"Bu, Şərqi Zəngəzurun inkişafı üçün açar rolunu oynayacaq" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Zəngəzura səfəri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtmasının təşkili baxımından olduqca vacib əhəmiyyətli bir səfər kimi yadda qaldı". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 il sürən işğaldan sonra öz torpaqlarını azad edib: "Hazırda ən ümdə milli vəzifəmiz azad olunmuş torpaqlarımıza həyatı, insanlarımızı qaytarmaqdır. Ancaq bunun üçün bir necə vacib məsələ öncədən həll edilməlidir. Birincisi sərhədlərimizdə və bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik təmin edilməlidir. Azərbaycan Ordusu və digər müvafiq qurumlarımız bu işin öhdəsindən layiqincə gəlirlər. Bildiyimiz kimi Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Mərasimdə çıxışı zamanı məhz təhlükəsizlik məsələlərini önə çəkərək bildirdi ki, bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır, Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır.

İkinci vacib məsələ erməni barbarları tərəfindən dağıdılan kənd və şəhərlərimizin yenidən qurulmasıdır ki, hazırda bu prosesin ilkin mərhələsindəyik. Yəni bunun üçün ilk növbədə yol nəqliyyat infrastrukturu da daxil olmaqla enerji və digər bütün kommunikasiyaların yaradılması vacibdir. Eyni zamanda yurd yerlərinə qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi də əsas prioritetlərdən biridir. Ona görə də Azərbaycan Prezidenti Laçın və Kəlbəcərdə bir neçə su elektrik stansiyalarının təməlini qoydu, Kəlbəcərdə "İstisu" sanatoriyasının və "İstisu" mineral su zavodunun tikinti işlərinə start verdi. Tikilməkdə olan körpü və yolların tikinti işləri ilə tanış oldu. Eyni zamanda Laçında beynəlxalq hava limanının və Həkəri çay su anbarının tikinti işlərinin gedişi ilə maraqlandı. Bütün bu layihələrin icra edilməsinin hər biri özlüyündə ayrıca mühüm hadisədir və Şərqi Zəngəzurun inkişafı üçün açar rolunu oynayacaq. Ancaq məsələnin həm də mühüm mənəvi tərəfi də var. Biz böyük coşqu ilə uzun illər işğal altında qalan, adlarını tələffüz etdiyimiz zaman kədərə boğulduğumuz Vətən torpaqlarına qayıdırıq. Bu əsl milli qurur hadisəsidir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə