Mətbuat Şurasına üzvlük qaydaları təsdiqləndi FOTO

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda müzakirə edilən məsələ Şuraya üzvlük qaydalarının yeni variantı olub. Mətbuat Şurasından SİA-ya verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, yeni variant İdarə Heyətinin üzvləri ilə bir neçə dəfə müzakirə olunub. Sənədə ekspertlər də rəy veriblər. Şura sədri qaydaların İdarə Heyətinin ötən iclasında əsas olaraq qəbul edildiyini diqqətə çatdıraraq orada yer alan bir sıra prinsipial məqamlardan söz açıb: "Ümumən qaydalar bütün növ media fəaliyyəti ilə məşğul olan qurumlar üçün eyni tələbləri müəyyənləşdirir.

Başlıca tələb peşə prinsiplərinə riayət etmək, iş mütəmadiliyini qorumaq və fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn tələblərə uyğun qurmaqdır. Müəyyən spesifik cəhətlər də var ki, onlar əsasən onlayn media resursları ilə bağlıdır. Digər tərəfdən, ənənəvi kütləvi informasiya vasitələrinin, yəni qəzet və jurnalların lazımi tiraj göstəricilərinin dəqiqləşdirilməsi də önəmli cəhətdir" - deyən, Ə.Amaşov qaydalarda Şuraya üzv olmaq istəyən təşkilatlar üçün zəruri fəaliyyət ardıcıllığının müəyyənləşdirilməsini də vacib cəhət kimi önə çəkib.

Müzakirələr gedişində sənəd qəbul edilib. MŞ-yə üzv olmaq istəyən qurumların məsələsinə yeni qaydalara əsasən baxılması qərara alınıb. Qaydalar MŞ-nin rəsmi veb-səhifəsində yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...