Müsavatçılar arasında "miqrant alveri" qırğını başladı

Ramis Yunus Arif Hacılını hədəfə alıb

Almaniyada miqrant alveri adı altında biznes quran bir qrup müsavatçının saxlanılmasının ardınca, Müsavat partiyasının başqanı Arif Hacılı öz partiyadaşları tərəfindən sərt ittihamlara məruz qalması ilə yanaşı, növbədənkənar qurultayın çağırılıb, onun istefa verməsi tələbləri də irəli sürülməyə başlanılıb. Bu dəfə ABŞ-da yaşayan müsavatçı Arif Yunus A.Hacılıya qarşı bir sıra sərt ittihamlar irəli sürərək, iddia edib ki, bütün bunlardan sonra başqan mütləq şəkildə öz postunu tərk etməlidir. O, Hacılının Müsavat partiyasının "imicinə" zərbə vurduğunu bildirib.

Arif Yunus: "Bu biabırçı vəziyyətin öhdəsindən gəlmək üçün növbədənkənar partiya qurultayını çağırmağı məsləhət görürəm"

"Alman federal polisi tərəfindən açılmış cinayət işində hallanan Avropada bu partiyanın "AKM" adi altında yaradılan mərkəzin təşəbbüskarı, şəxsən indiki başqan A.Hacılıdır. Bütün sivil dünyada, belə hallarda, partiyanı zərbədən uzaqlaşdırmaq üçün onun rəhbəri istefa verir və məhz buna görə hörmətli Arif bəy istefa mədəniyyətini göstərməyinizi və bu biabırçı vəziyyətin öhdəsindən gəlmək üçün növbədənkənar partiya qurultayını çağırmağı məsləhət görürəm" deyə tələb irəli sürən A.Yunusun bu sözlərindən qıcıqlanan A.Hacılı, ona cavab verib və əsassız iddia irəli sürüb: " Almaniya polisinin hansı sənədində Müsavat "AKM" sözü var? Müsavata qarşı bu böhtan və qarayaxma kampaniyasına nə zaman son verəcəksiniz?"

Buna baxmayaraq, məhz A.Hacılı bir neçə il əvvəl, Avropada təsis olunan Müsavat AKP-nin iclasına qatılaraq, hətta "siyasi mühacir" adı altında saxta yollarla oraya gedən bir neçə nəfərə diplomlar da vermişdi. Bu gün isə, A.Yunusun ittihamlarına qarşı, sadəcə, yalan cavab verməkdən başqa çarəsi qalmayıb. Görünür, ona görə də qarşı tərəfə suçlamalar irəli sürərək, davam edib ki, A.Yunus heç də 1992-ci ildən Müsavatın üzvü deyil və s.

Arif Hacılı: "İndi əməllərinizə görə, sizi partiyaya üzv edənlər məsuliyyətmi daşıyır?"

Daha dəqiq desək, A.Hacılı R.Yunusu Müsavat partiyasına mühacirət məqsədi ilə üzv olduğunu deyib: "Siz Amerikaya mühacirət ərəfəsində (qısa müddət qalmış) partiyaya daxil olmusunuz. Mühacirət edəcəyinizi gizlətmisiniz. Sizi partiyaya qəbul edənləri aldatmısınız. İndi əməllərinizə görə, sizi partiyaya üzv edənlər məsuliyyətmi daşıyır?"

R.Yunus isə, öz növbəsində, bu ittihamı "ağ yalan" adlandırıb: "Arif bəy, sizə yaraşmaz belə ağ yalanlar. İsa bəyin imzası ilə Müsavatın rəsmi arayışını cap etsəm ki, 1992-ci ildən mən Müsavat partiyasının üzvüyəm və ilk gündən partiyanın bərpasında iştirak etmişəm, onda nə deyəcəksiniz? Mən Nazirlər Kabinetində Niyazi İbrahimlə (Müsavatin o vaxtki ilk baş katibi) partiyanın bərpa işləri ilə məşğul olanda, siz prezident aparatında işləyirdiniz və yalnız hakimiyyətdən gedəndən sonra partiya işlərinə goşuldunuz. Ayıbdır".

Müsavat başqanı: "Müsavatın bərpa mərkəzinin həndəvərində fırlana bilməzdiniz"

A.Hacılı da partya üzvünü yalan danışmaqda günahlandırıb: "Düz deyirsiniz ki, yalan danışmaq sizə yaraşar. Mən partiyanın bərpa mərkəzinin üzvü olmuşam. İndi zaman dəyişib deyə belə danışırsınız. O vaxt Müsavatın bərpa mərkəzinin həndəvərində fırlana bilməzdiniz. Bu nağılları sizi tanımayan gənclərə danışın. Partiyaya isə 2000- ci ildə, ABŞ-a getmək ərəfəsində qəbul olmusunuz".

Bundan sonra qarşılıqlı ittihamlar daha da ciddiləşib. R.Yunus Müsavat qərargahını təmir etdiyini açıqalyıb: "Utanmirsiniz? Partiyanin binasını, onun remontunu,onun bütün mebeli, telefonlarini və başqa problemlərini kim şəxsən həll edib? Siz, yoxsa Ramis Yunus? Davam edim,yoxsa bəsdir? Hər şeyi danışım, yoxsa..?"

A.Hacılı isə partiyaya binanı prezident Elçibəyin verdiyini deyib: "İsa bəyin təkidi və mənim xahişimlə. Partiya təmir olunmamışdı. Mebeli yox idi. Telefonlarla nə oyun qurulmuşdusa, 12 min $ telefon borcumuz olduğu üçün telefonlardan, ümumiyyətlə, məhrum olduq. İndi də bu qadağa altındayıq. Katel işlədirik. Haradansa oğurlanıb gətirilib. Müsavatın dəhlizinə salınmış köhnə xalçalara görə isə bizi az qala tuturdular. Dedim axı, nağılları bu işlərdən xəbərsiz olan gənclərə danışın".

Yadigar Sadıqlı: "Arif Hacılı "mühacir problemi" məsələsinin aydınlaşdırılmasında maraqlı olmayıb"

Məsələ ilə bağlı mətbuata açıqlama verən Müsavat başqanlığına keçmiş namizəd Yadigar Sadıqlı da baş verən biabırçılığa görə Müsavat partiyasının başqanı Arif Hacılını ittiham edib. Y.Sadıqlının sözlərinə görə, "Müsavat başqanı Arif Hacılı zaman-zaman qabaran və partiyanın adının neqativ planda hallanmasına yol açan "mühacir problemi" məsələsinin aydınlaşdırılmasında maraqlı olmayıb".

Beləliklə, fakt budur ki, Müsavat partiyasının rəhbərliyinin mühacir biznesi ifşa olunduqca, saxta yollarla Almaniyaya köçən şəxslər barədə isə deportasiya olunmaq qərarı üzə çıxdıqca, özünüifşaların sayı daha da artacaq. Artıq bütün faktlar tam çılpaqlığı ilə gözlər önündədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə