Azərbaycan parlamentinin yaradılmasından 94 il ötür - TARİX

Bu gün Azərbaycan parlamenti özünün 94 yaşını qeyd edir. 94 il əvvəlin 27 may tarixinə gedən yola nəzər salaq.


1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildikdən, monarxiya rejiminin süqutundan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar.


Seymdə Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi.


Maraqlı və eyni zamanda qanunauyğun hal idi ki, dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin mövcudluğu Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.


Mayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu Azərbaycan Parlamenti elan etdi. Beləcə əslində Azərbaycanda ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu.


1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Bir gün sonra Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçiriləcək, Azərbaycan Demokratik Respublikasının istiqlaliyyəti elan olunacaqdı.


Tiflisdə yaradılmış Azərbaycan parlamentinin təntənəli açılışı isə 1918-ci il dekabrın 7-də saat 13.00-da Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) baş tutmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...