"Qanunvericilikdə bununla bağlı sərt tədbirlər nəzərdə tutulmalıdır" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"İctimai nəqliyyatın ən çeviki və Azərbaycanda daha çox inkişaf etmiş bir növü sayılan taksi nəqliyyat xidməti xüsusilə Bakıda rəqabətə davamlı bir xidmət sahəsinə çevrilib. Hazırda avtobus, metro və şəhərlərarası elektrik qatarlarının elə də keyfiyyətli xidmət göstərmədiyi vaxtda istər paytaxtda, istərsə də bölgələr arasında taksilərin xidmətində liberal azadlıqdan bəhrələnərək keyfiyyət və kəmiyyət artımı baş verib. Bugünkü gündə xüsusilə gənclər arasında işsizliyin aradan qaldırılmasında taksi xidmətlərinin fəaliyyəti göz qabağındadır". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, tənqidçi Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, yüz minlərlə insan məhz taksi xidmətindən bəhrələnərək həm öz ailəsinə baxıb, həm vergi və sosial ödənişləri etməklə bütövlükdə ölkənin iqtisadi inkişafına təkan verirlər: "Əlbəttə ki, hər sahədə olduğu kimi taksi xidmətində də çatışmayan cəhətlər var. Əsasən, Bakı və ətraf kəndlərdə saat 22:00-dan sonra iri və orta tutumlu avtobuslar zəif işləyirlər. İnsanlar ya rəsmi taksi xidməti göstərən şirkətlərin fəaliyyətindən istifadə edir, ya da fərdi taksiçiliklə məşğul olan sürücülərin imkanlarından yararlanırlar. Bu zaman konfiliktə səbəb olan hallara rast gəlirik. Məsələn, taksi sürücüləri arasında uyuşdurucu maddələrin yayımını təşkil edən şəbəkələrə üzv olmaqdan tutmuş, bir çox gənc oğlanın liberal geyinmiş xanımlara söz atmasına qədər, hətta fiziki və ya seksual zorakılıqla məşğul olan şəxsləri də görmüşük. Amma bunlar dəryada damcı kimi bir şeydir".

Ekspert sözlərinə davam edərək bildirib ki, ümumilikdə digər ölkələrə nisbətən Azərbaycanda taksi xidməti mədəniyyəti çox yüksəkdir: "Son vaxtlar xanımların da taksi fəaliyyəti ilə məşğul olmağa başladığını müşahidə edirik. Doğrudur, bəzi xanımların taksi sürücülüyü ilə bərabər həm də model kimi geyinmələri, siqaret çəkmələri halları da yaşanır. Bunu da ictimai qınağa cəlb etməliyik. Amma ümumilikdə xanım taksi sürücülərinin fəaliyyətini də yüksək qiymətləndirmək lazımdır. Təəssüf ki, bir çox şəxslər məhz sürücü xanımdır deyə, onunla çox kobud rəftar edir və ya tanış olmaq üçün cilddən-cildə girirlər. Təbii ki, buna qarşı ictimai qınağın ən kəskin formalarından istifadə etməliyik. Eyni zamanda, qanunvericilikdə bununla bağlı sərt tədbirlər nəzərdə tutulmalıdır. Ümumiyyətlə, Azərbaycanda ictimai nəqliyyatın davranış və əxlaq normaları, sürücü və sərnişin arasındakı münasibətlərdə sivillik, yol mədəniyyəti kimi məsələlərə KİV, dövlət qurumları, QHT-lər fəal qoşulmalıdırlar. Bunu uşaqlıqdan təbliğ etməliyik ki, sürücü bizə xidmət göstərsə də əslində çox vacib bir sahəni təmsil edir. Bu deyilən cəhətlərə əhəmiyyət versək, tezliklə ictimai nəqliyyat mədəniyyətində yüksəlişin şahidi ola bilərik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə