Azərbaycanın nüfuzu Qoşulmama Hərəkatında da özünü göstərir ŞƏRH

Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Qoşulmama Hərəkatı soyuq müharibə dövründə bir sıra dövlətlərin iki siyasi – qütb arasında qarşıdurmaya cəlb edilməməsi üçün təsis olunub. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir.

Təşkilata üzv olan hər bir dövlət təşkilatın əsas prinsipləri sayılan “Bandunq prinsipləri”ni əsas götürməlidir. Təşkilata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilib.

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunan sonuncu ölkələrdən biridir. 2019-cu il oktyabr ayının 25-də ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII zirvə görüşü keçirildi. Həmin zirvə toplantısında 120 ölkənin yekdil dəstəyilə 2019 – 2022 illər ərzində Hərəkata sədrlik Azərbaycana keçdi. Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi yenədə 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin sonuna qədər uzadıldı. Bu da bir daha onu sübut edir ki, ölkəmiz Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə həmişə sadiqdir. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə və heç bir hərbi bloka qoşulmamaq üzrə xarici siyasət kursu həyata keçirir. Məhz, Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində təsisatın üzvü olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə təşkilata sədrliyi dəstəkləndi.

30 iyun 2022-ci il tarixdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransı keçirildi. Növbəti ay isə ölkə paytaxdında digər önəmli bir tədbir Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilməsi nəzərdə tutulur. Konfransda çıxış edən ölkə başçısı qeyd etdi ki; Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Biz Bandunq prinsipləri ilə təmamilə razıyıq və bu prinsipləri ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir – birinin işinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.

Bəli, dünyada ən böyük ədalətsizliklə üzləşən ölkələrdən biri də Azərbaycandır. Ermənistan tərəfindən ərazisinin 20 faizinin işğal edilməsi, bir milyon azərbaycanlının öz dədə - baba yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi və bu işğalın 30 il davam etməsi, dünyanın gözü qarşısında baş verən ən böyük ədalətsizlik idi. Bu ədalətsizliyə və işğala beynəlxalq ictimaiyyət tərəfindən son qoyulacağını təqribən 30 il gözləyən Azərbaycan 44 gün ərzində bu münaqişəyə özü son qoydu, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra edərək, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Hətta 1992-ci ildə bu məqsədlə təsis edilən ATƏT-in Minsk qurupu da bu münaqişənin həlli yolunu tapa bilmədi, işğala son qoymaq əvəzinə mənfur düşmənlərin havadarlarının əlində bir alətə çevrildi. Təəssüflər olsun ki, bu gün Ermənistan və onun havadarları Minsk qrupunun yenidən fəaliyyətinin bərpasına çalışırlar, lakin niyyəti münaqişəni dondurmaq və torpaqlrımızı əbədi olaraq işğal altında saxlamaqdan ibarət olan bu quruma Azərbaycan artıq əlvida deyib. Odur ki, bundan sonra Minsk qrupuna daha ehtiyac yoxdur.

44 gün davam edən Vətən müharibəsində Ermənistanı kapitulyasiya aktını imzalamağa və döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edən, Azərbaycan siyasi müdriklik göstərərək ikili standartlara, iyrənc siyasətə son qoydu.

Əfsuslar olsun ki, bu işğalçılıq siyasətinə görə Ermənistana sanksiyalar belə tətbiq olunmadı, əksinə digər ermənipərəst qüvvələrdən hətta dəstək də aldı. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunduğu halda, Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul edilmiş 4 qətnamə 28 il ərzində kağız üzərində qadlı ki, bu da BMT və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması zərurətini ortaya qoydu.

Çıxışı zamanı Qoşulmama Hərəkatının bir çox üzvünün də oxşar problemlərlə qarşılaşdığını bildirən Möhtərəm Prezidentimiz bu məqsədlə bütün səyləri səfərbər etməyin, həmrəliyin gücləndirməyin və vahid mövqedən çıxış etməyin vacibliyini ön planna çəkdi. Üzv ölkələrin problemlərinin həlli, maraqlarının müdafiəsi baxımından Qoşulmama Hərəkatının beynəlxalq arenada fəal platforma rolunu oynaya biləcəyinə və gələcəkdə təsisatın təşkilata çevrilməsi məqsədilə hərəkata üzv ölkələrin bu baxımdan öz dəstək və töhfələrini verəcəklərinə əminliyini bildirdi.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə