Milli parklara və bulaqlara giriş zamanı ödənişin tələb olunması qanunidir? - ARAŞDIRMA

Xüsusi mühafizə olunan təbiət əraziləri - xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır.

Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır:

- dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları;

- milli parklar;

- təbiət parkları;

- ekoloji parklar;

- dövlət təbiət yasaqlıqları;

- təbiət abidələri;

- zooloji parklar;

- nəbatat bağları və dendroloji parklar;

- müalicə-sağlamlaşdırma yerləri və kurortlar;

- geoloji parklar.

Azərbaycanda qorunan ərazilərin yaradılmasını şərti şəkildə 3 mərhələyə bölmək olar: I mərhələ - ilk xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması (Eldar şamı Botaniki Yasaqlığı – 1910-cu il), II mərhələ - qoruq və yasaqlıqların yaradılması (1925-1936-cı illərdə Göygöl, Qızılağac, Zaqatala, Hirkan, 1958-1993-cü illərdə Türyançay, Şirvan, Ağgöl, Pirqulu, İsmayıllı, İlisu, Qaragöl yasaqlıqları), III mərhələ - 2003-cü ildə ilk milli parkların yaradılması.

Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 %, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 %, dövlət təbiət qoruqları 1,39 %, dövlət təbiət yasaqlıqları isə 4.05 %-ni təşkil edir.

Milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.

Azərbaycan Respublikasında milli parkların yaradılması ilə bağlı ilk təşəbbüs Akademik Həsən Əliyev tərəfindən irəli sürülmüşdür. Ölkəmizdə ilk milli parklar 2003-cü ildə yaradılmışdır. Daha sonrakı dövrdə bu ənənə davam etdirilmiş və son olaraq, 2018-ci ilin sentyabrında Xəzər dənizinin sahilində 99 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli Parkı yaradılmışdır.

Hal-hazırda, Azərbaycanda ölkə ərazisinin 4,87 % təşkil edən 10 milli park fəaliyyət göstərir.

Dünyada hansı milli parklar mövcuddur?

Amerika qitəsində ən məşhur milli parklar aşağıdakı kimidir:

İquasu Milli Parkı (Argentina)
Argentina-Braziliya sərhəddində 550 kvadrat kilometr ərazisi ilə dünyanın ən möhtəşəm şəlalələrinə sahib olan İquasu Milli Parkında 2000-dən çox növ yaşayır. Parkdakı 275 şəlalədən ən böyüyünün "Şeytan Boğazı" adlanan eninin 150 metr, uzunluğunun isə 700 metr olduğu bildirilir.

Yosemite, Böyük Kanyon və Yellowstone (ABŞ)
ABŞ-da Yosemit, Böyük Kanyon və Yellowstone ölkənin görkəmli milli parkları arasındadır. Kaliforniya əyalətində 3081 kvadrat kilometr əraziyə malik Yosemite Milli Parkı təmiz gölləri, qranit qayalıqları, şəlalələri, şam meşələri və sekvoya ağacları ilə diqqət çəkir. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan park ayıları ilə məşhurdur.

Arizona ştatının sərhəddində yerləşən, Kolorado çayının 5,5 milyon illik hərəkəti nəticəsində yaranan Böyük Kanyonda sarı, qırmızı, narıncı, çəhrayı, qırmızı, vadilər, sıldırım yamaclar və qaya təbəqələri var. qəhvəyi və yaşıl rənglər. Kanyonun bəzi yerlərində dərinliyi 1600 metrə çatır.

Hind məskənlərinin məskəni olan kanyonda yaşayan heyvanlar arasında kaliforniya quşu, qaranquş, kolibri, qarğa, maral, qoyun, koyot, dağ aslanı, vaşaq, qara ayı və dələ var.

Aydaho, Montana və Vayominq ştatlarında yerləşən, dünyanın ilk milli parkı olan Yellowstone Milli Parkı 8987 kvadrat kilometr ərazidə inşa edilmişdir. 10 mindən çox isti su mənbəyi olan parkda 300-dən çox geyzer və 300-ə yaxın şəlalə var. Parkda xüsusilə Şimali Amerika qrizli ayısı, Amerika qara ayısı, bizon, sığın, antilop, koyot və vaşaq yaşayır.

İquaçu Milli Parkı (Braziliya)
Braziliyanın cənubunda təxminən 1700 kvadrat kilometr ərazidə qurulan İquaçu Milli Parkı Argentinadakı İquasu Milli Parkının qonşusudur. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş parkda yaquar, Amerikada yaşayan kiçik qara xallı vəhşi pişik, uzun gövdəli və uzun quyruqlu orta ölçülü tropik vəhşi pişik, Harpi qartalı, nəhəng su samuru da daxil olmaqla zəngin biomüxtəliflik var. Tapir, cücə cariyaku və nəhəng qarışqa yeyən heyvan növləri nəsli kəsilmək təhlükəsi altındadır.

Isla Bastimentos Milli Dəniz Parkı (Panama)
Bocas del Toro bölgəsində yerləşən Isla Bastimentos Milli Dəniz Parkı 132 kvadrat kilometr ərazini əhatə edir. Manqrovlarla örtülmüş qumlu adaları əhatə edən parkda 10 mindən çox bitki və heyvan növü, xüsusilə timsahlar, meymunlar və dəniz tısbağaları yaşayır.

Torres del Paine Milli Parkı (Çili)
Çili Pataqoniyasında 2420 kvadrat kilometr ərazidə qurulan Torres del Paine Milli Parkında 3000 metr hündürlüyündə buzlaqlar və fyordlar, eləcə də dağlar diqqət çəkir. Qranit qayalarla örtülmüş 3 dağ parkın simvoludur və “Qarğalar taxtı” kimi tanınır. Çoxlu göllərin, tundra və sərv ağaclarının olduğu parkda puma, kondor, guanako, And dağlarında yaşayan heyvan və boz Pataqon tülkü yaşayır.

Galapagos Milli Parkı (Ekvador)
Dünyanın ən maraqlı və unikal eko-sistemlərindən biri UNESCO-nun Ümumdünya İrs siyahısında olan Qalapaqos Milli Parkında görünür. Vulkanik arxipelaqın daxil olduğu parkdakı adaların 97 faizində yaşayış yoxdur.

Qalapaqosda eyniadlı tısbağa və pinqvinlərdən başqa çoxlu sayda heyvanlar, xüsusən də iquanalar, gannetlər və dəniz şirləri yaşayır. Bildirilir ki, Qalapaqos dünyada vəhşi heyvanların insandan qorxmadığı yeganə milli parkdır.

Bəs, ölkəmizdə hansı milli parklar var?

Qızılağac Milli Parkı​

Yaranma tarixi: 26 sentyabr 2018-ci il

Yerləşməsi: Lənkəran, Masallı və Neftçala rayonları

Sahəsi: 99 060 ha

Landşaft: Su-bataqlıq ərazisi, Xəzər dənizi sahili

Rast gəlinən bitki növləri: Xəzər şanagülləsi (Nelumbo caspica), ağ suzanbağı (Nymphaea alba), üçyarpaq oxyarpaq (Sagittaria trifolia), qamış (Phragmites australis), dəniz lığvəri (Bolboschoenus maritimus), ciyən (Typha angustifolia), ətirli yovşan (Artemisia fragrans), gəngiz (Salsola nudulosa), xəzər şahsevdisi (Halostachys caspica), xəzər sarıbaşı (Kalidium caspicum) və s.

Rast gəlinən heyvan növləri: adi turac (Francolinus francolinus), qamışlıq fərəsi (Porzana pusilla), kiçik ağ vağ (Egretta garzetta), çöl donuzu (Sus scrofa), canavar (Canis lupus) və s.

“Qırmızı Kitab”a daxil olan növlər: Qamışlıq pişiyi (Felis chaus), adi qızılqaz (Phoenicopterus roseus), ağqaş qaz (Anser erythropus), adi göydimdik (Oxyura leucocephala), mərməri ördək (Marmaronetta angustirostris), adi bəzgək (Tetrax tetrax), çöl leyi (Circus macrourus) və s.

Təbii, tarixi, mədəni yerlər: "Şeyx Zahid" türbəsi, tarix-diyarşünaslıq muzeyi, xalq sənətkarlığı şəhərciyi, "Xəlifə" türbəsi, "Dairəvi qala” (“Zindan”) memarlıq abidəsi, Mirəhməd Xanın evi, Lənkəran Mayakı, Bəlləbur qalası

Turistlərin nəzərinə: Milli parkda 4 növ az yayılan və 3 növ Qafqaz endemik bitkisi (yalnız Qafqaz regionunda rast gəlinən) – hibrid qovağı, sapvari bağayarpağı, Qrossgeym topgülü və bir növ Azərbaycan endemiki – buruncuqlu turp qeydə alınmışdır.

Göygöl Milli Parkı

Göygöl təbiətinin gözəlliyi sayəsində daima diqqəti cəlb etmiş və XX əsrin əvvəllərində - 1910-1912-ci illərdə ərazidə qoruq yaradılması məsələsi qaldırılmışdır. 1925-ci ildə Azərbaycan Respublikasının ərazisində ilk qoruq olan Göygöl Dövlət Təbiət Qoruğu yaradılmışdır. Sonralar qoruq ləğv edilmiş və ictimaiyyətin arzu və təkliflərinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli Qərarına əsasən yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 aprel 2008-ci il tarixli Sərəncamına əsasən Göygöl Dövlət Təbiət Qoruğunun və Azərbaycanın Xanlar (indiki Göygöl), Daşkəsən və Goranboy rayonlarının inzibati ərazilərində Göygöl Milli Parkı yaradılmışdır. Sahəsi 6 739 hektar olan Göygöl Dövlət Təbiət Qoruğu Milli Park statusu aldıqdan sonra, onun ərazisi artırılaraq, 12 755 hektara çatdırılmışdır.

Göygöl Milli Parkı zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin olub, 80-ə qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaqlı ağaclardan şərq fıstığı (Fagus orientalis), şərq palıdı (Quercus macranthera), Qafqaz vələsi (Carpinus caucasica), tozağacı (Betula pendula), adi göyrüş (Fraxinus excelsior), ağcaqayın (Acer campestre), cökə (Tilia cordata), iynəyarpaqlı ağaclardan isə Kox şamı (Pinus kochiana) təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi (Viola caucasica), alp dişəsi (Poa alpina), Steven zəncirotu (Taraxacum stevenii), zəngçiçəyi (Campanula sp.), çobanyastığı (Anthemis sp), şırımlı topal (Festuca rupicola), ağbığ (Nardus stricta), qırtıc (Poa bulbosa) və s. göstərmək olar. Bu növlər ən çox subalp çəmənliyində yayılmışdır.

Milli parkın ərazisinin 2000-ə qədər hündürlüyü əhatə etməsi, müxtəlif bitki formasiyalarının bir-birinə əvəz etməsi, ərazinin ümumi coğrafi mövqeyi burada heyvanlar aləminin də xeyli zənginliyinə şərait yaratmışdır.

Göygöl Milli Parkının ərazisində məməli heyvan növlərindən Qafqaz maralı 9cervus elaphus), Avropa cüyürü (Capreolus capreolus), qonur ayı (Ursus arctos), dağ keçisi (Capra aegagrus), porsuq (Meles meles), meşə pişiyi (Felis silvestris), vaşaq (Lynx lynx), daşlıq dələsi (Martes foina), gəlincik (Mustela erminea), adi kirpi (Erinaceus concolor), tülkü (Vulpes vulpes), Radde qonurdişi (Sorex raddei), xırda köstəbək (Talpa levantis), ağqarın ağdiş (Crocidura leucodon) və s., quş növlərindən bildirçin (Coturnix coturnix), meşə göyərçini (Columba oenas), adi qur-qur (Streptopelia turtur), meşə cüllütü (Gallinago gallinago), göl qağayısı (Chroicocephalus ridibundus), saqqallı quzugötürən (Gypaetus barbatus), qara kərkəs (Aegypius monachus), leşyeyən ağkərkəs (Neophron percnopterus), iri yapalaq (Bubo bubo), bayquş (Asio otus), fısıldayan qu quşu (Cygnus olor), qara ağacdələn (Dryocopus martius), sarıköynək (Oriolus oriolus), meşə turağayı (Lullula arborea), çil qaratoyuq (Turdus viscivorus) və s. yayılmışdır. Milli parkın ərazisində nadir növlər olan Qafqaz maralı (Cervus elaphus) qorunur.

Şirvan Milli Parkı

Yaranma tarixi: 5 iyul 2003-cü il

Yerləşməsi: Kür-Araz ovalığı (Qaradağ, Salyan və Neftçala rayonları)

Sahəsi: 54 374,5 ha

Landşaft: Yarımsəhra, çöl, düzən gölü, su-bataqlıq ərazisi, dəniz sahili

Rast gəlinən bitki növləri: iydə (Elaeagnus caspica), Xəzər sarıbaşı (Kalidium caspicum), Xəzər şahsevdisi (Halostachys caspica), ağacşəkilli çərən (Suaeda dendroides), ağacşəkilli gəngiz (Salsola dendroides), şoviç yovşanı (Artemisia szowitziana), budaqlı qışotu (Petrosimonia brachiata),ətirli yovşan (Artemisia fragrans) və s.

Rast gəlinən heyvan növləri: su-bataqlıq quşları (cüllütkimilər, qazkimilər, qızılqazlar), canavar, çaqqal, dovşan, ərəb dovşanı, ilanlar və s.

”Qırmızı kitab”a daxil olan növləri: ceyran, qamışlıq pişiyi, adi qızılqaz, bəzgək və s.

Şirvan Milli Parkının heterofaunasında 17 növ sürünən - Aralıq dənizi tısbağası, Xəzər tısbağası, bataqlıq tısbağası, Xəzər gekkonu, koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ, suilanı, zeytuni təlxə, qızılı təlxə, Qafqaz gürzəsi və s. qeydə alınmışdır.

Quşların miqrasiya yollarında yerləşən Şirvan Milli Parkında 230 növ quş qeydə alınmışdır. Miqrasiya zamanı və quşların qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləyən ördək və digər növləri toplantılar əmələ gətirir.

Böyük və Kiçik Çala (Qızılqaz) göllərində faunanın 60-65%-ni qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi qamışlıq fərəsi, kiçik qamışlıq fərəsi, cırtdan qamışlıq fərəsi təşkil edir.

Yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, imperator qartalı, ütəlgi qızılquş, şahin və s. növlərə az miqdarda rast gəlinir.

Məməli heyvanlardan Respublikamızda yayılmış demək olar ki, bütüm dəstələrin nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast gəlinir.

Həşəratyeyənlər dəstəsindən ağdöş və qulaqlı kirpilər, güldenştedt qonurdişi, yarasalar dəstəsindən itiqulaq, bığlı, cırtdan və Küli şəbpərələri, kiçik və böyük nalburunlar, ikirəng könlücə, dağ könlücəsi və s., gəmiricilər dəstəsindən ictimai çöl siçanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, Kiçik Asiya ərəbdovşanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, doşankimilərdən boz dovşan, yırtıcılardan canavar, çaqqal, tülkü, gəlincik, safsar, porsuq, qamışlıq pişiyi, çöl pişiyi, cütdırnaqlılardan çöl donuzu və ceyran məməlilər faunasının özəyini təşkil edir.

Hirkan Milli Parkı

Yaranma tarixi: 9 fevral 2004-ci il

Yerləşməsi: Talış dağları (Astara və Lənkəran rayonları)

Sahəsi: 40,358 ha

Landşaft: Meşə, dağ-meşə

Rast gəlinən bitki növləri: budaqlı danaya (Danae racemosa), hirkan bigəvəri (Ruscus hyrcanus), Pastuxod daşsarmaşığı (Hedera pastuchovii), Buasye armudu (Pyrus boissieriana), qanadmeyvə yalanqoz (Pterocarya pterocarpa), ürəkyarpaq qızılağac (Alnus subcordata), dəmirağac (Parrotia persica), şabalıdyarpaq palıd (Quercus castaneifolia), vələsyarpaq azatağacı (Zelkova carpinifolia), vələs (Carpinus orientalis), şərq fıstığı (Fagus orientalis) və s.

Rast gəlinən heyvan növləri: qara leylək (Ciconia nigra), hirkan arıquşu (Parus hyrcanus), qaratoyuq (Turdus torquata), sığırçın (Sturnus vulgaris), çöl muymulu (Falco naumanni), Talış qırqovulu (Phasianus colchicus talischensis), Türküstan qırğısı (Accipiter badius), çöl donuzu (Sus scrofa), porsuq (Meles meles), yenot (Procyon lotor), canavar, tülkü (Vulpes vulpes) və s.

Qırmızı kitaba daxil olan növlər: Hirkan şümşəsi (Ilex hyrcana), Hirkan qovağı (Populus hyrcana), Lənkəran gülxətmisi (Alcea lenkoranica), giləmeyvəli qaraçöhrə (Taxus baccata), Talış uzunbığı (Purpuricenus talyshensis), Talış məxməri kəpənəyi (Lasiommata adrastoides), qara leylək (Ciconia nigra), cırtdan qartal (Hieraaetus pennatus), tirəndaz (Hystrix indica), Ön Asiya bəbiri (Panthera pardus saxicolor), qonur ayı (Ursus arctos), vaşaq (Lynx lynx), zolaqlı kaftar (Hyaena hyaena) və s.

Ağgöl Milli Parkı

Yaranma tarixi: 5 iyul 2003-cü il

Yerləşməsi: Kür-Araz ovalığı (Ağcabədi və Beyləqan rayonları)

Sahəsi: 17 924 ha

Landşaft: Yarımsəhra, düzən gölü, su-bataqlıq ərazisi

Rast gəlinən bitki növləri: yovşan, qaraşoran (Halocnemum strobilaceum), Xəzər şahsevdisi (Halostachys caspica), Xəzər sarıbaşı (kalidium caspicum)və s.

Rast gəlinən heyvan növləri: adi turac (Francolinus francolinus), ağquyruq çökükburun (Chettusia leucurus), haçaquyruq cüllüt (Glareola pratincola), bəzgək (Tetrax tetrax), mərməri ördək (Marmaronetta angustirostris), ağgöz dalğıc (Aythua nyroca), adi göydimdik (Oxyura leucocephala), ağqaş qaz (Anser erythropus), kiçik qarabatdaq (Microcarbo pygmaeus), çöl donuzu (Sus scrofa), canavar (Canis lupus), gürzə (Vipera sp.) və s.

“Qırmızı Kitab”a daxil olan növlər: Qamışlıq pişiyi (Felis chaus), ceyran (Gazella subgutturosa), ağqaş qaz (Anser erythropus), adi göydimdik (Oxyura leucocephala), mərməri ördək (Marmaronetta angustirostris).

Altıağac Milli Parkı

Yaranma tarixi: 31 avqust 2004-ci il

Yerləşməsi: Böyük Qafqazın ətəkləri (Xızı rayonu)

Sahəsi: 11 035 ha

Landşaft: Dağ meşəsi, dağ çəmənlikləri, yarımsəhra, meşə çöl

Rast gəlinən bitki növləri: qafqaz vələsi (Carpinus caucasica), göyrüş (Fraxinus excelsior), Şərq fıstığı (Fagus orientalis), əzgil (Mespilus germanica), zirinc (Berberis vulgaris), yemişan (Crataegus pentagyna) və s.

Rast gəlinən heyvan növləri: boz canavar (Canis lupus), çöl donuzu (Sus scrofa), bildirçin (Coturnix coturnix), Amerika yenotu (Procyon lotor), boz dovşan (Lepus europaeus), tülkü (Vulpes vulpes), meşə dələsi (Martes mastes), qaratoyuq (Turdus torquatus), alabaxta (Columba palumbus), kəklik (Alectoris chukar) və s.

“Qırmızı kitab”a daxil olan növlər: Qonur ayı (Ursus arctos), vaşaq (Lynx lynx), Avropa cüyürü (Capreolus capreolus), saqqallı quzugötürən (Gypaetus barbatus), qara çalağan (Milvus migrans), kəskiniyli ardıc (Juniperus foetidissima), Qafqaz bənövşəsi (Viola caucasica), itikənarlı süsən (Iris acutiloba) və s.

Abşeron Milli Parkı

Yaranma tarixi: 8 fevral 2005-ci il

Yerləşməsi: Abşeron yarımadası

Sahəsi: 783 ha

Landşaft: Dəniz sahili, su-bataqlıq ərazisi, yarımsəhra

Rast gəlinən bitki növləri: Yovşan, ot sarmaşığı, yabanı kök, adi qamış, iti cığ və s.

Rast gəlinən heyvan növləri: adi qızılqaz (Phoenicopterus roseus), bizquyruq ördək (Anas acuta), kiçik qarabatdaq (Microcarbo pygmaeus), boz canavar (Canis lupus), çaqqal (Canis aureus), Aralıq dənizi tısbağası (Testudo graeca), Xəzər tısbağası (Mauremys caspica), su ilanı (Natrix tessellata) və s.

“Qırmızı Kitab”a daxil olan növlər: Xəzər suitisi (Phoca caspica), ceyran (Gazella subgutturosa), sultan quşu (Porphyrio porphyrio), ağgöz dalğıc (Aythya nyroca), fısıldayan qu quşu (Cygnus olor), adi qızılqaz (Phoenicopterus roseus), kürən vağ (Ardea purpurea), qıvrımlələk qutan (Pelecanus crispus) və s.

Şahdağ Milli Parkı

Yaranma tarixi: 8 dekabr 2006-cı il

Yerləşməsi: Böyük Qafqaz (Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonları)

Sahəsi: 130 508, 1 ha

Landşaft: Dağ meşəsi, alp çəmənlikləri, qayalıqlar

Rast gəlinən bitki növləri: Şərq palıdı (Quercus macranthera), Qafqaz vələsi (Carpinus caucasica), Şərq fıstığı (Fagus orientalis), göyrüş (Fraxinus excelsior), qaraçöhrə (Taxus baccata), ağcaqayın (Acer campestre), söyüd, yunan qozu (Juglans regia), gilas, alma (Malus orientalis), armud, əzgil (Mespilus germanica), yemişan (Crataegus sp.), böyürtkan (Rubus buschii), itburnu (Rosa canina), zirinc (Berberis vulgaris) və s.

Rast gəlinən heyvan növlər: Şərqi Qafqaz turu, çöl donuzu, çaqqal, dovşan, dələ, canavar, tülkü, yenot, gəlincik, porsuq, alabaxta, bildirçin və s.

“Qırmızı kitab”a daxil olan növlər: Qonur ayı, nəcib maral, Avropa cüyürü,Qafqaz köpgəri, vaşaq, bərqud qartal, imperator qartalı, Qafqaz tetrası, Qafqaz uları və s.

Son zamanlar bölgələrdə bəzi bulaqlara girişin ödənişli olması ilə bağlı məlumatlar var. Belə ki, ötən gün Qazaxda Damcılı bulağa giriş üçün adam başına 2 AZN ödəniş tələb ediblər. Əgər vəziyyət belədirsə, bunlar hansı bulaqlardır? Belə bir qanun var, yoxsa özbaşına ödəniş tələb edilir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Damcılı bulağı təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii ovucda yığılaraq bulaq olur.

Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb. Bura Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Yay mövsümündə Qazax əhalisi sərinləmək üçün buraya üz tutur. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov: "Qanunvericiliyimizdə heç bir su obyekti özəlləşdirilə bilməz. Çünki bunlar Azərbaycan Respublikasının ərazisindədir və ictimai yer hesab olunur.

İctimai yer o deməkdir ki, Azərbaycan Respublikasının vətəndaşları və ölkəmizdə olan turistlər həmin yerlərə heç bir ödəniş etmədən daxil ola bilərlər. Lakin burada bir şərti unutmayaq ki, Azərbaycanın milli parklarına və milli parkların ərazisində olan su obyektlərinə (bulaqlara, şəlalələrə və s.) getmək üçün 2 AZN ödənilməlidir. Bu, o anlama gəlmir ki, biz hansısa bulağı, yaxud şəlaləni görmək üçün ödəniş edirik. Bu, Milli Parka giriş haqqıdır. Giriş haqqını ödədikdən sonra parkın ərazisində 100 bulaq varsa, onun 100-ündən də faydalana bilərik.

Məsələn, Qazaxdakı Damcılı bulaqda belə bir qadağanın qoyulması qanunsuzdur. Dəfələrlə mən də şahidi olmuşam ki, hansısa su obyektinin ətrafını hasarlayıbıar. Ümumiyyətlə, bu çəpərləmə prosesi istər dəniz sahilində, istərsə də gəzməli-görməli yerlərimiz üçün olsun ölkəmizdə böyük problemdir".

Vəkil Turan Abdullazadə: "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.7-ci maddəsinə əsasən, sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur.

Qanunvericiliyin müddəalarından görünür ki, bulaqlar dövlətin mülkiyyətindədir. Dövlətdən başqa heç kəs həmin əraziyə bu və ya digər formada müdaxilə edə bilməz.
Həmin ərazilər heç kim tərəfindən özəlləşdirilə və hasarlana bilməz, habelə ora giriş-çıxış heç kim tərəfindən məhdudlaşdırıla bilməz.

2003-cü il yanvarın 13-də Heydər Əliyevin “Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” imzaladığı sərəncamla bu problemə münasibət bildirilib: “Burada birmənalı göstəriş var ki, dəniz kənarından 130 metr məsafədə olan bütün tikililər qanunsuzdur və məhkəmə, yaxud da inzibati qaydada sökülməlidir.

Hesab edirəm ki, bu məsələ bulaqlara da aiddir. Heç kim, heç bir özəl qurum və ya təşkilat Azərbaycanın təbii irsini mənimsəyə, həmin ərazidə monopoliya yaradaraq qanunsuz pul tələb edə bilməz.

Əgər hər hansı bir təbiət guşəsinə giriş pulludursa, bu mütləq qanunla tənzimlənməli və müvafiq dövlət orqanının qəbul etdiyi qeyd olunan məsələni tənzimləyən qərarları olmalıdır.

Buradan da belə nəticəyə gəlmək olar ki, müvafiq dövlət orqanının rəsmi icazəsi olmadan bulaqlara giriş zamanı ödənişin tələb olunması tam qanunsuzdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə