"Səfər Rusiyanın Cənubi Qafqaz siyasətində təşviqedici amil ola bilər" - POLİTOLOQ AÇIQLADI

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri mahiyyət etibarilə əsasən regionda baş verən hadisələrə yeni aktorların cəlb olunmasına münasibətdə Rusiyanın narahatlığının aydın ifadəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, bu proses davam edən Rusiya-Ukrayna müharibəsi ilə paralel olaraq Rusiyanın əsas regional maraqlarına birbaşa təhdid kimi qiymətləndirilir: "Ona görə də, Rusiya region dövlətləri, xüsusilə də, Azərbaycan ilə danışıqların davam etdirilməsi yolu ilə proseslərdən tamamilə kənarda qalmamağa çalışır. Təbii ki, gündəlikdə dayanan ən vacib məsələ Ermənistanla danışıqlarda real nəticənin əldə olunması və regionda sülh quruculuğu prosesinin sürətləndirilməsidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda isə Lavrovun səfəri Azərbaycan Respublikasının maraqlarının təmin olunmadığı istənilən platformanın uğursuz olacağı və adekvat şəkildə birbaşa olaraq Rusiyanın maraqlarına əks təsirlərinin istisna edilmədiyi reallığının artıq rəsmi Moskva tərəfindən də qəbul olunduğunun təzahürüdür. Nəticə etibarilə növbəti mərhələdə Rusiyanın regionda sülh quruculuğu prosesində daha aktiv iştirakçıya çevrilməsi ehtimalı yüksəkdir. Ona görə də, bu səfər ümumilikdə Rusiyanın Cənubi Qafqaz siyasətində əsaslı dəyişikliklər üçün təşviqedici amil ola bilər".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...