200-dək Çernobıl əlili mənzillərlə təmin olunub

XX əsrin ən dəhşətli texnogen qəzalarından olan Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışdan 30 il ötür. Faciənin növbəti ildönümü və "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin yaradılmasının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad olunub.

İctimai Birliyin üzvləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsini ehtiramla anıb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Tədbirdə "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov çıxış edərək bildirib ki, XX əsrin ən dəhşətli faciələrindən olan bu fəlakətin miqyasının qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında 7 mindən çox soydaşımız sağlamlığını təhlükə altında qoyaraq böyük fədakarlıq göstərib. İndi ölkəmizdə 4 minə yaxın Çernobıl əlili var. Hətta bu qəbildən olan insanların övladları da irsi və genetik olaraq şüalanmanın fəsadlarından əziyyət çəkirlər.

Qeyd edilib ki, Azərbaycanda Çernobıl əlillərinə göstərilən diqqət və qayğı məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Çernobıl əlillərinin hüquqi statusunun müəyyənləşdirilməsi haqqındakı qanunda onların sosial qayğılarının tam həlli əksini tapıb. Qəbul edilən sosial layihə və proqramların həyata keçirilməsi çərçivəsində Azərbaycan çernobılçıları kənarda qalmayıb. Prezident İlham Əliyev daim Çernobıl iştirakçılarının sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir.

Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko Çernobıl faciəsinin nəticələrinin ardan qaldırılmasında Azərbaycan vətəndaşlarının göstərdikləri fədakarlıqdan danışıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov son illər Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi, sosial və mənzil-məişət problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Qeyd olunub ki, indiyədək 200-ə yaxın Çernobıl əlili mənzillərlə, 2014-cü il yanvarın 1-dək növbədə olan əlillər isə avtomobillərlə təmin edilib. Yaxın vaxtlarda Mingəçevirdə Çernobıl əlilləri üçün 250 yerlik reabilitasiya mərkəzinin inşasına başlanılacaq.

Tədbirdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da çıxış edərək bu qəbildən olan insanlara göstərilən dövlət qayğısından danışıblar.

Çernobıl əlillərinin qayğı və problemlərinin həllinə göstərdikləri dəstəyə görə aidiyyəti qurumların bir qrup nümayəndəsinə İctimai Birliyin fəxri diplomları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə