İslamda evlilik və boşanma qaydaları necədir? - ARAŞDIRMA

Evlilik kişi ilə qadın arasında nikah yolu ilə qurulan birliyə deyilir. İslam dini də müsəlmanların ailə qurmasına böyük əhəmiyyət verir.

İslam dini bir tərəfdən zinaya qarşı sərt tədbirlər görərkən, digər tərəfdən müxtəlif ayə və hədislərlə ailənin qurulmasını təşviq edərək ailənin bu funksiyasını asanlaşdırmağa yönəlmişdir.

İslam alimlərinin əsərlərində nikahın məqsədi, yaranması, fəaliyyət göstərməsi, nəticələri və xitamından geniş bəhs edilmişdir.

Nikah daimi birlik əsasında qurulur. Bunu təmin etmək üçün ailə qurmaq istəyən qız və kişinin bir-birini tanıması üçün məxfilik qaydaları çərçivəsində görüşmək və danışmaq, nişanlanma, ər-arvad arasında bərabərlik, ailə böyüklərinin təcrübəsindən yararlanma kimi tədbirlər nəzərdə tutulur.

Qanla, südlə və qohum-əqrəba ilə nikahı müəyyən dərəcədə haram etməklə ekzoqamiya qaydasına əsaslanan İslam dinində qadınların yalnız müsəlman kişilərlə, kişilərin isə yalnız yəhudi və xristianlarla evlənməsinə icazə verilir.

İslamda bir qadınla nikah vacib olsa da, ər-arvad arasında fərdi və ictimai öhdəliklərdən asılı olaraq ədaləti təmin etmək şərti ilə eyni vaxtda dörd qadına qədər evlənməyə icazə verilir.

Quran kişilərə qadınlarla yaxşı münasibət qurmağı tövsiyə edir. Əgər ər-arvad arasında yaşamaq imkanı yoxdursa, İslamda yaxşı şəkildə ayrılığa icazə verilir.

İslam şəriətində boşanma hüququ əsasən ərə verilir. Evlilik zamanı ər qadına istədiyi vaxt boşanma haqqı verə bilər. Bu hüquq sonradan qadınlara da verilə bilər.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: "İslamda hər bir adamın evlənmək və boşanmaq hüququ var. İslam qanunları insana evlənmək hüququ bəxş edir. Əgər şəxsin evlənməsində hər hansı bir problem olarsa, o zaman ailənin boşanması baş verə bilər. Lakin İslam dinində boşanma bəyənilməyən bir addımdır. Peyğəmbər(s.ə.s) hədis var ki, boşanmanın icra edildiyi zaman Allahın mələkləri belə ağlayar. Dinimiz çalışır ki, insan ailəsini möhkəm saxlasın və onu qorusun. Tərəflər ailəni möhkəmləndirmək üçün əlindən gələni etməməlidirlər.

İslamda həddi-büluğ və evlənmək məsələsini qarışdıranlar var. Məsələn, qız uşaqları 9, oğlan uşaqları isə 15 yaşından həddi-büluğ olurlar. Həddi-büluğ yaş həddi olma o demək deyil ki, insan bu yaşdan sonra mütləq evlənməlidir. Xeyr, bu belə deyil. İnsan o zaman evlənə bilər ki, o ailə məsuluyyətini dərk edir və bunu qoruya bilir. Onlar başa düşməlidir ki, ailə qurduqdan sonra övladları olacaq, övladlarını haqlarını qoruyacaqlar və maddi-mənəvi olaraq onları təmin etməlidirlər. Bu məsuliyyəti dərk etmək lazımdır. Bu məsuliyyəti dərk edən insan evlənmək hüququna sahibdir.

Ailənin maddi-mənəvi ehtiyacları kişi tərəfindən ödənilməlidir. Bunlar ən sadə qanunlardır ki, hər bir ailə quran insan bunları bilməlidir.

Boşanma məsələsi də İslam qanunları ilə tənzimlənir. Şərtlər pozularsa, bu qanunlar pozulan zaman tərəflər boşanma iddiası edə bilərlər. İslamda bunlar var. Bunlar da təbii ki, dövlətimizin qanunları ilə tənzimlənir. Amma İslam ölkələrində bunlar şəriət qanunları ilə tənzimlənir.

Gənclərə Allahdan gözəl ailə səadəti və xoşbəxtlik diləyirik. Dua edirəm ki, Allah ailələrə boşanmalar nəsib etməsin, ailələr möhkəm olsun".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə