Səbail rayonunda Xocalı faciəsinin 21-ci ildönümü anılıb FOTO

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir, rayonun mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər təşkil olunub. SİA-nın məlumatına görə, tədbirlər çərçivəsində fevralın 25-i rayonun orta və ali məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunub, rayonun ali məktəblərində anım tədbirləri keçirilib. Dövlət Gənc Tamaşaçılar Teatrında "Əcəl atı" tamaşasına, Badamdar Mədəniyyət evində isə Aygün Həsənoğlunun "Adsız qadın" romanı əsasında hazırlanan tamaşaya ictimai baxış təşkil olunub.

Faciənin ildönümü ərəfəsində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin "Şəhidlər Xiyabanı"ndakı qərargahında Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış 22 ailənin nümayəndələri ilə görüş keçirilib. Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. O, bildirib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanıb. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildöümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir.

İcra başçısı həmçinin, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

O, eyni zamanda qeyd edib ki, fevral ayının 26-da rayonun sənaye, təhsil, səhiyyə və s. müəssisələrin kollektivlərinin "Xocalı harayı" abidəsinin ziyarəti təşkil ediləcək. Həmin gün rayondakı məscidlərində Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunacaq, "Bibiheybət" və İçəri şəhər "Cümə" məscidlərində ehsanlar veriləcək.

Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşı Nadir Rəşadov və başqaları ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkünlərinə rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları göstərilib.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...