Günümüzdə hərbi xidmət aktual mövzulardan biridir. Kimi onu "kişilik məktəbi" adlandırır, kimi "Vətən borcu müqəddəsdir" deyir. Bu müqəddəs borcdan boyun qaçırıb hərbi xidmətə getməyən gənclər də var. Sözügedən gənclərin bəzisi üzrlü səbəblərə görə əsgər gedə bilmir, digərləri isə, sadəcə, getmək istəmir. Bəs əsgər getməyən şəxslərə gənclərin münasibəti necədir?
SİA bu mövzuda müxtəlif universitetlərin tələbələri arasında sorğu keçirib.
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Ziyafət Əlisoy: "Öncəliklə qeyd edim ki, əsgərliyə getməməyin səbəbləri müxtəlif ola bilər. Məsələn, hər hansı gənc sağlamlığı ilə bağlı hərbi xidmətə getməyə və ya təhsili ilə bağlı bu prosesdə iştirak etməyə bilər. Ümumi olaraq səbəblər müxtəlifdir. Amma əgər, siz sağlamlığı imkan verən, amma hərbi xidmətdən yayınmağa çalışan gəncləri nəzərdə tutursunuzsa, o zaman fikirlər dəyişir. Şəxsən mənim yanaşmam birmənalıdır.
Hər bir Azərbaycan kişisi "hərbi xidmət" mərhələsindən keçməlidir. Bu vətən hər birimizindir, onun qeydinə də biz qalmalıyıq. Lazım gələndə vətən uğrunda ölməliyik, lazım gələndə də öldürməliyik".
Azərbaycan Dövlət Pedoqoji Universiteti Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Fərqanə Kərimova əsgərliyə getməyən oğlanlara normal münasibət bəslədiyini bildirir: "Bir insanın xarakteri, mənəvi keyfiyyətləri, daxili aləmini hərbi xidmətlə bağlamaq olmaz".
F.Kərimova əsgərliyə getməyən oğlanla ailə həyatı qurmayacağını və bunun səbəbini açıqlayır: "Hərbi xidmətə getməyən şəxslər dövlət deyil, adi işlərdə çalışdığı üçün həmin şəxslərlə ailə həyatı qurmaram. Biz gənc qızlar gələcək ailə həyatımızın gözəl olmasını istəyirik. Bir halda ailə həyatı quraram ki, həmin şəxsin ata-babadan qalan mirası və şəxsi biznesi var".
Bakı Slavyan Universitetinin Regionşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Rahib Rzayev Azərbaycan gənclərinin hərbi xidmət üçün hazır olduqlarını, vətən üçün canlarından belə keçməyə hazır olduqlarını qeyd edir: "Hərbi xidmət hər Azərbaycan oğlunun mənəvi və Vətən borcudur. İşğal altında qalan torpaqlarımızı hərbi yolla geri qaytardıq. Bu döyüş hamıya ibrət və örnək oldu. Bu zaman gördük ki, bütün gənclərimiz Vətən üçün canından keçməyə belə hazırdır. Gənclərimiz bu xidməti sadiq, ləyaqətli, sevərək yerinə yetirir".
R.Rzayev hərbi xidmətə getməyənlərin sayının barmaqla sayılacaq qədər az olduğu gənclərə tövsiyə edir: "Onları yetişdirən Vətənə sadiq, ləyaqətli şəxsiyyət olub Vətənə olan borclarını ödəsinlər, çünki biz Azərbaycanlıyıq!"
Bakı Biznes və Kooperasiya Kollecinin Mühasibat uçotu və Maliyyə işi fakültəsinin 2-ci kurs tələbəsi Leyla Zeynalova hərbi xidmətə getməyənlərin gələcəkdə dostlarının, hərbi xidmətini bitirmiş şəxslərin yanında utanacaqları fikrini irəli sürür: "Hərbi xidmətə getməyən oğlanlara səbəbinə görə fikir bildirə bilərəm. Ailəsi 1-qrup əlildirsə və ya səhətində bir problem varsa, təhsili uzun müddətli davam etdirərsə normal qarşılayıram. Hərbi xidmətə getməmək üçün bir səbəb yoxdursa, vətəndaş kimi borclarını yerinə yetirməlidirlər".
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Regionşünaslıq (Türkiyə üzrə) ixtisasının 4-cü kurs tələbəsi Əli Mösünov 6 bacının tək qardaşı olduğuna baxmayaraq təhsilindən sonra hərbi xidmətə yollanacağını söyləyir: "Ailədə 7 övladıq, evin həm tək oğlu, həm də sonbeşiyi olmağıma baxmayaraq ali təhsilimdən sonra hərbi xidmətimi çəkməyimi ön planda tutmuşam. Universitet və digər vasitələr ilə erməni dilini öyrənirəm, çünki düşmənin dilini bilmək düşmənin biləyini sıxmaq deməkdir. Bu Vətənə canımız fəda!"
Ə.Mösünov əlavə edib: "30 ildən çoxdur, bu məsələ müharibə şəraitində yaşayan ölkə üçün önəmli mövzulardan biridir. Əgər Vətən hamınındırsa niyə hər kəs hərbi xidmət çəkməməlidir? Məlum məsələ hərbiyə yararsız şəxsləri bu mövzuya daxil etməməliyik. Bu sualın qarşısında bir çox nüanslar durur ki, bunlar şan-şöhrət, pul və ən əsası qorxaqlıqdır".
Müsahib fikirlərini Xəlil Rza Ulutürkün fikirləri ilə bitirir:
"Vətəndaş olmasa boş şeydir Vətən!
Beş günlük, on günlük güney qarıdır.
Vətən məfhumunun özəyindəki
Vətənin vüqarlı oğullarıdır!"
Bakı Slavyan Universiteti Filologiya fakültəsinin 1-ci kurs tələbəsi Nurcan Rzayeva kimliyindən asılı olmayaraq hər bir Azərbaycan Respublikası vətəndaşının hərbi xidmətə getməli olduğunu vurğulayır: "İnsanlar əsgərliyə getməkdən, Vətənə olan borcları yerinə yetirməkdən boyun qaçırırlar. Bu müxtəlif səbəblərdən ola bilər. Məsələn, elə insan var ki, hərbi xidmətə yarasızdır. Bu halda onun əlindən gələcək çarəsi yoxdur. Elələri də var, gedə biləcəyi halda getmir, məsələn, atası varlıdır. Buna görə boyun qaçırır. Xarici ölkəyə üz tutur. Belə hallarla günümüzdə çox rastlaşıram və pis oluram. Bizim xalqın istər kişisi, istərsə də qadını döyüşə atılmağa hər an hazırdır. Söhbət sözün əsl, mənasında "vətəndaşlıq", "vətənpərvərlik" anlayışlarını dərk edənlərdən gedir. Qeyrətli qardaşlarımız biz qadınların düşmənlə üz-üzə döyüşməsinə icazə verməzlər. Mən Vətən müharibəsi dövründə xalqımızda olan o inamı, əyilməziyi məhz belə qardaşlarımızın sayəsində gördüm".
N.Rzayeva sonda bildirir: "Əsgərliyə yararlı olduğu halda bundan boyun qaçıran şəxslə ailə həyatı qura bilmərəm, çünki Vətən də bir ailədir.Vətənə sahib çıxamayan ailəsinə də sahib çıxmaz!".
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi Türkanə Meşədiyeva hərbi xidməti başlıca vəzifə hesab edərək qeyd edir: "Əsrlər boyu formalaşan məişət mövzularının sırasında əsgərlik məsələsi xüsusi yer tutur.
Oğullarımızı vətənpərvər böyütmək, sağlam şəkildə həddi-büluğa çatdırmaq hər bir ailənin üzərinə düşən başlıca vəzifələrdəndir. Azərbaycanın mövcud qanunvericiliyi ilə 18 yaşına çatmış şəxslər hərbi xidmətə müəyyən xəstəliklər olduğu halda getmirlər.
Sağlam böyüyən, fiziki problemi vaxtında aradan qaldırılan uşaq, yeniyetmə oğlan gənclik çağında hərbi xidmətdən keçmək üçün heç bir problemlə üzləşməz.
Keçərli səbəbi olmadan hərbi xidmətindən yayınanlar da az deyil. Bu, o demək deyil ki, onlar digər oğlanlardan geri qalırlar, amma əsgər vəzifəsinin verdiyi qürur hissindən məhrum olurlar. Azərbaycan ədəbiyyatına əvəzsin töhfələr vermiş şair, dramaturq H.Cavidin də dediyi kimi, “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü”. Yurduna məhəbbət əsirgəməyən şəxsiyyət ailəsinin dəyərini və qədrini bilməz".
T.Meşədiyeva hərbi xidmət vəzifəsini yerinə yetirməmiş şəxslə ailə qurmaq məsələsinə gəldikdə deyir ki: "Düşünmədən "yox" deyərdim. Torpaq, Vətən sevgisi ilə böyüyən, xalqına, millətinə nümunəvi fərd olmaq istəyən, dövlətin rifahi üçün çalışan hər bir oğul hərbi xidmət borcunu yerinə yetirməlidir".
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi Ayxan İbişov qeyd edir ki, hər 18 yaşına çatmış sağlam oğlan əsgər getməli, Vətənə olan borcunu layiqincə yerinə yetirməlidir: "Kişilik məktəbi" sayılan əsgərlik dövrü çox vacib və önəmlidir. Əsgərlik dövründə fərari olmamalı, vətənpərvər olaraq vətənin mühafizəsində durmalıdır. Çox insan düşünür ki, "övladımı əsgər göndərsəm gedib başına hər- hansısa, bir iş gələr", düzdü, bu çox təbii haldır. Hər valideyn istəyər ki, övladı yanında olsun, sağlam olsun, ali təhsilə yiyələnsin və s. Çox vaxt bu, oğlanın özündən də asılı olur. Əsgər getmək istəmir bunun təhlükəli, lazımsız olduğunu düşünür, amma belə deyil. Kimin qismətində nə varsa, o da vaxtı çatanda olacaq. Bu, mənim subyektiv fikrimdir. Əsgərlik dövrü önəmli bir dövrdür. Hər kəs Vətənə olan, borcunu layiqincə yerinə yetirməlidir. Lazım gəldikdə, Vətən uğrunda vuruşmalıdır. Kim unutsa da, Vətən bunu unutmaz!".
Bakı Dövlət Universiteti magistraturasının Azərbaycan Dilçiliyi fakültəsində təhsil alan Zubeyda Əlizadə qeyd edir: "Onlara qarşı münasibətim situasiyadan asılı olaraq dəyişir. Əgər məcburi hala görə əsgərliyə gedə bilməyiblərsə, nəyə görə də onlara qarşı mənfi düşüncələrim olsun. Hər halda müəyyən məhdudiyyətləri, xəstəlikləri və s. olan şəxslər xidmətə getsələr də, orada həm bu vəziyyətləri onları narahat edəcək, həm də xidmətin öhdəsindən layiqincə gələ bilməyəcəklər. Onların da öz imkanları daxilində Vətənə, xalqa verəcəkləri töhfələr olacaq. Xidmət, sadəcə, hərbi olaraq məhdudlanmır. O ki qaldı öz istəyi ilə heç bir əsas olmazkən xidmətdən boyun qaçıranlara, təbii ki, elə insanlara qarşı mənfi düşəncələrim yaranar və ailə qurmaq istəmərəm. Qadın psixologiyası, bu, nəsillərdən gələn haldır. Daim yanında güclü kişi istəyir. Özü nə qədər də güclü olsa, zəif bir kişi ilə özünü tamamlanmış hiss etmir. Bu gün hərbi xidmətdən boyun qaçıracaq qədər zəif biri nə dərəcə yaxşı gələ bilər ki? O xalqın içində öz ailəsinin olduğunu nəzərə alsaq, belə çıxır, öz ailəsini də qorumaqdan boyun qaçırır. Heç bir əziyyətə, fədakarlığa gəlməyən bir insan gələcək ailəsi üçün də bir fədakarlıq etməz, əziyyət çəkməz. Bu gün mən özüm belə Vətən uğrunda xidmət etməyə, fədakarlıq etməyə canım bahasına hazıram və bununla fəxr edərəm, o zaman niyə də bunların əksi olan bir oğlanla ailə həyatı qurum!".
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Niyaz Hacıyev hər kəsin fikrinə hörmətlə yanaşaraq qeyd edir: "Yaxşı olar ki, yararlısınızsa hərbi xidmət çəkməyiniz yaxşı olardı. Bu, sənin vətəndaş olaraq vətən qarşısında borcundur. Müəyyən səbəblər daxilində hərbi xidmətə getmirlərsə, bu zaman, əlbəttə, düzgün qərardır. Əsgərliyə getmək istəməyənlərə münasibətim neytraldır. Hazırda xidmətə yollanmaq istəməyənlər, əslində, psixoloji olaraq özlərini hazırlaya bilmirlər. Hərbi xidmətə çağırılanlar bəzən psixoloji olaraq özlərini toparlaya bilmirlər, məncə, burada çətin bir şey yoxdur. Əsas odur ki, gənclər psixoloji olaraq hərbi xidmətə hazır olsunlar".
Çinarə Muradova
Bütün xəbərlər Facebook səhifəmizdə