Azərbaycanı heç kim, heç bir amil öz yolundan çəkindirə bilməz ŞƏRH

Bildiyimiz kimi, prezident İlham Əliyevin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Dövlət başçısı həm rayonlarda görülən işlərlə, mövcud vəziyyətlə şəxsən tanış olur, eyni zamanda, əlavə göstərişlər verir, əhaliylə görüşür, onların qayğıları ilə maraqlanır. Məlum olduğu kimi, prezident İlham Əliyev cari ilin 12 avqust tarixində növbəti səfərini Ağsu və İsmayıllı rayonlarına etmişdir. Səfər çərçivəsində dövlət başçısı Azərbaycan Televiziyasına müsahibə vermişdir. Cənab İlham Əliyev müsahibəsində olduqca mühüm məqamlara, aktual, xüsusi önəm daşıyan məsələlərə toxunmuş, eyni zamanda, önəmli mesajlar vermişdir. Prezident İlham Əliyev müsahibəsində hər iki rayonda böyük infrastruktur layihələrinin icra edildiyindən, işğaldan azad edilmiş ərazilərdə görülən bərpa- quruculuq işlərindən bəhs etmişdir. Dövlət başçısı, həmçinin düşmənə ciddi xəbərdarlıq edərək qeyd etdi ki, “Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri icra etməli, təxribatlardan əl çəkməlidir. Əgər düşmən tərəfdən yenə də, təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər”.

Prezident cənab İlham Əliyev müsahibəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından bəhs edərək sülh gündəliyinin mahiyyətini diqqətə çatdırdi və qeyd etdi ki, “Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var. Bu, bizim daxili işimizdir. Danışıqlar masasında hər hansı bir statusdan söhbət getmədiyini vurğulayan Dövlət başçısı bildirdi ki, söhbət Qarabağda yaşayan ermənilərin hüquqlarından və təhlükəsizlikdən gedir. Cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağda yaşayacaq olan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Məlum müsahibəsində də dövlət başçısı açıq şəkildə bir daha bəyan etdi “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə”.

Prezident İlham Əliyevin toxunduğu vacib məsələlərdən biri də Azərbaycanın hər zaman olduğu kimi, səmimi, bütün beynəlxalq qanunlar çərçivəsində öz işini gördüyünü, Ermənistanın isə fitnəkar münasibəti oldu. Burada söhbət sülh danışıqlarına yanaşmadan, Azərbaycanın öhdəliklərinə sadiqliyindən, Ermənistanın isə təxribatlarından gedir. Dövlət başçısı qeyd etdi ki, ”Ermənistanın gələcəkdə mövcüd vəziyyətlə, yaranmış yeni reallqlarla barışması labüddür. Çünkü başqa yolları yoxdur”. Beləliklə, dövlət başçısının Azərbaycan Televiziyasına müsahibəsindən aydın oldu ki, Azərbaycan əmin addımlarla irəliləyir, öz yolundadır və müəyyən olunmuş strateji hədəflərini həyata keçiririk. Cənab İlham Əliyevin sayəsində güclü, qüdrətli dövlətə çevrilmiş qalib Azərbaycanı heç kim, heç bir amil öz yolundan çəkindirə bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə