“Heydər Əliyev və İslam həmrəyliyi ideyası” FOTOLAR

Bu gün Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə "Heydər Əliyev və İslam həmrəyliyi ideyası" adlı konfrans keçirilib. Xətai rayonu 249 saylı orta məktəbin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nizami Bayramov konfransı açaraq qeyd etmişdir ki, Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci il "İslam həmrəyliyi ili" elan edilmişdir.

Məlumdur ki, indiki şəriatdə Yaxın Şərq ölkələrində baş verən məzhəb savaşları, vətəndaş müharibələri və bunun nəticəsində yaranmış müəyyən sosial-siyasi gərginlik göstərir ki, müsəlman ölkələrinin mənəvi həmrəyliyə daha çox ehtiyacı vardır. Məhz Prezidentin yuxarıda adı çəkilən sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Prezidentin sərəncamında deyilir: "Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır".

Azərbaycan Prezidentinin bu humanist təşəbbüsü dünyada müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə və İslam həmrəyliyinin daha da möhkəmləndirilməsinə rəvac verəcəkdir. İslam həmrəyliyinin möhkəmləndirilməsi də öz növbəsində Yaxın Şərqdə və digər bölgələrdə əmin-amanlığın və sülhün təmin olunmasında mühüm rol oynayacaqdır.

Konfransda əsas məruzəçi kimi çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov öz məruzəsində Prezident İlham Əliyevin "İslam həmrəyliyi" ilə bağlı çağırışını Ulu öndər Heydər Əliyevin hələ 90-cı illərin əvvəllərində (1993) irəli sürdüyü "İslam birliyi" ideyasının məntiqi davamı kimi dəyərləndirmişdir. Sakit Hüseynov bildirmişdir ki, hələ 90-ci illərin əvvəllərində Ulu öndər uzaqgörənliklə ölkəmizin inkişafı naminə bütün vətəndaşlarımızın həmrəyliyinə nail olmaq, vətənimizi erməni düşmənlərindən xilas etmək, ordumuzun möhkəmlənməsi və müdafiə qüdrətinin artması üçün bütün Azərbaycan xalqına İslam dini ətrafında birləşməyi tövsiyyə etmişdir.

Sakit Hüseynov bildirmişdir ki, İslam dininin əmin-amanlıq və sülh xarakteri daşıdığını və bu xoş məramın dindarlar tərəfindən insanlar arasında təbliğ olunmasını zəruri hesab edən Heydər Əliyev İslam dininin sülh dini, əmin-amanlıq dini, birgəyaşayış dini olduğunu öz çıxışlarında vurğulamış, dövlətlərarası münaqişə və müharibələrin əsasən siyasi-etnik xarakter daşıdığını qeyd etmişdir.

Yekunda məruzəçi Ulu öndər Heydər Əliyevin böyük siyasətçi olduğunu, onun İslam həmrəyliyi ilə bağlı yüksək ideyalarını dəyərləndirən beynəlxalq təşkilatların nümayəndələrinin fikrini də şərh etmişdir. Məsələn, İslam Konfransı Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlunun Heydər Əliyevin din siyasəti haqqındakı dediyi fikirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq qeyd etmişdir ki, "...Heydər Əliyevin din siyasətinə müasir dünya üçün mühüm bir nöqteyi-nəzərlə belə bir tərif vermək istəyirəm: bu siyasət dinlərə sadiq qalan qlobal perspektivli bir siyasətdir. Bu səbəbə görə, XX əsrin sonlarındakı nümunəvi fikirləri və ideyaları ilə ölkəsinin XXI əsr millətlərarası siyasətinə faydalı yollar göstərən böyük lider Heydər Əliyevi bir daha rəhmət və hörmətlə yad edirəm".

Bundan sonra məruzəçilərdən fəlsəfə üzrə fəlsəfə doktorları, Şölət Zeynalov və Gündüz Süleymanov İslam həmrəyliyi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini şərh edərək dinlərarası və mədəniyyətlərarası dialoqun İslam həmrəyliyindəki rolunu yüksək qiymətləndirmişlər.

Ümumiyyətlə, İslam həmrəyliy ilə bağlı konfrans məktəbin müəllim və şagirdlərinin böyük marağına səbəb olmuşdur. Onlar məruzəçilərə müxtəlif suallar vermiş və bu suallar məruzəçilər tərəfindən cavablandırılmışdır.

Konfransda "Milli-İrs" elmi-populyar jurnalının şöbə müdiri Qənifə Məmmədova, jurnalın əməkdaşı Taleh Qədirov, BDU-nun coğrafiya müəllimi Nazim Vəlişov və Qarabağ müharibəsi veteranı, isehfada olan polis polkovniki Vahid Bayramov iştirak etmişdir. Onlar da İslam həmrəyliyi, multikulturalizm və tolerantlıqla bağlı öz fikirlərini bildirmişlər.

Konfransın sonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı "Azərbaycan tolerantlıq örnəyidir" adlı sənədli film nümayiş etdirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...