan gəmiləri onlara mane ola bilər. 20 yanvar deputat istintaq komissiyasının məlumatlarında deyilir ki, 19-dan 20-nə keçən gecə təqribən 2 minə qədər erməni qaçqını Bakı limanından Krasnovodskiyə yola salınmalı idi. Yanvarın 20-si səhər isə Bakıda belə bir şayiə yayılmışdı ki, Sovet qoşunlarının işğalı nəticəsində öldürülən dinc sakinləri Xəzər dənizinə tökmək istəyirlər. Odur ki, yanvarın 20-i erməni qaçqınların yerləşdiyi gəmi Krasnovodskiyə doğru hərəkət etmək istəyərkən onların qarşısını mülki Azərbaycan gəmiləri kəsir. Bu aksiya təqribən iki saat çəkir. Sonradan bu aksiyada iştirak edən Azərbaycan gəmilərinin heyəti həbs edilir.

Kəşfiyyat məlumatına görə, hərbçilərin hədəfi Bakı portu idi, hansı ki, "Sabit Orucov" gəmisi SOS! siqnalı ilə bütün dünyaya faciə barədə məlumat vermişdi. Şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə qoyaraq bütün gəmiləri Bakı buxtasına yığmışdılar. Yanvarın 21-də saat 20.30 dəqiqədə iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər silahlı quldurlarla əliyalın qeyri-bərabər mübarizəyə girişmişdilər. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində "Neftqaz-18", "Neftqaz-64", "Aktau", "Şirvan-2", "Çeleken-1", "Atlet-21", "Vodoley-4" gəmiləri ciddi surətdə zədələnmişdi. 25 yanvarda Bakı buxtasının qarşısını almaq üçün gəmilər, dəniz desantları tərəfindən ələ keçirilmişdi.

20 Yanvar hadisələrindən əvvəl və sonra da keçmiş SSRİ ərazisində öz vətəndaşlarına qarşı digər respublikalarda da Qazaxıstan, Gürcüstan və Litvada keçirilən hərbi əməliyyatların ən irimiqyaslısı Bakıda baş vermişdir.

17 dekabr 1986-cı il. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov.İKP MK) Baş katibi M.S.Qorbaçovun əmri ilə Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) 5-ci idarəsinin rəisi general-polkovnik Bobkovun rəhbərlik etdiyi hərbi qüvvə Qazaxıstan paytaxtı Alma-Atada keçirilən nümayişi yatırtmaq üçün bu Orta Asiya respublikasına yeridildi. Həmin gün Alma-Atada imperiyasının zülmünə etiraz edən dinc əhali küçələrə çıxmışdı. O vaxtadək sovet xalqlarına xilaskar ordu kimi təlqin edilən Qızıl Ordu dinc nümayişçilərlə vəhşicəsinə davranaraq onlara divan tutdu. Nəticədə 174 nəfər insan qətlə yetirildi, yüzlərlə insan yaralandı və həbs olundu.

9 aprel 1989-cu il. Həmin gün Gürcüstanda Moskvanın ikili siyasətinə etiraz edən kütlə Tiflisdə dinc nümayiş keçirirdi. Qorbaçovun göstərişilə Tiflisə yeridilən rus qoşunları Alma-Atada törətdikləri qanlı hadisələri burada da təkrarladılar. Tiflis olayları zamanı hətta əhaliyə qarşı kimyəvi silah da tətbiq olundu. Gecə saat 4.00-da başlanan əməliyyət nəticəsində 19 nəfər qətlə yetirildi. Onlardan 15-i qadın (iki nəfər 15-16 yaşlı qızlar) olub. 1000-dən çox adam rus ordusunun onlara qarşı istifadə etdyi kimyəvi silahdan zəhərləndi. Qeyd edək ki, Tiflis hadisələrini təhqiq edən ekspert, polkovnik A.A.Qorbovski dinc əhaliyə qarşı zəhərləyici qazlardan istifadə olunduğunu təsdiqləyib.

13 yanvar 1991-ci il. Vilnüsdə meydana çıxan ölkə vətəndaşları Litvanın SSRİ-nin tərkibindən çıxması və ölkənin müstəqilliyinin tanınması tələbi ilə çıxış edirdi. İmperiya rəhbərliyinin əmrilə bu dəfə Vilnüsə girən Qızıl ordu növbəti qətliam törətdi. Nəticədə 14 nəfər öldürüldü, yüzlərlə insana ağır bədən xəsarətləri yetirildi. Bununla belə mübarizəni davam etdirən Litva xalqı 1991-ci ilin fevralında keçirilən referendumla müstəqilliyini elan etdi. Həmin il sentyabrın 6-da isə Rusiya Litvanın müstəqilliyini tanımağa məcbur oldu.

Bakı qətliamının səhərisi günü Azərbaycan xalqının böyük oğlu dünyada tanınmış ictimai-siyasi dövlət xadimi Heydər Əliyevin 20 Yanvar hadisəsinə Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi ilk siyasi qiymət, baş vermiş cinayətin dünya ictimaiyyətinə çatdıtılmasında, Azərbaycanın informasiya blokadasının yarılmasında və imperiyanın süqutunda çox vacib və önəmli rol oynadı. Sovet İerarxiyasının zirvəsində işləmiş təcrübəli dövlət xadiminin 20 yanvar hadisəsini təhlil edib ilkin qiymət verərək cinayətkarları açıq ittiham etməsi Sovetlər tarixində yeganə hadisə idi. Bu hadisə həm azərbaycan xalqının birləşərək, toparlanaraq ayağa qalxmasında həm də Sovet hökümətinin daxili və xarici imicinin dağılmasında çox müstəsna rol oynadı.

1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyində keçirilmiş yığıncaqda Heydər Əliyevin Bəyanatı

21 yanvar 1990-cı il, Moskva

“Əziz həmvətənlərim, xanımlar və cənablar!

Bildiyiniz kimi, uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmiş, Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.

Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan bu məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm. Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı. Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür. Söhbət, əslində, Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır? Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan, əslində, qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə, sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi. Ancaq iş təkcə bununla bitmir.

İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsə idi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə, hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur.

Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər.

Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. Yeri gəlmişkən deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir?

Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər -4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də mə-suliyyət daşımalıdır. Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.

20 Yanvar şəhidləri xalqımızın milli-müstəqillik yoluna çıraq tutan unudulmaz qəhrəmanlardır. Azərbaycan xalqı milli azadlıq, milli müstəqillik və ərazi bütövlüyümüzün qorunması və bərpa olunması uğrunda canından keçən- ŞƏHİDLİK MƏQAMINA yüksələn, ŞƏHİDLİK ZİRVƏSİNİ fəth edən hər bir övladının amalları uğrunda canından keçdiyi, qanları tökülən ana torpağımızı və ana vətənimizi qorumağa borcludur. Bu borc Azərbaycan xalqının ŞƏHİDLƏR qarşısında olan unudulmayan mənəvi borcudur.

Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi baş verən faciəni qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

“Resurs” Analitik İnformasiya Mərkəzi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...