Şəhid hərbçimiz son mənzilə yola salındı

Cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin hücumunun qarşısını alarkən gedən döyüşlərdə şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu Beyləqan rayonu Dünyamalılar kənd sakini Mirzəyev Məhəbbət Ədalət oğlu son mənzilə yola salınıb. SİA xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin zabit və əsgərləri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, bütün şəhidlərə Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Şəhidin cənazəsi izdihamın müşayiəti ilə kənd qəbiristanlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq ailəsinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə