DİQQƏT! Azərbaycanda 4 günlük iş rejiminə keçilir? - AYDINLIQ GƏTİRİLDİ

“Qanunvericilikdə Azərbaycanda 4 günlük iş rejiminə keçməklə bağlı əngəl yoxdur. İşçinin az işləməsi ilə bağlı qanunda hər hansı bir məhdudiyyət yoxdur. Lakin cəmiyyət, biznes mühiti buna hazır olmalıdır. Bu rejimə keçmək üçün ilk növbədə sosial sifariş olmalıdır”. Bu sözləri SİA-ya danışan hüquqşünas Şamil Paşayev deyib.

Hüquqşünas, bu rejimin müsbət və mənfi tərəfləri haqqında da danışıb: “Müsbət tərəfi odur ki, istirahət üçün insanların daha çox zamanı olur. Bu da daha yüksək iş potensialı ortaya qoymağa kömək edir. İnsanların 4 gün işləməsi daha məhsuldar olması deməkdir. Lakin bu rejimin mənfi tərəfləri də var. İş günü azaldılarsa, gəlir səviyyəsi aşağı düşə bilər. Məsələn, indi hər hansı şirkətin 10 işçi üçün 10 min manat maaş bazası var. Həftədə 4 günlük iş rejiminə keçdikdə isə şirkət işçi sayını artırmağa məcbur olacaq. Bu zaman da gəlirlər və maaş bazası eyni qaldığı üçün həmin 10 min manatı 15 nəfər arasında bölüşdürməyə çalışacaq. Bu da təbii ki, işçilər üçün əlverişli hal olmayacaq”.

Onun sözlərinə görə, 4 günlük iş rejiminin digər bir mənfi tərəfi isə odur ki, Azərbaycana Hindistandan, Pakistandan xeyli miqrant gəlir, onlar həftədə 6-7 günlük iş rejiminə belə qane olurlar. Azərbaycanlı işçilər onlarla rəqabətə girə bilməyəcək.

Azərbaycanın mövcud iş rejimi düzgün formalaşdırılmalıdır. Ölkəmizdə 5 günlük, yəni həftədə 40 saatlıq iş rejimi tam şəkildə yerinə yetirilmir. Xidmət sektorunda gündə 8 yox, 10-12 saat işləyirlər. İlk növbədə bunun qarşısını almalıyıq. Daha sonra diqqət etməli olduğumuz məsələ insanların saatlarla tıxacda qalmasıdır. Əksər işlər 9-dan 6-ya kimi olur. İnsanlar işə gedib-gələndə toplam 1-2 saatlarını tıxacda keçirir. Burada itirdikləri vaxt da iş saatlarına əlavə edilməlidir. Bu zaman saat 9-da işə gəlib, 5-də işdən çıxa bilərlər".
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə