Dəmiryolçular Xocalı soyqırımını andı

Bu günlərdə ölkəmizdə, eləcə də dünyanın bir çox yerlərində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib. Xaricdə yaşayan soydaşlarımız da nümayişlər keçirib, faciənin dəhşətlərini özündə əks etdirən video-süjetlər nümayiş etdirib, bəyanatlar yayıblar.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində keçirilən tədbir də Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunub.

Qurumdan SİA-ya verilən məlumata görə, anım tədbirini giriş sözü ilə Yeni Azərbaycan Partiyasının "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindəki ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov açaraq bildirib ki, "Xocalı həftəsi" çərçivəsində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbirlər keçirilir. Həmişə olduğu kimi polad magistralın əməkçiləri də anım mərasimlərinə qatılıblar. İri dəmir yolu qovşaqlarında, ayrı-ayrı idarə və müəssisələrdə düzənlənən mərasimlərdə Xocalı faciəsi zamanı həlak olanların, bütövlükdə, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılır, xeyrat süfrələri açılır.

Sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov çıxış edərək tarixə qısa ekskurs edib. O, bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixinin ən qanlı olaylarından biri baş verib. Həmin gecə erməni quldurları o zamankı Rus imperiyasının 366-cı rus alayının birbaşa köməyi ilə Xocalıda soyqırım törətmişdilər. Xocalı faciəsi ilə bağlı verilən rəsmi məlumatlarda bildirilir ki, həmin gecədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülərək aparılmışdır. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Daha dəhşətli bir fakt da ondan ibarətdir ki, həmin gün 8 ailə bütün üzvləri ilə birgə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini, itirmiş, 487 nəfər yaralanıb.

Son illər ərzində Xocalı soyqırımın dünyada tanıdılması istiqamətində bir sıra tədbirlər görülür. Artıq Pakistan, Meksika, İslam Əməkdaşlığı təşkilatının Xarici İşlər Nazirləri Şurası, Çexiya, Kolumbiya senatı, ABŞ-ın Nyu-Meksika, Arkanzas, Texasın, Nyu-Cersinin, Corcianın, Meynin ştatlarının qanunverici orqanları Xocalı soyqırımını tanıyıb.

Sonra Nəqliyyat Nazirliyinin əməkdaşı Elturan Əkbərzadə, YAP-ın "ADY" QSC-dəki ərazi ilk partiya təşkilatının Gənclər Şurasının sədri Fuad Rəsulov, təşkilatın Qadınlar Şurasının sədri Jalə Əfəndiyeva, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şahəstə Mustafayeva çıxış edərək Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı öz fikir və mülahizələrini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə