Dövlət qulluğu nədir - Kimlər dövlət qulluqçusu ola bilər? - AYDINLIQ GƏTİRİLDİ

“Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir”.

Bunu SİA-ya açıqlamasında dövlət qulluğu üzrə ekspert Səxavət Nəsirov deyib.

Ekspertin sözlərinə görə, hazırda dövrün tələblərinə uyğun ən real və etibarlı iş imkanları dövlət qulluğundadır: “Hər bir vətəndaş əmək fəaliyyətinə başlayarkən istəyir ki, etibarlı, uzunmüddətli, maaşı və digər təminatları onu qane edən və ən əsası da rəsmi bir iş tapsın. Eyni zamanda dövlət qulluğu imtahanlarının da mütəmadi olaraq keçirilməsi, bunun nəticəsində xeyli insanın yalnız öz bilik və bacarıqları sayəsində işə qəbul edilməsi insanların dövlət qulluğuna olan etimadını daha da artırır”.

S.Nəsirov qeyd edib ki, dövlət qulluğunda inzibati vəzifələrdə işləmək üçün bizə lazım olan ilk növbədə ali təhsilli olmağımızdır: “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hər ay test imtahanları keçirilir. Namizədlər test imtahanında iştirak edərək dövlət qulluğu sertifikatı əldə edirlər və bu sertifikatla, həm də ali təhsil ixtisaslarına uyğun müxtəlif dövlət orqanlarında elan edilmiş vakansiyalara müraciət edə bilərlər. Test imtahanını uğurla keçən namizədlər üçün DİM tərəfindən ildə 3-4 dəfə müsahibə elan edilir. Müsahibəni də uğurla keçən namizədlər dövlət qulluğuna qəbul edilirlər”.

Həmsöhbətimiz bildirib ki, son dövrlərdə dövlət qulluğuna marağın artmasının əsas səbəblərindən biri də dövlət sektorunda maaşların artırılmasıdır: “Dövlətin daim diqqət mərkəzində olan məsələlərdən biri də dövlət sektorunda olan əmək haqlarının özəl sektora çatdırılması və istedadlı kadrların dövlət qulluğuna cəlb edilməsidir. Məhz bunun nəticəsidir ki, son 10 ildə dövlət qulluğunda maaşlar təxminən 5-6 dəfə artırılmışdır. Dövlət qulluqçularına verilən maaşlar hətta bir çox özəl sahələrdə verilən maaşdan daha yüksəkdir. Dövlət qulluqçularının təminatlarıının yüksəldilməsi, onların potensialından səmərəli istifadə edilməsi və dövlətçiliyimizin inkişafı üçün istedadlı kadrların yetişdirilməsi əsas prioritetlərdən hesab olunur”.

Kimlər dövlət qulluqçusu ola bilər?

Müsahibimiz qeyd edib ki, dövlət qulluğuna qəbul inzibati vəzifələr və yardımçı vəzifələr üzrə olmaqla 2 hissəyə bölünür: “Yardımçı vəzifələr dedikdə sürücü, kuryer, kargüzar və digər ali təhsil tələbi olmayan texniki vəzifələr nəzərdə tutulur və həmin vəzifələrin tutulması üçün namizədlər heç bir imtahana cəlb edilmir. İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün ali təhsilli olmaq ən vacib şərt hesab edilir. İnzibati vəzifələr özləri isə icraçı və rəhbər olmaqla 2 hissəyə ayrılır. İcraçı vəzifələrə məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi, hakim köməkçisi, məhkəmələrdə iclas katibi və digər vəzifələr aiddir. Rəhbər vəzifələr dedikdə isə şöbə müdiri, şöbə müdirinin müavini, aparat rəhbəri və aparat rəhbərinin müavini, sektor müdiri, bəzi orqanların rəhbərləri, onların müavinləri və digər vəzifələr başa düşülür.

S.Nəsirov sonda bildirib ki, dövlət qulluğuna hazırlaşmaq istəyən namizədlər DİM-in rəsmi internet saytından və digər media subyektlərindən imtahan proqramları, sual nümunələri ilə tanış ola bilərlər: “Amma dövlət qulluğunda işləmək istəyən hər kəsə əsas tövsiyəm odur ki, bu sahəyə olan maraq təkcə maaşa və nüfuza görə olmasın. Əsas məqsədimiz faydalı bir kadr olaraq dövlətimizin inkişafına öz töhfəmizi vermək olmalıdır, biz yalnız belə düşündüyümüz halda daha çox uğur qazana bilərik. Fikirlərimi cənab Prezident İlham Əliyevin bir məşhur kəlamı ilə bitirmək istəyirəm: "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə