Xalq artisti Brilliant Dadaşova konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, iki hissəli konsertdə xalq artisti "Azərbaycanım", "Xalqımın günləri", "Novruzum", "Ay qız kimin qızısan", "Güldür məni" kimi sevilən mahnılarını ifa edib.

Konsert proqramı Novruz bayramı günlərində nümayiş ediləcək. Konsertin birinci hissəsi "Aləm gözəl", ikinci hissəsi isə "Xalqımın günləri" adlanır. Konsertin quruluşçu rejissoru Etibar Babayev, rejissoru Elnur Məmmədovdur.

Konsertin redaktoru Vidadi Hüseynovun sözlərinə görə, Azərbaycan televiziyası bununla 2007-ci ildən başlayaraq altıncı dəfədir ki, Brilliant Dadaşovanın solo televiziya konsertini çəkir: "Çəkilişləri Azərbaycan televiziyasının texniki cəhətdən son avadanlıqlarla yenidən qurulmuş "Qarabağ" studiyasında çəkdik. Bu, televiziyamızın ən böyük studiyasıdır. Brilliant xanımın konserti üçün studiyamızda maraqlı dekorasiya edilmişdi. Qırmızı royal, qırmızı stullar, qırmızı kiçik şamlar studiyamızı bəzəmişdi. 1 saatlıq konsertdə 270 xırda şam yandırıldı. Üç böyük ekranda isə mahnılara uyğun kadrlar yer almışdı. Brilliant xanım ifası ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadacaq. Dekorasiyalarımız isə göz oxşayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə