Qaçqınkom müxalifətə xəbərdarlıq etdi!

Son günlər bəzi kütləvi informasiya vasitələrində qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərə kölgə salmaq məqsədilə heç bir əsası olmayan, həqiqətə söykənməyən qərəzli yazılar dərc edilib. Məsələyə aydınlıq gətirmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitədən SİA-ya verilən açıqlamada bildirilir ki, bu yazı müəllifləri özlərinin təfəkkür tərzinə uyğun olaraq məcburi köçkünlər üçün salınan qəsəbələrdə evlərin məcburi köçkünlərə yenidən pulla satılması ilə bağlı şər-böhtan xarakterli fikirlər səsləndirməkdən də çəkinmirlər.

Belə ki, "Bizim Yol" qəzetinin 2012-ci il 11 avqust tarixli 144-cü sayında "Qaçqınkom tikdiyi evlər köçkünlərə pulla satılır" sərlövhəli yazı dərc edilib və həmin yazının müəllifi Pərviz Həşimli qeyd edib ki, dövlət büdcəsi hesabına qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ayrı-ayrı bölgələrdə inşa olunan evlərin tikintisində və paylanışında rüşvərxorluq halları vardır. Müəllif adı çəkilən yazıda qeyd edib ki, Kəlbəcər rayonundan olan məcburi köçkünlər, o cümlədən həmin rayondan olan məcburi köçkün Raquf İsmayılov "Bizim Yol" qəzetinə yazılı müraciət edib və bildirib ki, Goranboy rayonunun Veyisli qəsəbəsində 589 ailə üçün tikilmiş evlər hərraca çıxarılıb, "Kəlbəcərdən olan şəhid ailələri üçün nəzərdə tutulmuş "Qaçqınkom"un verdiyi 47 mənzilin orderləri yenidən dəyişdirilərək məcburi köçkünlərə pulla satılır. Bundan başqa mənzillər digər rayonların imkanlı şəxslərinə də pul müqabilində verilir".

Həmçinin müəllif öz yazısında komitənin bir sıra vəzifəli şəxslərini korrupsiya xarakterli hərəkətlər etməkdə, onlara şər və böhtan atmaqla heç bir əsası olmadan rüşvət almaqda günahlandırıb, komitənin respublika ictimaiyyəti, o cümlədən məcburi köçkünlər arasında nüfuzunun aşağı salınmasına çalışıb. Adı çəkilən yazıda qeyd olunanlarla bağlı aparılan müvafiq araşdırmadan sonra müəyyən edilib ki, Kəlbəcər rayonundan olan məcburi köçkün İsmayılov Raquf və digərləri tərəfindən "Bizim Yol" qəzeti redaksiyasına heç bir yazılı və ya şifahi müraciət edilməyib. Belə ki, Kəlbəcər rayon sakini İsmayılov Raquf 2012-ci il 11 avqust tarixli teleqramlarla "Azadlıq", "Bizim Yol" qəzetlərinin redaktorlarına və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə müraciət edərək bildirib ki, 10 avqust 2012-ci il tarixdə "Azadlıq" qəzetində dərc edilmiş "Goranboyda köçkünlər üçün tikilən evlər pulla satılır?", 11 avqust 2012 –ci il tarixdə "Bizim Yol" qəzetində dərc edilmiş "Qaçqınkom tikdiyi evlər köçkünlərə pulla satılır" sərlövhəli yazılardan xəbəri yoxdur, oradakı fikirlər onun adından yazılmaqla şər və böhtan xarakterlidir.

Bundan əlavə R. İsmayılov 11 avqust 2012-ci il tarixli izahatında qeyd edir: "10 avqust 2012-ci il tarixdə "Azadlıq" qəzetində "Goranboyda köçkünlər üçün tikilən evlər pulla satılır?" başlıqlı məqalə mənim adımla gedib. Məlum edirəm ki, həmin məqalədə göstərilən faktlardan mənim xəbərim yoxdur. Əlavə olaraq 11 avqust 2012-ci il tarixdə "Bizim Yol" qəzetində Pərviz Həşimov tərəfindən mənim adımdan yazılı məqalə verilib. Mən Pərviz Həşimovu görməmişəm. Hər iki qəzetin əməkdaşlarına yazılı və şifahi məlumat verməmişəm. Yazılanların heç bir əsası yoxdur və böhtandır. Azərbaycan Respublikası Prezidentinin daxili və xarici siyasətini bəyənir, tam dəstəkləyirəm. Dövlət qaçqınkomdan, onun mərkəzi aparatından, rəhbərliyindən, yerli nümayəndələrindən heç bir evlə bağlı narazılığım və şikayətim yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...