"Müasir cəmiyyətimizdə sosial və ailə dəyərləri sürətlə dəyişməkdədir. Bu dəyişikliklərdən biri də ailədə nənə və baba modelinin zəifləməsidir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, əvvəllər bir çox ailə nəsillərarası birlik və yaxınlıq içində yaşayır, bu da uşaqların tərbiyəsində xüsusi rol oynayırdı: "Günümüzdə isə ailə quruluşu dəyişmiş, gənc ailələr artıq valideynlərdən ayrı, müstəqil yaşam tərzinə üstünlük verməyə başlamışdır. Bu dəyişikliklər qohumluq əlaqələrinin zəifləməsi ilə nəticələnmiş, nəticə etibarilə uşaqların nənə və baba ilə olan ünsiyyəti də azalmışdır. Halbuki nənə və babalar illərin təcrübəsini yaşamış, həyatın acılarını və sevincini görmüş insanlar olaraq təkcə nəvələrinə deyil, bütün ailəyə mənəvi dayaq olurdular. Onların uşaqlara göstərdiyi qayğı, verdiyi nəsihətlər, danışdıqları həyat hekayələri uşaqların şəxsiyyətinin formalaşmasında mühüm rol oynayırdı.
Bu gün 40 yaş üzərində olan insanların çoxu üçün nənə və baba ilə bağlı xatirələr olduqca dəyərlidir. O vaxtlar uşaqlar yay aylarında rayonlara, baba evinə gedər, kənd həyatının təbii mühiti və ailə böyüklərinin hikmət dolu söhbətləri ilə böyüyərdilər. Həmin mühitdə formalaşan uşaq həm təbiətlə yaxınlıq qurur, həm də milli-mənəvi dəyərləri dərindən mənimsəyirdi. İndi isə bu mənzərə tədricən dəyişməkdədir. Nənə və baba ilə birgə yaşam azalıb, uşaq baxımı daha çox uşaq bağçaları və sosial şəbəkələrin təsiri altına düşüb. Valideynlərin məşğuliyyəti, nənə-baba modelinin arxa plana keçməsi uşaqlarda tərbiyə boşluğu yarada bilər. Axı bir var 25–30 yaşlı ata-ananın təcrübəsi, bir də var 60–70 yaşlı baba və nənənin ömürdən süzülmüş hikməti.
Daha düşündürücü məsələ isə budur: 15–20 ildən sonra bu günün gənc valideynləri nənə və baba olacaqlar. Əgər bu gün sosial şəbəkələrin təsiri ilə formalaşmış, dəyərlərdən uzaq, yalnız maddi rifaha yönəlmiş bir həyat tərzi hökm sürərsə, sabahkı baba və nənələr də artıq əvvəlki aqsaqqal və ağbirçək obrazından uzaqlaşacaqlar. Buna görə də indiki gənc nəsil valideynlər milli-mənəvi dəyərlərimizi qorumalı, ailə modelini yaşatmalı, uşaqlarına sadəcə təhsil deyil, şəxsiyyət tərbiyəsi də verməlidirlər. Əgər bu dəyərlər unudularsa, nənə-baba modelinin yox olması ilə birlikdə tərbiyədəki mühüm bir boşluq da yaranacaq. Unutmayaq ki, uşaq tərbiyəsi yalnız məktəb və ya valideynlə məhdudlaşmır. Bu, ailənin hər bir üzvünün, xüsusilə də ağsaqqal və ağbirçəklərin üzərinə düşən mənəvi bir vəzifədir".
Bütün xəbərlər Facebook səhifəmizdə