Qarabağın incisi "Muğam" Televiziya Müsabiqəsinə şahidlik etdi TƏHLİL

"...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir". Ulu Öndər Heydər Əliyevin söylədiyi bu fikirlər Azərbaycanın incisi Şuşamıza verilən böyük dəyər, qiymətdir. Qədim torpağımız olan Şuşa 28 ilə yaxın işğal altında olduğu illərdə hər bir insanın qəlbi bu əzəmətli şəhərlə döyünürdü. Əlbəttə ki, işğal altında olan torpaqlarımızın azad olunması, açılan bir səhərdə bu məkanlara yol almağımızı hamı müqəddəs arzu olaraq ürəyində gəzdirirdi. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" cümlələrini heç kəs yaddaşından tarixi gün kimi silə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciətində dediyi bu xoş xəbər Azərbaycanın qalib xalq olaraq tarixinə əbədi yazıldı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşmaları daxildən gələn bir sevincin izharı idi, ürəklərdə yuva salmış bir nisgilin, qubarın sanki dağıdılması idi. 44 günlük müharibədə qələbə qazanmış Azərbaycan xalqı 30 ilə yaxın işğaldan olan torpaqların əzəli sakinləri illərdir ki, yuxularında gördükləri dədə-baba torpaqlarına ayaq basacaqlar. Bundan gözəl nə ola bilərdi? Bu gün o yerlərə ayaq basırıq. Əziz Şuşamıza yol gedirik. Ziyarət üçün, toy-büsat qurmaq üçün, əziz bayramlarımızı qeyd etmək üçün… Beynəlxalq tədbirləri keçirmək üçün dünya ölkələrinin nümayəndələrini bu əzəli torpağımıza dəvət edirik. Şuşa bu gün başqa bir ab-havadadır. Bir tərəfdən abadlıq quruculuq işləri, Azərbaycan Prezidenti İlham Əliyevin səfərləri, qoyulan təməllər, icrasına başlanılan layihələr, digər tərəfdən isə müxtəlif məzmunlu tədbirlərin təşkili. Bütün bu tədbirlər içərisində mədəniyyət tədbirlərinin təşkili də böyük rezonans doğurub. Xarıbülbül Beynəlxalq musiqi Festivalı, Vaqif Poeziya günləri… Hər birinin öz tarixi var. İlk festivallar, poeziya günləri. İllərdir ki, ölkəmizdə keçirilən "Muğam" Televiziya Müsabiqəsini sorağını bu diyardan eşidiləcəyinə hər zaman arzu olaraq qeyd edirdik. Artıq həyatımızda çox arzularımızın həyata keçirilməsinə nail olmuşuq. "Muğam" Televiziya Müsabiqəsin final müsabiqəsinin Şuşada keçirilməsi, böyük tətənəyə çevrildi. Avqustun 5-də Şuşada Bülbülün ev-muzeyinin həyətində təşkil olunan VIII "Muğam" Televiziya Müsabiqəsinin final mərhələsi torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilib. Bu gün muğamın sədalarının Şuşamızda eşidilməsi və onun dağına-daşına yayılması buradan bütün dünyaya bir ismarıcdır. Biz qayıtmışıq. Şuşamızda muğamımız səslənir. İllərdir ki, həsrətlə yolumuzu gözləyən Şuşamızda milli musiqimiz səslənir. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir. Muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir. Muğam - Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları - dəstgah, muğam və zərbi-muğamdır. Muğam ifaçılığının yayılmasında və onun professional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynamışdır. Onlardan ən məşhuru Şuşada "Məclisi-Fəramuşan", "Məclisi-Üns"idi. Bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqinin və şeirin incə ifası ətrafında müzakirələr aparırdılar. Məclislər özlüyündən XIX yüzil - XX yüzilin əvvəlində Azərbaycan musiqiçilərinin professional baxımdan, kamilləşmələrində güclü stimul rolunu oynamışdı. Müasir dövrümüzdə özünün yeni bir inkişaf dövrünü yaşayan Azərbaycan muğamı dövlət tərəfindən qorunur və təbliğ edilir. Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə xüsusi önəm verilir. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd etməliyik. "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunu nəfis şəkildə nəşr etmişdir. Albomda 24 virtuoz muğam ifaçısının səsləndirdiyi muğam parçaları qədim və zəngin mədəniyyətimiz barədə dinləyicilərdə geniş təsəvvür yaradır. Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Regionlarda da Muğam Mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa olunmuşdur. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr və beynəlxalq festivallar təşkil edilərək həyata keçirilir. İlk olaraq Fondun birbaşa dəstəyi ilə keçirilən və Azərbaycan muğam sənətinin inkişafına və təbliğinə böyük töhfələr verən muğam müsabiqələrini və beynəlxalq festivalları qeyd etmək lazımdır. 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən keçirilən muğam müsabiqəsi Azərbaycan tamaşaçıları ilə yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən də razılıqla qarşılandı. Qədim muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə hər il ardıcıl olaraq muğam müsabiqəsi keçirilir. Təsadüfi deyil ki, Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri də milli-mənəvi dəyərlərimizin, o cümlədən, muğamlarımızın qorunması və təbliği ilə bağlıdır.

BU TORPAQ BASILMAZDIR, BİZ ONUN QUCAĞINA YENƏ DƏ GƏLDİK VƏ YENƏ DƏ GƏLƏCƏYİK

Bu gün Şuşamızda VIII "Muğam" Televiziya Müsabiqəsinin final mərhələsi keçirildi. Xan Şuşinskinin ifasında səslənən "Şuşanın dağları" mahnısının lent yazısı musiqi bayramına xüsusi rəng qatıb. Axı, vaxtilə Şuşa bu səsə qulaq kəsmişdi, onu heyranlıqla dinləmişdir. Bu gün Böyük muğam sənətinin Xanının xanəndəlik məktəbinin yetirmələri yenidən Şuşanın qoynunda "Qarabağ" mahnısını səsləndiriblər. Dünya nə qədər zalımları öz qoynunda yaşatsa da, bir gün verəcəyi dərsi ilə qüdrətini onlara göstərəcəkdir. Çünki bu İlahinin qüdrətidir. Müsabiqəyə Xalq artistləri Arif Babayev, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi münsiflik edib. "Şuşa Azərbaycan mədəniyyətinə böyük dühalar, musiqi xiridarları bəxş edib. Bu torpaq basılmazdır, biz onun qucağına yenə də gəldik və yenə də gələcəyik. Çox şükür ki, Qarabağ torpağının üstündəyik, Şuşadayıq, alınmaz bir qaladayıq. Biz burda daim yaşayıb-yaradacağıq", -deyə bildirən Xalq artisti Arif Babayev Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib: "Mehriban xanım bəlkə də dünyanın xeyirxah xanımları arasında birincidir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük işlər görüb və onlardan biri də məhz muğam müsabiqəsidir. Bu, çox böyük işdir və inanırıq ki, muğamımız, muğamatımız etibarlı əllərdədir və həmişə yaşayacaq".

Əlbəttə ki, Heydər Əliyev Fondu təşəbbüsü ilə keçirilən müsabiqə istedadlı musiqiçilər nəslinin yetişməsində önəmli rol oynayır. Bu gün Şuşada keçirilən tədbir istedadlı gənclərimizin yaddaşında xüsusi bir səhifə açacaqdır. Şuşa kimi əzəmətli, böyük musiqiçilər beşiyi olan məkandan sənət numunələrini sərgiləmək böyük bir xoşbəxtlikdir. Bu onlara nəsib oldu. Şuşa bulağından su içəcək yeni bir nəsil yetişəcəkdir. O zaman yenidən böyük sənətkaralarımız orada ustad dərsləri keçəcəkdəir. Şuşadan ucaldılan yeni səslər sanki Şuşanı ağuşuna alıb, ecazkar qüvvəsini dünyaya bəyan edəcəkdir. Vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamına əsasən, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilib. Prezident Cənab İlham Əliyevin vurğuladığı kimi, "Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...